Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xalidə İsgəndərovanın qızı Əmanə İsgəndərova dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb.
Əmanə İsgəndərova bildirib ki, sentyabrın 1-də səhər saatlarında atası naməlum oğlan tərəfindən bıçaqlanaraq öldürülüb. Anasının günahsız yerə həbs edildiyini xatırladan Əmanə Yusifova qeyd edib ki, hadisədən əvvəl atası ondan maşının açarlarını və mobil telefonun gətirməsini istəyib: “Mən maşının açarlarını tapsam da, mobil telefonu tapa bilmədim. Bu zaman qarajdan səs-küy eşitdim. Qaraja tərəf gedəndə atamı qan içərisində gördüm. Atam qışqırırdı ki, “köpək oğlu ailəmlə işin olmasın”. Bu zaman bir cavan oğlan pişik kimi atamın üstünə hoppandı və onu yerə yıxdı”.
Daha sonra suallara cavab verən Əmanə İsgəndərova bildirib ki, istintaq zamanı verdiyi ifadələrinə oxumadan imza atıb. Onun sözlərinə görə, müstəntiq deyib ki, nə demisən onu yazmışam: “Mən də inanaraq onun yazdığı ifadəyə imza atdım”.
Şahid daha sonra qeyd edib ki, atasının anası ilə hər hansı ciddi problem və ya münaqişə olmayıb: “Ancaq 2-3 dəfə bibim Cəmilə atamı öyrədib, buna görə də anamla atamın mübahisəsi olub. Bu mübahisələr də pul xərcləmək üstündə yaranıb. Bibim deyirdi ki, qızların pal-paltara çox pul xərcləyir. Buna görə də atam hirsini anamın üstünə tökürdü”.
Əmanə Yusifova əlavə edib ki, 2013-cü ildə də atası ilə anası arasında ciddi problem olmayıb. Onun sözlərinə görə, uşaq vaxtı təsadüfən anası digər bacısı Bülbülə bıçaqla xəsarət yetirib: “Bacım deyirdi ki, gəzməyə gedək. Anam evdə ustaların işlədiyini, gəzməyə getməyə vaxtı olmadığını dedi. Bu zaman təsadüfən anam Bülbülə bıçaqla xəsarət yetirdi”.
Şahid bildirib ki, atası bıçaqlanan zaman bacısı Bülbülə xəbər verib: “Həmin vaxt Bülbül əri evində idi. Zəng edib dedim ki, atam bıçaqla vurulub. Sonra bibim oğlu Orxana xəbər verdim. Bundan sonra 102 və 103 -ə zəng vurdum. Təcili yardım gec gəldiyi üçün atamı Orxanın maşını ilə xəstəxanaya apardılar. Orada atamın öldüyünü bildik”.
Əmanə Yusifova bildirib ki, anası həbs olunandan sonra babası Xalıqverdi İsgəndərovla atasına məxsus obyektdə rastlaşıblar: “Bu zaman babam məni sorğu-sual etdi. Dedim, anam qatil deyil”.
Xalidə İsgəndərovanın vəkilləri Abuzər Mütəllimov və Cavanşir Süleymanovun suallarını cavablandıran Əmanə Yusifova qeyd edib ki, atasının qatilini əvvəllər heç vaxt görməyib:
“Hadisə vaxtı anamın cinayətkarla göz-qaş etməsi, onu tanıması barədə istintaqa verdiyim ifadələr düzgün deyil. Mən istintaqa belə ifadə verməmişəm. Müstəntiq məni aldadıb və anamın əleyhinə ifadə alıb.
Müstəntiq mənə dedi ki, ananı ömürlük həbs etdim, indi səni də, bacın Bülbülü də, dayılarını da ömürlük həbs edəcəm. Müstəntiq onun dediklərini yazdığım halda anama kömək edəcəyini, ruhi xəstə kimi azadlığa buraxacağını dedi. Mən də inandım”.
Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında Əmanə Yusifovanın istintaqa verdiyi ifadələri elan edilib. O, istintaqa verdiyi ifadələrinin bəzi hissələrini təsdiq etməyib.
Daha sonra Xalidə Isgəndərovanın böyük qızı Bülbül Isgəndərova ifadə verib. O, bildirib ki, hadisə barədə bacısı Əmanə ona məlumat verib: “Əmanə zəng edib dedi ki, atamı bıçaqlayıblar. Mən evə getdim, Əmanə dedi xəstəxanaya aparıblar. Orda da əvvəl əməliyyatda idi deyə əvvəl bizi yanına buraxmadılar. Öləndən sonra atamın yanına Əmanə ilə birlikdə girdik. Bu zaman Sahə rəisi bizə dedi ki, evə gedin. Sonra polislər də gəldi. Qonşu qadın yerdəki qanı silirdi, səbəbini soruşdum, dedi anan tapşırıb”.
Bülbül İsgəndərova qeyd edib ki, atası ilə anası arasında boşanma söhbətləri də olub: “Hadisədən sonra anam Əmanə ilə danışanda məni otaqdan çıxarırdı. Mən atamın ölümündə onlardan şübhələnmişdim. Anam bu hadisəni törədibsə, cəzasını çəkəcək, etməyibsə, azadlığa çıxacaq”.
Proses iyunun 9-da davam edəcək.
Qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.
Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil qurbanının boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.
Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş. Onu da əlavə edək ki, Füzuli İsgəndərovun dəyəri 30 milyon manat olan mülkləri var.
Hacı Zeynalov