24 Oktyabr 2017 09:43
5 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavidlər ailəsi üçün oktyabr əziz ay idi. Çünki ailə başçısı, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan şair-dramaturq Hüseyn Cavid 1882-ci ilin 24 oktyabrında, övladları – oğlu Ərtoğrul 1919-cu ilin 22 oktyabrında, qızı Turan isə 1923-cü ilin 2 oktyabrında dünyaya göz açmışdı.

Mühüm günləri, bayramları ailəlikcə bu evdə az qeyd etməyiblər. Ta 1937-ci ilin 4 iyun gecəsinə qədər... Cavidi evindən, isti ocağından, əsərlərini yazdığı yazı masasından ayıran o dəhşətli gecəyəcən...

O gecədən sonra Mişkinaz xanım bir daha qəhvə içməyəcəkdi. Daha həyat əvvəlki kimi olmayacaqdı. Heç kim üçün...

“Muzeydə bir gün” layihəsi çərçivəsində Hüseyn Cavidin neçə-neçə məşhur əsərlərini yazdığı, müzakirələrini apardığı, oğluna, qızana nəsihət verdiyi və gedər-gəlməzə yollandığı həmin mənzilində olduq.

Bakının İstiqlaliyyət küçəsində 8 saylı binanın 3-cü qatında yerləşən ikiotaqlı evi Hüseyn Cavidə 1920-ci ildə vermişdilər. Muzeyin Elmi Fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva deyir ki, bina vaxtilə milyonçu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə sırf qızlar məktəbi üçün tikilib: “Sonra “Darülmüəllimin” kimi fəaliyyət göstərmiş məktəbdə dərs deyən müəllimlərdən biri də Cavid əfəndi idi. Müəllimlərlə tələbələr biri-birilərinə yaxın olsun deyə, burda bir neçə müəllimə yaşamaq hüququ veriblər. O cümlədən Cavid əfəndiyə. O ailəsiylə gördüyünüz bu iki otaqda yaşayıb.

“Darülmüəllimin” direktoru Pənah Qasımov hazırda muzeyə daxil olan o biri otaqda, Şəfiqə Əfəndizadə və Camo Cəbrayılzadə isə həyətdəki evlərdə yaşayıb. Yalnız Cavidlər ailəsi hətta bu bina Mərkəzi İcraiyyə Komitəsi kimi mühüm dövlət idarəsinə çevriləndən sonra da 1937-ci ilədək burada qaldı”.

“Boş ev, boş ocaq, boş bucaq”

Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Hüseyn ilk təhsilini mollaxanada aldı. Fars, ərəb dillərini öyrənən Hüseyn 14 yaşında Məmmədtağı Siqdinin təşkil etdiyi “Məktəbi-tərbiyə”yə daxil oldu. Sonra Təbrizə gedib, “Talibiyyə” mədrəsəsində oxudu. İlk şeirlərini “Gülçin”, “Arif”, “Salik” təxəllüsü ilə qələmə aldı. Əsrin əvvəllərində qəzetlərə məktublar, məqalələr göndərməyə başladı.

1918-ci ildə Naxçıvanda ailə həyatı quran Hüseyni bir müddət sonra Maarif şöbəsi onu Bakıya göndərir. Ailəsi ilə birgə Bakıda indiki Topçubaşov küçəsində ev kirayələyir. Mişkinaz xanım xatirələrində yazır: “Evdə heç bir şey yox idi. Cavid orta məktəbdə dərs deyirdi. Vəziyyətimiz xeyli ağır idi. Bir dəfə evdə oturmuşdum. Gəldi gördü, bikefəm. Dedi əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdır. Canın sağ olsun, həmişə belə qalmayacaq ki!”

O gün Cavid “Qaçqın” şeirini yazdı və dediyi də düz çıxdı. Yaman günün ömrü az oldu, o “Darülmüəllimin”də işə düzələndən sonra vəziyyətləri xeyli yaxşılaşdı. Pyesləri teatrlarda tamaşa qoyuldu.Cəmilə Rzayeva otaqdakı sandığı göstərərək: “Bunun çox maraqlı tarixçəsi var”, - deyir.

Onları kim tanış edir?

