Həyat yoldaşını zorlamaqda, bədən xəsarəti yetirməkdə, tanış olduğu qadını isə oğurlayaraq girov saxlamaqda ittiham olunan Türkmənistan vətəndaşı, 1984-cü il təvəllüdlü Qabil Bayramovun məhkəməsi başa çatıb.
Qabil Bayramov Türkmənistanın Mari vilayətində anadan olub. O, orta məktəbi bitirdikdən sonra işləmək məqsədilə Azərbaycana gəlib və Sumqayıt şəhərində məskunlaşıb. Sumqayıt şəhərində yaşadığı müddətdə Samirə Quliyeva ilə qeyri-rəsmi münasibətdə yaşamağa başlayıb.
Gecə yarısı zorakılıq
Teleqraf.com xəbər verir ki, Qabil Bayramov 2015-ci il yanvarın 27-də, gecə saat 02 radələrində yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdə sevgilisi Samirə Quliyevaya (ad və soy ad şərti verilib) qarşı əxlaqsız hərəkətlər edib.
Qabil Bayramov həmin vaxt Samirə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Amma Samirə ərinin bu istəyi ilə razılaşmayıb. Bu zaman Qabil həyat yoldaşının istəyi olmadan zorla onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Qısqanclıq
Qabil növbəti gün həyat yoldaşına qarşı zorakılıq göstərib. O, Samirənin başqa kişi ilə telefonla danışdığını iddia edib, ona yumruq və təpiklə zərbələr vurub. Bu zaman Samirə bədən xəsarəti alıb.
Kafedə işləyən qadını girov götürdü
Həmin ilin fevralın 7-də, saat 20 radələrində Qabil Bayramov tanışı Arzu Bayramovanın işlədiyi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinə gəlib. Həmin vaxt orada Arzunun Vüqar adlı tanışına olan pul borcunu həll etmək üçün İnşaatçilar qəsəbəsində yerləşən əşya bazari yaxınlığında yerləşən evinə getməyi təklif edib.
Arzu onun istəyi ilə razılaşıb və birlikdə həmin ünvana gediblər. Qabil Bayramov Arzu Bayramovanı aldadaraq mənzilə salaraq qapını bağlayıb.
Qabil həmin evdə Arzunun sərbəst hərəkət etməsinə imkan verməyib, əl-qolunu bağlayaraq onu qanunsuz olaraq 1 gün girov saxlayıb.
3 maddə ilə cinayət işi
Qabil Bayramov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəlləri ilə ittiham edilib.
Cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Qabil Bayramov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Cəza
Hökmdən narazı qalan zərərçəkmiş Samirə Quliyeva apelyasiya şikayəti verərək, həyat yoldaşının cəzasının ağırlaşdırılmasını istəyib. O, bildirib ki, Qabil Bayramov ona qarşı törədilən cinayətlərdən peşmançılıq çəkmir, hətta cəza çəkdikdən sonra onun və ailə üzvlərinin məhv ediləcəyi ilə hədələyir.
Baş Prokurorluq da Qabil Bayramovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Təqsirləndirilən şəxs isə günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti verib.
Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, zərərçəkmiş şəxsin apelyasiya şikayəti və prokurorluğun protesti təmin edilib. Qabil Bayramovun cəzası ağırlaşdırılaraq, onun barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qabil Bayramovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov