17 Dekabr 2016 19:08
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marina Svetayeva gündəliklərində Paris dövrü ilə bağlı bir epizoddan söz açır: O, tanışlarından birinə yazmaq üçün vaxt tapmadığından şikayətlənir. Bütün günü məişət qayğıları, ev işləri, balaca Mura qulluq... Və tanışı ona lakonik məsləhətini verir: Gün boyu yaza bilmirsən, gecə yaz.

Yazmaq yanğısı və tələbatı varsa, çətinliklər, qayğılar, şəraitsizlik, pulsuzluq, hətta auditoriyanın olmaması belə maneə ola bilməz. Əvvəl-axır, musiqi alətinin olmaması Şubertə öz “Serenada”sını bəstələməyə çəpər deyildi. Yaxud, talenin onillər ərzində qəddarlıqla, acımasızcasına vurduğu, döydüyü Varlam Şalamova yazmağa heç nə mane ola bilmədi. Filosof Tommazo Kampanella 17-ci əsr məhbəsində keçirdiyi 25 illik həbs müddətində özünün “Günəşli ada”sını yazdı - və yenə heç bir auditoriyaya ümid bəsləmədən.

Bu tipli çoxsaylı misallardan sonra “Şəraitim olsaydı, nələr yazardım” deyənlərin yanından ən yumşaq halda çiyinlərini çəkərək keçməli olursan. Hansı şərait? Seneka Sözü, Toro həyatı ilə təsdiqlədi - insanın tələbatlarının yalnız cüzi hissəsi təbii tələbatlardır və insanı insan edir. Qalanları isə süni olaraq, təbliğat, reklam, qəlb infantilliyi sayəsində formalaşdırılan, faydası məchul tələbatlardır.

Düzdür, hələ Kamyu maddiyyatın rolundan yazmışdı - evin, maşının olmasının üstünlüyü var ki, səni kütlədən izolə edir. Ancaq və yalnız. Bizdə isə şəraiti məhz ona görə istəyirlər ki, kütlənin gözləri önünə sərib öyünsünlər. Bunun isə yaradıcılığa dəxli kannibalizmin humanizmə dəxli qədərdir.

***

SSRİ-nin süqutundan sonrakı ilk onillikdə “təsdiqlənməmiş dahilər”i qınamağa başladılar: “Bu cür istedadlısansa, niyə bəs pulun yoxdur?” Türkiyə və Çindən gətirilən keyfiyyətsiz cins şalvarların xırda alverçilərinin bu ittihamını təbii sayanlar da vardı. Yəni, buyurun, bazar gəlib, yollar açıqdır, girişin alverə və qazanın. Əvəzində isə əksəriyyət üçün maraqsız olan bu elmlə, musiqi ilə, ədəbiyyatla əfəl məşğulluğu buraxın getsin.

Nəticədə minlərlə, on minlərlə istedadlı şəxs öz sənətlərini atıb həmin dəllal və alverçilərin yanında işləməyə başladı: kimi dizayner, kimi kopirayter, kimi bazarda satıcı... İllər keçdi, xırda alverçilər iri biznesmenlərə və şirkət sahiblərinə çevrildilər. Gənc və istedadlı muzdlular isə mantra kimi özlərinə təskinlik verdilər: “Az qalıb, bir az da pul yığım, ev alım, maşın alım və sonra yaradıcılığa qayıdacam. Şeirimi yazacam, musiqimi bəstələyəcəm, rəsmimi çəkəcəm”...

Onlar niyyət edirdilər ki, gecələr hekayə yazacaq, bazar günləri etüdlərini cızacaqlar. Alınmadı. Əvəzində isə yaradıcı ziyalıların yeni nəslinin yerinə reallaşmayan gələcəyə həsrət hissini saxlayan klerklər, meşşanlar nəsli formalaşdı. Üzülmüş, depressiv, öz işi ilə məşğul olmayan, tinlərdə və pivəxanalarda özlərinə qarşı ədalətsizliyin baş verdiyini günbəgün qışqıran bir ordu peyda oldu.

