Şəki Apelyasiya Məhkəməsində xuliqanlıqda təqsirli bilinən Yevlax rayon sakini, 1992-ci il təvəllüdlü İlqar Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İlqar Haqverdiyev əvvəllər Cinayət Məcəlləsinin 330.1 (rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə), 331.2 (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etmə), 332.2.1 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təkrar qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 332.2.2-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında iki və ya daha çox şəxs barəsində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.
Hərbi Hissədə cinayət törətdiyi üçün İlqar Haqverdiyev 2011-ci ildə Bakı Hərbi Məhkəməsində mühakimə olunub. O, məhkəmənin 27 oktyabr 2011-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.
1 il həbsxana həyatı yaşayan İlqar Haqverdiyev azadlığa çıxıb və yaşadığı Yevlax şəhərinə qayıdıb. O, Yevlax şəhərində yaşadığı iki il ərzində cinayət törətməyib. Amma sonradan həmyerlisi ilə mübahisəsi cinayətlə nəticələnib.
İlqar Haqverdiyev 10 iyul 2014-cü ildə, saat 00.05 radələrində Yevlax şəhərində yerləşən 3 saylı orta məktəbin qarşısında heç bir əsaslı səbəb olmadan Rüfət Əhmədov ilə mübahisə edib, O, Rüfət Əhmədovu nalayiq sözlərlə təhqir edib.
Bu zaman həmyerlilər arasında əlbəyaxa dava olub. Dava zamanı İlqar Haqverdiyev Rüfət Əhmədovu döyüb və üstündə gəzdirdiyi bıçaqla onun boyun nahiyəsindən vurub. Rüfət Əhmədova xəstəxanada tibbi yardım göstərilib. İlqar Haqverdiyev isə polis əməkdaşları tərəfindən həbs edilib.
Müəyyən edilib ki, Rüfət Əhmədov əsgərlikdən qayıdandan sonra İlqar Haqverdiyevin işlədiyi dükandan 20 manata cins şalvar alıb. O, həmin vaxt 20 manatın 5 manatını ödəyib, 15 manatı isə hissə-hissə döyəcəyinə söz verib. Bundan 5 ay keçsə də, Rüfət pulu ödəməyib. Buna görə də onların arasında narazılıq olub.
İlqar Haqverdiyevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Yevlax rayon Məhkəməsinin hökmü ilə İlqar Haqverdiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İlqar Haqverdiyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2015-ci il tarixli qərarına əsasən, İlqar Haqverdiyevin apelyasiya şikayəti təmin edilib. Onun cəzası 3 il 6 aya endirilib.
Prokurorluğun kasasiya protestinə əsasən İlqar Haqverdiyevin işinə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin 19 yanvar 2016-cı il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Bu dəfə apelyasiya şikayəti hakim Vidadi Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim heyəti sonda apelyasiya şikayətinin dəlillərini araşdırıb və apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov