O, qardaş da ola bilər, sevgili də, ər də, dost da, lap elə oğul da. Tək bir atadan savayı. Yanımızdakı kişilərdən tək atadır ki, sevgisini, münasibətini də, hissini, həyəcanını da olduğu kimi sərgiləyir, “mənbirincilik” etmədən. Amma və lakin yanımızdakı başqa kişilər, hətta oğlumuz da daxil...
***
Konservator dilçilər məni qınaya bilər - əcəba “mənbirincilik” nə? Bu nə əndrəbadi söz? Bu nə demək? İş bu ki, bizim kimi canlı varlıq sayıla bilən dil elə bizim kimi də daim dəyişir, yenilənir, zamanın təsirindən, proseslərin təpkisindən kənarda qala bilmir. Və yeni əşyalar, yeni məvhumlar yarandıqca yeni sözlər də yaranır. Yaranmasa olmaz ki.
Haqqında danışacağım proses demirəm ki, yenidir. Dünya binə olandan həmişə belə olub, sadəcə, sosial elmlər hadisəni indi araşdırmağa başlayıblar, hərçənd ədəbiyyat bu barədə sözünü çoxdan söyləyib. Örnəyi? Tələbəlik dönəmində oxuduğum, bu günlərdə yenidən vərəqlədiyim bir əsər var. Mark Tvenin qələmə aldığı gündəliklər. Adəmlə Həvvanın gündəlikləri. Bu, nə dini rəvayətdir, nə dünyanın başlanğıcı barədə nağıl. Bu, Amerika yazıçısının müşahidələridi, çox dəqiq, yüzə yüz doğru müşahidələr. “Həvvanın gündəliyi”ndən - “O bağı (cənnət bağı nəzərdə tutulur) əbədi itirdik, amma mən onu (yəni Adəmi) tapdım və bundan çox məmnunam. O məni sevir, bacardığı kimi sevir. Mən onu öz yaşıma və cinsiyyətimə tam uyğun - cani-dildən, sidq-ürəklə sevirəm. Onu bu cür sevməyim hərdən özümə də qəribə gəlir. Bilirəm ki, onu niyə belə sevdiyimi anlamıram. Düzü heç anlamağa çalışmıram da. Bu elə bir sevgidir ki, nə statistika, nə fikir-düşüncə ilə izah olunur”. Həvva çox götür-qoydan sonra bilirsiniz hansı nəticəyə gəlir? Qadın etiraf edir ki, Adəmi yalnız “özününkü” olduğuna görə, “özünə aid bir kişi” olduğuna görə sevir - nə bir şəxsi keyfiyyət, nə surət, nə xasiyyət. “Mənimsən deyə sevirəm” - bu qədər bəsit bir məntiq. Zatən, Adəm-Həvva zamanında qadın sevgisi üçün daha mürəkkəb bir açıqlama axtarmağa da dəyməz.
***
“Ütünü açma, sən düzəldə bilməyəcəksən”, “işləmə, kollektivdə baş çıxarmaq sənlik deyil”, “mağazaya getmə, sən aldığın ət nə olacaq ki”, “filankəslə dostluq eləmə, axmaq qızdı, sən adam tanıyan deyilsən”, “filmə baxma, onsuz da yadından çıxacaq”, “kosmetoloqa vaxtında get, üzün yaman günə qalacaq”, “qısa geyinmə, köksən, sənə yaraşmır”, “balığa əl vurma, sən balıq bişirə bilmirsən”, “filankəslə mehriban danışma, sən adamları qudurdursan”. Deməyin ki, belə iradları az eşitmisiniz. Bir qəribə mübahisənin də mən şahidi oldum. Həmkardırlar - dostluq, xətir-hörmət, filan, hamısı öz yerində. Sosial şəbəkədə hal-əhval tutanda xanım “sağ ol, ay brat, - yazıb, - mən də yaxşıyam”. Əks tərəfin iradına baxın - “slenq leksikasından niyə istifadə edirsən axı? Bu sənə yaraşmır”. Pah! Dava düşdü, nə düşdü. Bir küsüb bir də barışdılar. Əslində, baş verən hadisəyə, fakta və ümumən həyata adi, normal kişi yanaşması idi. Kişilər HƏR şeyi HƏR qadından çox bildiklərini düşünürlər. Bu da qadınların qaçılmaz “acı” aqibəti. Ta Adəm babamızla Həvva nənəmizdən üzü bəri həmişə belə olub - onlar elə biliblər, elə zənn ediblər ki, guya...
***
Bizim özümüzə verdiyimiz məlum ad var - homo sapiens - yəni düşünən insan, bir də var homo sapiens sapiens - yəni düşünə bildiyini düşünən insan. Bunlar məlum. Müasir insanı araşdıran mütəxəssislər başqa bir termin də yaradıblar - homo demonstrans - yəni göstərən, yol göstərən insan. Adətən kişilərə aid bir xüsusiyyət. Mütləq qadını islah etməli, mütləq səhv tapmalı, qüsurunu düzəltməlidir. Qadını bacarıqsız, ikinci dərəcəli insan hesab edən, qadını öyrətməyi, yol göstərməyi hədəf seçən kişilərin bu davranışına ingilislər “mənspleyninq” (bu da bir slenqdir, tərcüməsi - “başa salan kişi”dir) deyirlər. Türklər bu psixoloji durumu “mənbirincilik” kimi dəyərləndirir. Alimlərin fikrincə, “mənspleyninq” tam zərərsiz proses olub kişilərin iqtidar qurmaq istəyindən başqa bir şey deyil. Sadəcə, kişi qarşısındakı qadını çarəsiz və məlumatsız hesab etdikcə özünü, öz gücünü təsdiq etmiş olur.
Qadın olmağın ilk şərti yanınızdakı kişi ilə yanaşı yol getməyi öyrənməkdir. O sizə bir ömür həyat dərsi keçəcək, nəyi harada, nə zaman etməli olduğunuzu başa salacaq. Bu da onun - homo demonstransın sevgisinin əsas şərti. O, qardaş da ola bilər, sevgili də, ər də, dost da, lap elə oğul da. Dözməkdən başqa yol yox ki.