Bir sözlə, öz qəlbini itirmiş adam obrazı. Bu, dünya klassikasında geniş təsvir olunub. Qoqolun “Portreti” bu barədədir. Yaxud Balzakın “Şaqren dərisi”. “O, hər şeyi bacarırdı - ancaq daha heç nə istəmirdi” - Balzak öz qəhrəmanı haqda yazırdı. Fəlakətin dəqiq təsviri. O fəlakətin ki, hazırkı 20-40 yaşlıları çulğayıb. Olsun ki, onlar nəyəsə, bəziləri isə çox şeyə nail oldular, ancaq nail olduqları qətiyyən nə vaxtsa arzuladıqları olmayacaq. Budur əsas dissonans.

Misal kimi o qədər dram və faciə sadalamaq olar ki. Ancaq alternativ həmişə var və çox vaxt fərdlər sadəcə müdrik Mişel Montenin “Təcrübələr”indəki gözəl kəlmə ilə özlərini ovundururlar: “Onlar istədiklərinə çatmayanda çatdıqlarını istədikləri elan etdilər”. Belələri sakitləşib, daha haray salmır. Ancaq çatdıqlarının istədikləri olmadığını anlayanların etirazları da eşidilməkdədir. Halbuki, Qoqolun və Balzakın qəhrəmanlarının mənfi misalı ilə yanaşı, ədəbiyyat da, həyat da bizlərə çoxsaylı alternativlərin misalını verir. Bundan sonra da “Pulum olsun, yazacam” deyənlərin səs-küyü kəsilmirsə, növbəti təsdiqdir ki, problem ətrafda deyil, öz içlərindədir. Əksərən də ətrafdakılara zənginlik kimi göstərməyə çalışdıqları bomboş içlərində.

***

Somerset Moemin “Ay və qəpik” romanındakı həyatdan götürülmüş qəhrəman məhz əks-misaldır: o, rifahın və sərvətin tamahı qarşısında dayana bilib. O, həyatının əsas seçimini edib: Ay ilə qəpik arasında birincini - Ayı seçib. Və bu seçimə məhz çətinliklər və böhran yardımçı olub.

Moemin qəhrəmanı Çarlz Striklend uğur qazanmış London biznesmenidir. Məişət problemləri yoxdur, mehriban xanımı, uşaqları, statuslu dostları var. Bir sözlə, tox və gözə çarpmayan bir şəxsdir. Tanışları deyir: “O, Sitidə nə iləsə məşğuldur. Deyəsən, birjada maklerdir. Darıxdırıcı adamdır! Və incəsənətlə də, ədəbiyyatla da qətiyyən maraqlanmır”. Hətta xanımı da onu yüksəklərə qaldırmır: “Əsl obıvateldir. Onun yanında darıxıb ölərsiz”.

Və günlərin birində bütün bu aləm uçur. Striklend ailəsini atır, işdən çıxır və Parisə yollanır. O, rəssam olmağa qərar verir. Əlbəttə, onun rəsmlərini heç kəs almır. Onun 40 yaşı var. Aclıq keçirir, həyatın dibinə enir. Gecəqonduda yaşayır, matroslarla davaya çıxır, aylarla yeməyi çörək və süddən ibarət olur. Və sonunda ömrünü sakit, ekzotik, uzaq adada başa vurur. Tuzem qızla evlənir. Rəsmlər çəkir. Ölümündən sonra isə Striklendi dahi elan edirlər. Sağlığında o, rəsmlərini pivəyə və çörəyə dəyişə bilmirdi (Şəkilləri mənasız və bayağı sayırdılar), halbuki sonralar bircə rəsminə verilən pulla o, illərlə təminatlı yaşaya bilərdi.

Əlbəttə, onu insanlar heç sağlığında da maraqlandırmırdı. Ölümündən sonrakı şöhrət isə ümumiyyətlə gərəksizdir. O, nə tarixə, nə auditoriyaya işləyirdi. Sadəcə yaradırdı, vəssalam.

Moemin qəhrəmanı təxəyyülün məhsulu deyildi. Striklendin prototipi Pol Qogendir. O Qogen ki, Yer cənnəti arzusuyla uzaq Taitiyə gedir, halbuki burada sonuncu keşiş sifilisdən ölmüşdü.