“Mişkinaz xanım da Cavid kimi Naxçıvanda anadan olub, amma təhsil almayıb. Çox gənc yaşda məcburi yaşlı bir kişiyə ərə verilib. Amma çox duruş gətirə bilməyib, bir neçə aydan sonra baş götürüb qaçıb. O, Cavidin bacısı qızı ilə yaxın rəfiqə idi. 36 yaşlı Cavidi ailəsi Naxçıvana çağırıb, evləndirmək istəyir. Cavid əfəndi isə deyir, mən görmədən, bilmədən evlənə bilmərəm.

Bir dəfə Mişkinazı Cavidin böyük qardaşıgilə çağırırlar. Cavid o vaxt üstünə yük yığılmış sandığın arxasında gizlənərək Mişkinaza baxır. Amma işıq arxa tərəfdən düşdüyündən Mişkinazın üzünü seçə bilmir və bu işə razı olmur. Ailəsi vaz keçmir, ikinci dəfə Mişkinazı Cavidin bacısının evinə dəvət edirlər. Bu dəfə qapının arxasından Mişkinaza diqqətlə baxan Cavid razılığını verir, həmin ilin avqustunda ailə qururlar.

Cavid əfəndi Mişkinaz xanıma dərs verib, əlifbanı öyrədib. Sonralar Cavid əfəndi yazırdı ki, Mişkinaz mənim tələbələrimdən də bilikli biri oldu. O məni anlayan, başa düşən ən yaxın dostum, sirdaşım idi.

Mişkinaz xanım sadiq ailə başçısı olur. Repressiya dövründə Sibirə sürgün olunan Cavid əfəndi 1941-ci il dekabr ayının 5-də İrkuts vilayətinin Şevçenko kəndinin əlillər xəstəxanasında keçindi. Yazırdılar ki, ölümünə səbəb ürək iflici və ayaqlarının donmasından yaranan sepsisdir. Amma bunu ailəsinə düz 7 il sonra deyirlər. Görün neçə il Mişkinaz xanım məktub həsrəti ilə yanıb-yaxılıb”.

Sandığın yanında vaxtilə elə burada qoyulmuş şüşəli şkaf var. İçərisində Cavidə və Mişkinaz xanıma məxsus bir sıra əşyaları görmək mümkündür.Mişkinaz xanımın gözəl əl qabiliyyəti varmış: “Bu, Mişkinaz xanımın tikiş maşınıdır. Cavid sürgün olunandan sonra ailənin vəziyyəti pisləşir. O ağır illərdə Mişkinaz xanım ailənin dolanışığını məhz bu maşınla ödəyir.

1938-ci ildə o, “Klara Setkin” adına Sənaye Kooperativ şirkətinə işə düzəlir. 10 ilə yaxın orada çalışır. Həm dolanışıq, həm də həbsxanada olan Cavidə azuqə aparmaq üçün Mişgünaz xanım evdə nəyi vardısa, bir ucdan satırmış. Cavidin əldən düşmüş ayaqqabısını pinəçiyə vermişdi ki, onun gərəkli yerlərindən istifadə etsin. Bir gün həbsxanaya getməli, üstəlik, ayaqqabı da aparmalı imiş, amma yenisini almağa pul yox, köhnəsi də evdə deyil. Çarəsiz qalan Mişkinaz o ayaqqabıların dalınca pinəçiyə gedib: “Usta, o çəkmə qalıbsa, ver, o ölçüdə çəkmə alacam” deyir. Xoşbəxtlikdən həmin ayaqqabılar tapılır. Mişkinaz xanım onu götürüb, başqa pinəçinin yanına gedib, düzəltdirir”.

Bu, Cavid əfəndinin həm iş otağı, həm də dostlarını qəbul etdiyi otaq olub. Bir neçə əsəri məhz burada yazıb. Stol arxasında hər kəsin öz yeri olarmış.

“Turandan muğayat olun”

“Süfrənin altında qaldığından masanın gözləri istifadə edilmirmiş, Cavid müxtəlif qaralamalarını kip-kip o siyirmələrə doldururmuş. 4 iyun gecəsində evdə axtarış aparanların diqqətindən yayınıb bu siyirmələr. Möcüzə baş verir... Siyirmədə qalan əlyazmalar, eləcə də “Azər” poemasından bir hissə belə xilas olur. Cavidin adları məlum olan “Şəhla”, “Telli saz”, “Atilla”, “Çingizxan” kimi əsərləri, şeirləri şairlə birlikdə gedər-gəlməzdə itir.

