10 Oktyabr 2017 16:04
2 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali dini lideri Seyid Əli Xamneyinin 5 yaşlı bir uşaq və onun anası ilə türk və fars dilləri haqqında söhbətini maraqla izlədim.

Videoda Xamneyi Parsa adında bir uşağa “Sən türksən, ya farssan?” deyə sual edir. Anası onun türk dilini anladığını, amma danışa bilmədiyini bildirir.

Xamneyi isə anasına evdə uşağa türkcə öyrətmələrini tövsiyə edir: “Farscanı məktəbdə, küçədə və bu kimi yerlərdə öyrənirlər. Siz evdə ona türkcə öyrədin ki, türkcəni bilsin. Farscanı da ki, bilir. Olar ikidilli”.

Xamneyinin bu fikirlərində iki maraqlı məqam var.

Birinci məqam odur ki, İranda türk dilini yaxşı bilməyən türklər var. İstanbulda təhsil alan tələbələr arasında türk dilini yaxşı bilməyən təbrizli həmyerlilərimiz var. Bizdə bir zamanlar şəhərdə rus dilində danışmaq mütərəqqilik sayılırdısa, İranda da fars dilində danışmaq bizimkilər arasında çağdaşlıq hesab edilib. Sosial şəbəkələrdə də türk əsilli İran yazıçılarının öz dillərində yazmamalarının qınanıldığını görürəm. Yəni, İranda belə bir hal var. Bu baxımdan Xamneyinin türk dilini bilməyən türk ailəsinə dilini öyrənmələri ilə bağlı tövsiyəsi olduqca doğrudur, yerindədir.

İkinci maraqlı məqam isə Xamneyinin türk dilinin harada öyrənilməsi ilə bağlı tövsiyəsidir. Bu məqamda isə Xamneyiyə haqq qazandıra bilməyəcəyik. Türk dili Çindən Yunanıstana, Sibirdən İraqa qədər geniş bir coğrafiyanın dilidir. Eləcə də, İranda milyonlarla türk yaşayır, çoxluq təşkil edirlər.

İran əhalisinin yarısından çoxunu təşkil edən xalqın öz ana dilini ancaq evinin içində öyrənməsi həmin dilin məişət dili olaraq qalmasına səbəb olur. Bir dil ədəbiyyat, elm dilinə çevrilə bilmirsə, o çağdaş dünyada ölməyə məhkumdur. Belə görünür ki, İran dövlətinin də məqsədi budur.

Əgər bir insan anasından öyrəndiyi dillə təhsil ala bilmirsə, bu nə İslam dövləti adına yaraşır, nə də insanlar, toplumlar arasında fərq qoymayan, ərəbin qeyri-ərəbdən üstünlüyünün olmadığını söyləyən Həzrəti Məhəmmədin yoluna uyğundur.

Cənab Xamneyi, olmazmı ki, həmin türk uşaqlar elə öz analarından öyrəndiyi dildə təhsil alsınlar? Dünyaya türk kimi gələn bir uşağın təhsilini fars dilində alması Quranın hansı ayəsinə, Həzrət Məhəmmədin hansı hədisinə uyğundur?

Türk dilində danışmaq günah olsaydı, sizin özünüz, uşağa türkcə sual edərdinizmi?

Ümumiyyətlə, maraqlıdır, sizin özünüz, türksünüz, ya fars?

Türksünüzsə, niyə qanı qanınızdan olan bir türk övladının məktəbə gedərkən türkcə təhsil almasını təşkil etmirsiniz?

Türksünüzsə, niyə İranda əhalinin yarısından çoxunu təşkil edən bir xalqın dilinin ikinci dövlət dili olmasına çalışmırsınız? Axı dinimizdə şovinizm yoxdur, xalqların bərabərliyindən, ədalətdən bəhs edilir.

Türksünüzsə, niyə Qarabağda türkləri qıran terrorçuları himayə edən bir dövlətə qarşı radikal addımlar atmırsınız?

Amma sonda bir etiraf da etməliyəm. Sizin türk uşağa verdiyiniz sualda bizim üçün həssas olan bir məsələ də var. Qəribədir ki, geniş bir coğrafiyada yaşayan bizləri öz adımızla çağıran bir ermənilərdir, bir də siz. Ermənilər “türk” sözünü “düşmən” sözü ilə sinonim kimi işlədirlər.

Görəsən, sizin “türksən” deyə soruşanda ağlınızdan nələr keçmişdi?


Müəllif: Dilqəm Əhməd