16 Oktyabr 2017 18:10
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc bəstəkar Ruhin İsmayılov Türkiyədən film üçün mahnı bəstələmək təklifi alıb.

Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Zəhmət olmasa, öncə özünüzü təqdim edin: Ruhin İsmayılov kimdir?

- 1987-ci il fevralın 19-da Göyçə mahalında dünyaya gəlmişəm. Bəstəkar, produsser və aranjımançıyam. Bakı Musiqi Akademiyası Bəstəkarlıq fakültəsinin məzunuyam.

- Bildiyimiz qədərilə Türkiyədə yaşayırsız...

- Artıq bir ildən çoxdur Türkiyədəyəm. Böyük şirkətlərlə çalışıram.

- Eşitdiyimizə görə, türk filminə mahnı bəstələmisiz. Ətraflı məlumat verərsizmi?

- Filmə musiqi yazmaq mənim ən sevdiyim yaradıcılıq növüdür. Bu filmi seçilməzdən əvvəl bir neçə kino şirkəti ilə görüşüb işlərimi dinlətdim. Özümə güvənirdim, çünki film sahəsində təcrübəm vardı. Nəhayət, “Avşar” film şirkətindən təklif aldım. Ekran əsərinin adı “Rüzgar”dır. Filmdə baş rolda məhşur aktyor Falil Səzai, eləcə də Belcim Bilgin, Atabərk Mutlu, Nəbil Sayın, Cəzmi Baskın rol alıb. Rejissor Sərkan Acardır. Film 2018-ci ildə yayımlanacaq. Azərbaycan kinoteatrlarında da nümayiş olunacaq. Hazırda musiqi üzərində çalışıram. Çox zövqlü və fərqli bir işin ortaya çıxacağına inanaram.

- Film sahəsində təcrübəli olduğunuzu dediz. Hansı filmlərə mahnı bəstələmisiz?

- “Bir ailəm var” serialının musiqisini mən yazmışdım. Eyni zamanda, 2009-cu ildə Avstraliyada keçirilən qısametrajlı film festivalında ən yaxşı film musiqisi nominasiyasında qalib gəlmişəm.

- Müğənnilərimizdən bəstələrinizi ifa edənlər olub?

- Bəli, Röya Ayxan, Zamiq Hüseynov, Niyam Salami və başqa müğənnilər mahnılarımı oxuyub. Mənə görə ən uğurlu bəstəm Röyanın ifasında olub. Röya “Necə unudum”, “Sakinim ol”, “Həyat”, Zamiq “Sənsən”, “Nə olar”, Aygün Kazımova və Elton “Yağış”, Alim Qasımov, Elnur Hüseynov, Rəhim Rəhimli və digər məşhurlarla çalışmışam.

- Bəs Türkiyədə necə, müğənnilərdən sifariş almısız?

- Murad Boz, Sönər Arıca, Sevtuğ və başqa məhşurlarla işləmişəm. “Rising star” yarışmasının finalçıları ilə çalışmalarımız olub.

- Azərbaycana tez-tez gəlirsiz?

- Gəlirəm. Amma mən çox inciyəm.

- Niyə?

- Azərbaycanda öz sahəmdən incik düşdüm. Bizim nə pop, nə də başqa mahnı janrlarında irəliləyişlər var... Musiqi sahəsi əsasən işi bilməyənlərin, amma adamı olanların əlindədir. Ən bəsit örnək yeni çıxan filmlərimizdir. Dünyanın heç bir ölkəsində bəstəkarsız film yoxdur. Təkcə bizdə var. Musiqi internet saytlarından götürülür, bu isə acınacaqlı durumdan xəbər verir. Heç olmasa əməyə hörmət qoyulsun. Həmin saytlara musiqi qoyanların çoxu sadəcə həvəskarlardır. Onlar da musiqini 2-3 dollara satışa çıxarırlar. Professionallara qiymət verən yoxdur.

- Türkiyədəki qazancınız sizi qane edir?

- Əlbəttə, qane edir. Qazanc hər kəs üçün önəmlidir, amma daha önəmlisi çalışdığın insanlardır. Çalışdığım prodakşnda və ümumi musiqi dünyasında davranış mədəniyyəti daha çox xoşuma gəlir. Bizdə bəzi musiqiçilər, müğənnilər efirdə belə, küçə jarqonu ilə danışırlar. Sizcə, bu insanlarla hara qədər yüksəliş əldə etmək olar? Allah bilir...


Müəllif: Şəfiqə Nazimqızı