Cavid əfəndi yazdıqlarını oxumağa hövsələsi çatmazmış. Ona görə də Mişkinaz, Turan xanım onları Cavidə oxuyarmışlar. Ona istinadən Turan xanım xatirələrində “Telli saz”ın nədən bəhs etdiyinə dair fikirlərini yazır.

Cavid 1939-cu ildə Sibirdən yolladığı ilk məktubunda “Turandan muğayat olun” yazmışdı. Şair “Nənəsim”, “Tuquş” deyə çağırdığı Turandan çox nigaran idi. Tale elə gətirdi ki, Cavidlərin hamısı, onların nigaran xatirələrindən muğayat olmaq yükünü ömrü boyu öz çiyinlərində daşıyan evin sonbeşiyi Turan Cavid oldu. Muzeydə gördüyünüz əsərləri, əşyaları o toplayıb.

1972-ci ildə Mehdi Məmmədov “Xəyyam” əsərini tamaşaya hazırlayanda əsəri tapa bilmirlər. Soraqlaşıblar ki, Yerevanda bir rejissorun əlindədir. Mart ayının 12-də Turan xanım 2 min manat pul toplayıb qarlı-çovğunlu gündə Yerevana gedib həmin rejissoru tapır. Əsəri rejissordan alanda əlyazma olmadığının fərqinə varır. Köçürülmə olsa belə sevincindən əsəri bağrına basıb qaçır.

Turan xanım ailə həyatı qurmadı, 81 yaşında dünyasını dəyişdi. Niyə? Çünki Ərtoğrul həmişə ona deyirdi ki, bacı, ayaqda durmağı bacar. Biz Cavid əfəndinin övladlarıyıq.Turan xanım deyirdi ki, bir gün dərsdən çıxanda gördüm atam əlində əsa küçə ilə gedir. Nə qarşıdan gələnlər, nə də arxadan gələnlər atamı keçmirlər. Hətta küçənin o biri tərəfindəki insanlar da dayanmışdılar. Mən onda gördüm ki, atam nə qədər böyük insandır”.

Kitab dolabında nümayiş olunan kitablar Ərtoğrul Cavidə məxsusdur. Birinci rəfdə görünən şəkil Cavidin böyük qardaşı Şeyx Məhəmmədin oğlu Tahir Rasizadənindir: “Cavidin həbsindən sonra ailə ilə qohumlar, dostlar yaxınlıq etməyə ehtiyat edirdilər. Amma Tahir Rasizadə onlarla həmişə əlaqə saxlayıb, ailənin hər bir üzvünə mənəvi dayaq olub. İxtisasca aqronom olan Tahir yaradıcılıqla da məşğulmuş 1942-ci ildə Böyük Vətən Müharibəsində həlak olub”.

Ailəyə məxsus ikinci otaq vaxtilə yataq otağı olub. Hazırda burada Cavidin yazı masası, qələmi, mürəkkəbqabısı, ona həsr olunan rəsm əsərləri, ölüm şəhadətnaməsi sərgilənir. O, nərd oynamağı çox sevər, heç vaxt uduzmazmış. Ən sevdiyi gül qızılgül idi. Naxçıvanda yaşadığı mənzilin qarşısı qızılgüllərlə əhatələnib. Cavid əfəndi ətir kimi qızılgül gülabından istifadə etməyi sevərmiş.

Həmişə gəzdirdiyi əl ağacı diqqətimi çəkir. Cəmilə xanımın sözlərinə görə, Cavid əfəndi sürgünə gedəndə əl ağacını özü ilə götürməyib.

“Halbuki o gün Cavid necə sevincli idi...”

Cəmilə Rzayeva: “1937-ci il iyun ayının 3-də Mərkəzi Komitə katibi Mircəfər Bağırov qurultayda çıxış edərək “xalq düşməni” aldandırdığı bir çox Azərbaycan ziyalısını, eləcə də Hüseyn Cavidi kəskin tənqid etdi. Elə həmin günün gecəsi iyunun 4-də, saat 4-də NKVD-nin qara maşını Cavidi evindən, yazı masasından, şeirlərindən, ədəbiyyatdan və həyatdan ayırmağa gəlmişdi”.