Moemin təsvirində Qogenin bioqrafiyası əsasən həqiqidir, ancaq fərqli nüanslar var. Qogen heç də obıvatel, sıradan bir makler deyildi. Uşaqlıq illərində Peruda yaşamışdı. Gəncliyində donanmada matros olmuşdu. Sonra banka işə düzəlmişdi.

Bir neçə il keçir və o, indiki terminlərlə desək, top-menecerə çevrilir. Birjadan yaxşı baş çıxarır, varlanır, karyera qurur, bütün boş vaxtını isə rəssamlığa həsr edir. Gün boyu kağızlar və hesabatlar, gecə isə fırça və rənglər.

Onun həyatında dönüş nöqtəsi 1882-ci ildir. Həmin il növbəti birja böhranı baş verir. Kapitalizm üçün maliyyə böhranları adidir, 19 əsrdə hər 8-10 ildən bir təkrarlanırdı.

1882-ci il böhranı 5 il davam edir. Gəlirlərinin azaldığını görən Qogen birjanı tərk edir, halbuki müasirlərinin sözlərinə görə, o, çox bacarıqlı maliyyəçi idi, yəni, fırıldaqçıların özlərini suda balıq kimi hiss etdiyi böhran dövründə sərvətini daha da artıra bilərdi.

Müasir terminologiyaya baş vursaq, Qogenin puldan imtina edib yoxsulluğa yollanması daunşiftinqə misaldır (yəni, “aşağıya hərəkət”). Ancaq bu, indiki oliqarxların, şou əhlinin və bohemanın sivilizasiyadan müvəqqəti uzaqlaşıb istirahət adıyla Tibetə, yaxud Qoaya yollanması deyil. Daunşifterlər tənbəllik və əməlsizliyi yox, məhz tərsini seçirlər. Ancaq Qogenin Taitiyə yollanması sadəcə kapriz deyildi, həm də qaçılmaz zərurət idi - ədəbi, yaradıcı zərurətdi, ömrü boyu yaşıl rəngli qadınlar, mavi palmalar və tünd-qırmızı səmanı çəkməyi arzulayan bir insanın yeganə mümkün seçimiydi. O, işləmək üçün gəlmişdi və bilirdi ki, auditoriyası yoxdur, heç kim üçün yaradır. Çətin ki, onu auditoriya maraqlandırırdı. O, nə üçün doğulmuşdusa, o işi ilə də məşğuldu.

Qogenin misalında çətinliklər və böhran bir xilaskar rolunda çıxış edir. Olmayaydı maliyyə böhranı, bəlkə də o, həyatını radikal tərzdə dəyişməyə iradəsizlik göstərəsiydi. Öz həyatını yaşamayanlar üçün böhran ideal zamandır - onlar əvvəlki həyatları ilə bir an içində üzülüşə bilərlər. Geci-tezi, hər kəs ilk gəncliyindən, bəlkə də uşaqlığından sığallayıb saxladığı ideala can atır. Və ömrün bifurkasiya nöqtələri də dəfələrlə olur. Hər dəfə alternativ yolun seçilməməsi yalnız artan iç narazılıq və peşmançılıqla müşayiət olunur. Kimsə “başqa cür olsaydı, şedevrlər yaradardım” deyirsə və ilk növbədə maddiyyatı nəzərdə tutursa, bilin: o, yaradıcı kimi görünmək istəyən obıvateldir.

***

Moemin “Ay və qəpik” romanı bu cümlələrlə bitir: “Mənim 27 il Uitstebldə vikari olmuş əmim Henrix bu cür hallarda deyərdi ki, şeytan İncildən həmişə özünə sərf edən sitat axtarıb tapmağı bacarır. O, hətta bir şillinqə 12 yox, düz 13 ədəd istridyə almağın mümkün olduğu dövrləri xatırlayırdı”.

Bu metaforanın açması qəliz deyil. Bir istridyə az, ya bir istridyə çox - nə dəyişir ki. Dözmək olar. Ay isə çətinliklərdən əvvəl də işıqlanırdı, sonra da. Qəpiyi seçmək üçün Ayın tutqunluğunu arqument gətirmək gülməlidir...


Müəllif: Məmməd Süleymanov