Hər şənbə olduğu kimi, ötən altıncı gün də yuxuma haram qatıb Türkiyənin Habertürk kanalında "Tarixin arxa odası" proqramını seyr etdim.
Murad Bardakçının qonağı Krım tatarlarının lideri Mustafa Cəmil Kırımoğlu idi.
Proqramla bağlı üç mühüm gözləmimi bölüşmək istəyirəm.
1) Bilmirəm nə qədər düz təsbit etdim, amma nədənsə, mənə elə gəldi ki, Krımoğlu fikirlərini Anadolu türkcəsinə Azərbaycan türkcəsindən çevirərək ifadə edir.
2) Mustafa Kırımoğlu "Krım böhranı"nda Azərbaycana çox basqılar olduğunu, buna rəğmən, Azərbaycan prezidentinin çox cəsarətli addım ataraq Ukraynanın ərazi bütövlüyünü beynəlxalq arenada açıq sərgilədiyini vurğuladı.
Tatarlar əsl sahibləri olsa belə, Krım yarımadasında etnik azlıq vəziyyətindədir.
Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra bölgənin etnik tərkibi dəyişdirilmiş, sovetlər dönəmində- 18 may 1944-cü ildə isə tatarlar almanlarla iş birliyində suçlanıb yarımadadan sürgün edilmişdilər.
20-ci əsrin sonlarında bir qismi yenidən Krıma qayıtmış tatarlar arasında məhz bu səbəbdən Rusiya əleyhdarlığı güclüdür.
Onların yarımadanı müstəqil dövlət elan etmək imkanı praktiki olaraq yoxdur.
Belədə sual meydana çıxır: madam müstəqil ola bilmirsiniz, Sizin üçün Rusiyanın, yoxsa Ukraynanın tərkibində muxtar quruluş olmağın nə fərqi var?
Mustafa bəy bu fərqi Ukraynanın Avropaya inteqrasiya xətti ilə izah etdi və dedi ki, daha demokratik bir ölkədə etnik azlıq olmaq tatarlar üçün daha sərfəlidir.
Kırımoğlu Mustafa bəy çox maraqlı, gözyaşardıcı bir tale yaşamış dissidentdir.
Bir cümlə ilə desək, Mustafa bəy yarımadanın bütöv adamıdır.
6 aylıq çağa ikən ailəsi ilə birgə sürgün edilmiş, Daşkənddə təhsil aldığı institutdan qovulmuş, "Mənim SSRİ xaricində düşmənim yoxdur" deyərək əsgərliyə getmədiyi üçün həbs edilmiş, üst-üstə 15 il zindanda yatmış, ABŞ prezidenti Reyqanın Qorboçovdan şəxsi xahişi sonucunda azadlığa çıxmışdı.
3) Mustafa Cəmil Kırımoğlu tarix bilincinə malik bir liderdir. Sonuncu Kırım xanı Şahin Gərayın aqibətini yaxşı bildiyindən Krım tatarlarına və şəxsən onun özünə böyük vədlər verən Rusiyanın səmimiliyinə inanmır.
21 iyul 1774-cü ildə Osmanlı dövləti ilə İkinci Katerinanın Rusiyası arasında Kiçik Qaynarca Sözləşməsi imzalandı.
Müqaviləyə Osmanlı imperatoru Birinci Əbdülhəmidin adından Muhsinzadə Mehmet Paşa, çariça Katerinanın təmsilçisi kimi general Pyotr Rumyantsev qol çəkdi.
Üç dildə- türkcə, rusca və italyanca hazırlanmış yazılı sözləşməyə görə, Osmanlı Krım yarımadasının ixtiyarından məhrum oldu, ancaq bölgə de-yure Çarın himayəsinə keçmədi.
Çar Rusiyası yarımadanın ilhaqını 1777-ci ildə taxta çıxardığı Şahin Gərayın sayəsində rəsmiləşdirə bildi.
Şahin Gəray rus, yunan, italyan dillərini bilən, Avropa təhsili almış, Katerinanın Volterə yazdığı məktubda təsvir etdiyinə görə, son dərəcə yaraşıqlı və alicənab bir insan idi.
Krım savaşında Osmanlının yenilgisini Əbdülhəmid onun xəyanətinə bağladığından rəsminin çəkilərək ona göstərilməsini əmr etmişdi, Avropa sayaq geyimini görüncə onu kafirlikdə suçlamış, qarğış etmişdi.
Böyük Çingiz xanın soyundan gələn Gəraylar sülaləsinin sonuncu hökmdarı da elə o oldu.
Şahin Gəray Çarın siyasətinin əsl üzünü görəndə artıq çox gecikmişdi. O, əvvəlcə "fəxri girov" kimi Rusiyada saxlanıldı, daha sonra Osmanlı imperatoruna təhvil verildi.
Ancaq hünkarın onun xəyanətini bağışlamaq fikri yox idi.
Əbdülhəmidin bütün tapşırıqlarına rəğmən, onu yolda öldürmək mümkün olmadı, nəticədə o sağ-salamat Rodos qalasına gəlib çıxdı, orada çıxan bir çatışmadan sonra Fransa konsulluğuna sığındı. 1787-ci ildə Şahin Gərayın qaçmaq xəbərini alan Osmanlı əsgərləri elçiliyi basıb onu ələ keçirdilər, boğub öldürdülər, başını kəsib İstanbula göndərdilər.
Şahin Gərayın başsız bədəni Rodos qalasında dəfn edildi.
Sonrakı Osmanlı padşahları dönəmində qalada təmir işləri aparıldı, böyük ehtimalla məqsədli şəkildə tikilən tualetlərin kanalizasiyası onun məzarının üzərindən çəkildi...
***
Necə oldu ki Krım Ukraynaya birləşdi?
19 fevral 1954-cü ildə Ukraynanı Rusiyaya birləşdirən Pereyeslav Andlaşmasının 300 illiyi qeyd olunurdu.
1648-ci ildə Zaporojye kazaklarının lideri Boqdan Xmelniski polyaklara qarşı üsyan etmiş, rus çarı Birinci Alekseydən dəstək istəmişdi.
18 yanvar 1654-cü ildə kazakların Pereyaslav radasında Kiyev də daxil olmaqla, Dneprin şərqindəki torpaqların Rusiyaya birləşməsi haqqına qərar çıxarmış və bu addım çar tərəfindən məmnuniyyətlə qarşılanmışdı.
Üzərindən 300 il keçəndən sonra, o günlərdə SSRİ-nin rəhbəri olan Nikita Sergeyeviç Xruşov Pereyeslav Qərarının yubileyinin qeyd olunmasına göstəriş vermiş, görünür, SSRİ-nin dağılacağına inanmadığından jest olaraq Krımı Ukraynaya bağlamışdı.