Halbuki o gün Cavid necə sevincli, fərəhli idi. Kinostudiyada “Koroğlu” ssenarisinin müqaviləsinə imza atmışdı. Ayın 5-də 5 min, qalanını isə film çəkilib qurtardıqdan sonra alacaqdı. İlk arzusu o pula Mişkinaza qulağa yapışan brilyant sırğa almaq idi.

Bəlkə başqa arzuları, alınası hələ nə qədər əskikləri vardı. Kim bilir? Bəlkə də bunları soyuq Sibirdə dəfələrlə düşünüb xəyal edəcəkdi... Kim bilir?

Mişkinaz xanım o gün heç rahatlıq tapmırdı. Nisgili saatbasaat daha da böyüyürdü. Onu narahat edən nə idi? Xatirələrində yazır: “Qara günün yelimi dəymişdi, ya nə idisə çox narahat idim. Adama bir bədbəxtlik üz verəndə elə bil əvvəlcədən duyur. Cavid axşam saat 8-də yuxudan durdu, işləməyə başladı, uşaqlar yatmışdı. Mən saat 11-də keçdim yataq otağına. Bir qədər sonra qapını açıb qəhvə istədiyini dedi. Yatağa girdiyimi görüb: “Özüm bişirərəm, sən yat” dedi”.

O qəhvəni bişirə bilmədi Cavid. Mişkinaz xanım ömrünün sonuna kimi bunun nisgilini çəkdi və o gündən sonra bir daha qəhvə içmədi.

Cavid o gecə son dəfə evdən çıxdı. Əvvəl həbsxana, iki ildən sonra Sibirə sürgün gözləyirdi onu. Məşəqqət dolu illər... Adı, əsərləri yasaqlandı. Cavidin gedişindən az sonra ailəsini də evdən çıxarıb, Sovetskidə evə yerləşdirdilər. Əgər onu ev adlandırmaq mümkündürsə... Qapı-pəncərəsi olmayan, bir neçə ailənin yaşadığı bir yer idi sadəcə. 19-20 il o şəraitdə yaşamaq və daha dəhşətli itki - Ərtoğrulun itkisi ilə üz-üzə qalmaq...

Amma yenə Cavid əfəndi deyən oldu. Bu çətin günlər də keçib getdi. 45 il aradan sonra Vətəninə, evinə döndü.

“1956-cı ildə Cavid bəraət alacaq, üzərindən “xalq düşməni” damğası götürüləcək, kitabları nəşr ediləcək, əsərləri səhnələşdiriləcək. Amma onun əsl bəraəti 1981-ci ildə olacaq. Cavidin Azərbaycana, bu evə və dünyaya göz açdığı Naxçıvana qayıdışı qeydi-adi olacaq. Ulu öndər Heydər Əliyevin verdiyi qərar sayəsində Cavidin Sibirdəki məzarı tapılıb, cənazəsi Vətənə gətirildi.

59 rəqəmi Cavid Əfəndinin həyatında mühüm rol oynayıb. O 59 yaşında rəhmətə gedib, məzarın nömrəsi, papağının ölçüsü də 59 olub, nəşi Azərbaycan gələndə Turan xanımın 59 yaşı, 4 iyun gecəsinin üzərindən 59 il ötəndən sonra Naxçıvanda türbəsi ucalıb. O bu türbədə onillərlə həsrətini çəkdiyi Mişkinaza, Ərtoğrula, Turana qovuşdu”.

Ev muzeyindəki ən böyük otaq ekspozisiya olaraq Hüseyn Cavidin və Ərtoğrulun ədəbiyyat və sənətdə qazandığı zəfərləri nümayiş etdirir. Burada Ərtoğrula məxsus sekreterdə nələr desəniz var: fırçalar, rəsm boyaları, not dəftərləri, məktəb çantası, qələmlər və s.

