3 May 2018 08:43
3 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın inkişafı müharibələrdən keçir. Müharibəsiz dünya bugünkü inkişaf səviyyəsinə çata bilməzdi. Bu fəlsəfə nə qədər radikal görünsə də, tərkibində dünyada ən çox müraciət olunan inkişaf formulları vardır. Düzdür, müharibələr ən böyük imperiyaları dağıtsa da, bəşəriyyətin yaşam səviyyəsini, elm və sənət anlayışını bir pillə yuxarı daşıyıb. Bu məntiqlə düşünsək, yaradılışın təməlində bir az da xaosun olduğunu görərik. Harmoniyasızlıq, absurdluq, özbaşınalıq, nizamsızlıq və ən əsas xaos təkrarsız sənət yaradır. Bəlkə də biz yenidən doğulmaq üçün, müharibə arzulayırıq. Hamı müharibəni səbrsizliklə gözləyir. Tarixən də belə olub. Bizim insanların zəfər hayqırtısı topun, tüfəngin səsini boğa bilib. İndi bir anlıq təsəvvür edin ki, işğaldakı torpaqlardan - Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan keçirsiz. Nə gözəl hislərdir, deyilmi?

İndi gəlin o yerlərə bir də Qarabağa səfər etmiş almaniyalı musiqiçinin gözüylə baxaq.

Xarabalıqlardan çıxmış pianoçu

Əsl adı Volker Bertelman olan Hauşka almaniyalı bəstəkardır. Eksperimental musiqi janrında yüksək ifaçılıq bacarığı olan pianoçu 14 yaşında rok janrında ilk mahnısını bəstələyir. Bundan sonra televiziya üçün musiqi yazmaq təklifləri alır. Amma Köln şəhərinə köçdükdən sonra musiqidən uzaqlaşır və əczaçılıq üzrə oxuyur. Çox keçmir ki, yenidən musiqiyə qayıdır.

O deyir ki, köhnə kənd və şəhərlərdə bir zaman kəsiyi var: sanki binalar yerindədir, ancaq heç kim yoxdur. Ağrılı tərəfi isə budur ki, o yerləri gəzəndə adama elə gəlir ki, insanlar hər şeyi olduğu kimi buraxıb, harasa yoxa çıxıblar. O yerlərdə zaman donub, keçmişlə gələcəyi özündə əks etdirir. Elə yerləri çox sevirəm. Mənə daxili dünyamı xatırladır. Mən də musiqi yazanda çölümdəkiləri olduğu kimi buraxıb, öz içimə çəkilirəm. Bir az qəmli, bir az dağınıq, bir az səssiz, bir az da soyuq oluram. Amma eyni zamanda ümidlərim diri olur. Hiss edirəm ki, içimdəki təlatümlə çölümdəki sükut çox keçmədən qovuşacaq. Onların qovuşmasından bənzərsiz gözəlliklər yaranacaq.

Ağdam

O yerlərdən keçirəm. Burdakı evlər necə də mənim kəndimdəki evlərə bənzəyir. Heç kim yoxdur və dərhal düşünürsən ki, necə də qəribədir. Ağdamın tərk edilmiş evlərini, həyətlərini gəzirəm. Qapılar açıq, evlərin kandarında başmaqlar. Sanki kimsə o başmaqları indicə ayağından çıxardıb və evə girib. Külək pərdələrin yaxasından yapışıb bərk-bərk silkələyir, nəsə demək istəyir. İplərdən asılmış paltarlar daşlaşıb. Dağıdılmış evlərin içərisində toz-torpaq içində oyuncaqlar. Adam onları yerdən götürüb qucaqlamaq istəyir. Oyuncaqların taleyi düşündürür səni. Görəsən, bu oyuncaqlar kimin olub? O insanlar bu yerləri xatırlayırlarmı? Yox, xatırlaya bilməzlər. Çünki onlar burdan gedəndə çox balaca idilər. Oyuncaqlarda balaca əllərinin izləri də qalıb.
Saxsı dibçəklərdə güllərin yerinə ot-alaq bitib. Bu dibçəklərdə yenidən güllər bitəcəkmi? Gərək bu otlar, alaqlar təmizlənə. Bəlkə bundan sonra güllər özündə yenidən cücərmə taqəti tapa.

Hauşka Almaniyaya qayıdan kimi, gördüklərindən təsirlənir və Ağdama musiqi bəstələyir. Bəstələdiyi musiqinin özəlliyi isə odur ki, musiqidə eşidəcəyiniz bütün səslər, hətta ritmlər belə, pianonun dillərində ifa olunub.

Musiqini təqdim edirik.


Müəllif: Xəzər Süleymanlı