9 Yanvar 2018 09:19
3 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxucuları maraqlandıran suallardan biri də budur ki, görəsən, şair sevilən şeirini kimə həsr edib, yaxud onu necə və harada yazıb.

Teleqraf.com-un “Bir şeirin tarixçəsi” layihəsinin budəfəki hekayәtçisi xalq şairi Musa Yaqubdur.

O, “Bu dünyanın qara daşı göyərməz” şeiri haqda danışır:

“Əhmədlidə yaşadığım vaxtlar idi. Evimiz Əhmədlinin ən sonuncu, ən tənha eviydi. Yaxınlıqda əhəng daşı karxanası vardı. Orda əhəng daşı yandırırdılar, şöləsi pəncərəmizə düşürdü. İlahi, o daşlar necə zülmlə yanırdı.

O daşlara baxdıqca fikirləşirdim ki, sən demə, inadkarlıq edəndə daşı da yandırmaq olurmuş. “Əhəng daşı” adlı bir şeir də yazmışdım. Gecə-gündüz düşünürdüm ki, insan da qüvvətlidir, alov da. Daş isə dözümsüzmüş. Beləcə, fikrimdə bu misra yarandı: “Bu dünyanın qara daşı göyərməz...”

Bu şeiri elə ürəyimdə saxlayırdım. Bir gün Mirzə Ələkbər Sabir adına kitabxanada şair Qabillə görüş idi. Mən onda Qabillə “Azərbaycan” jurnalında bir yerdə işləyirdim. Görüşə məni də özü ilə aparmışdı.

Qabil orda məndən şeir deməyimi istədi. İlk dəfə bu şeiri həmin görüşdə oxudum. Şeiri oxuyandan sonra Qabil çox təəccübləndi. Dedi ki, bu şeiri nə vaxt yazmısan, niyə jurnala verməmisən? Sonra şeir jurnalda çıxdı və çox məşhurlaşdı.
O vaxtlar hər il oktyabrın 7-sində yığışardıq. Bu görüşlərdə televiziya üçün çəkiliş də edirdilər. Bütün şairlər, yazıçılar orda olurdu. Birdən Qabil dedi ki, Mirzə müəllim, icazə verin, Musa o şeiri oxusun. Mən də soruşdum ki, hansı şeiri? Dedi, “Bu dünyanın qara daşı göyərməz” şeirini. Dedim, əşşi, camaat oktyabr şeiri oxuyur, noyabr şeiri oxuyur, siyasi şeirlər oxuyur, mən durum bu şeiri oxuyum? Dedilər ki, hə, oxu. Durdum, o şeiri oxudum.

İstədilər əl çalsınlar, sanki cəsarət etmədilər. Fikirləşdilər ki, sovet hökumətinin qurulmasına ünvanlanan şeirlər hara, bu hara. Əllərini saxladılar. Bu dəmdə Rəsul Rza birdən ayağa qalxıb, "çox gözəl şeirdi" deyib, əl çalmağa başladı. Ondan sonra hamı alqışladı. Hardasa yarım saat əl çaldılar.

Düzdür, daha qüvvətli şeirlərim də var, ancaq bu şeir də çox sevildi”.


Müəllif: Xəzər Süleymanlı