Cəmilə xanım: “Ərtoğrul bəstəkar, şair, rəssam və ən önəmlisi atasına layiq övlad idi. Maddi durumlarının pis olmasına baxmayaraq el-el, oba-oba gəzib folklor nümunələri toplayırmış. Qısa ömür yaşadı. 24 illik həyatında çox faydalı işlər gördü. Nizami Gəncəvinin sözlərinə romanslar yazan ilk Azərbaycan bəstəkarlarından idi. Bir çox xalq mahnılarımızın bugünə çatdırılmasında böyük zəhməti olub.

Konservatoriya tələbəsi olmasına baxmayaraq, onu əsgər aparıb, həyatını qaraltdılar. Əsgərliyə getməmişdən əvvəl öz müəllimi Üzeyir bəyə, Bülbülə yazdığı məktublarda xahiş edirdi ki, anasından, bacısından muğayat olsunlar və onların işləməsi üçün köməklik göstərsinlər. Həqiqətən o dövrdə Üzeyir Hacıbəyli əlindən gələn köməyi əsirgəmədi. Mişkinaz xanım “Klara Setkin” adına tikiş artelində, Turan xanım isə radioda çalışması məhz onun sayəsində baş tutdu.

Onu “Xalq düşməni”nin oğlu adıyla Gürcüstanda ağır tunel tikintilərində işlədirlər, bu onun səhhətinə çox pis təsir edir, vərəmə tutulur. Buna baxmayaraq onu evə buraxmırlar, xəstəliyin ən pik nöqtəsində yalnız Naxçıvana getməyə izn verirlər. Orda da 10-15 gün qalandan sonra vəfat edir. Nə anası, nə də bacısı ilə vidalaşa bilir.

Ərtoğrulun özünün pianinosu olmayıb. Konservatoriyada dərs deyən vaxt həmişə boş otaq axtarırmış. Harda pianino olsa gedib çalarmış. Onun həmçinin gözəl rəssamlıq qabiliyyəti olub. Muzeydə sərgilənən Şekspirin, Bethovenin şəkillərini özü çəkib. Həm də çox yaxşı şahmatçı idi”.

Bu otaqda iki rəsm diqqəti çəkir. Mərkəzi pəncərənin sağ və sol tərəfində asılan iki nisgilli əsər: biri Ənvər Əliyevin “İblis” operasının yaranması, biri də Altay Hacıyevin “Son yayı”.

Birinci rəsmdə pianino arxasında “İblis”dən fraqment çalan bəstəkar Müslüm Maqomayev, yanında Pənah Qasımov, Üzeyir bəy qoltuqda əyləşib. Cavidlə Hənəfi Terequlov stolun arxasında oturublar. Pəncərədəki isə Ərtoğruldur.

“Pənah Qasımov ailəsiylə məhz bu otaqda yaşayırmış. Pənah bəy, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli bacanaq idilər. Üzeyir bəy Cavidin librettosu əsasında “Şeyx Sənan” yazacağını deyirdi, Müslüm bəy isə “İblis”i artıq yazmağa başlamışdı.

“Son yay”da təsvir olunan insanlar sonra bir daha bir araya gələ bilmədilər. Bu insanlar tez-tez Xəzər sahilində qonşu bağlarda ev kirayələyirmişlər. Burda təsvir olunan isə 1936-cı ilin yayıdır. Kimlər yoxdu: Müşfiq, Əhməd Cavad, Rəsul Rza, Ənvər Məmmədxanlı və iki bibisi qızı Arifə, Həbibə. Həbibə ilə Turan xanım yaxın rəfiqə olublar”.

O yaydan sonra bu insanlar daha bir yerə toplana bilməyəcəkdi. Başlanan repressiyalar, uzaq, soyuq Sibirdə keçən nisgilli, nigaran həyatlar...

Bu isə Cavidin Sibirdən boylanan son məktubudur. Bunun son olduğunu 7 ildən sonra bilib bağrına basacaqdı Cavidlər ailəsi...

“Əziz Mişkinaz!

Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi hər ay teleqrafla 50, ya 60 manat göndərin. Bağlama lazım deyil. Amma hər yarım aydan bir mənə səhhətiniz haqqında yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın.

Yenə öpürəm sizi. H. Cavid 27 may, 1941”.

Foto: Elçin Murad


Müəllif: Nərmin Muradova