29 Aprel 2014 14:55

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türk dünyasının məşhur sənətçiləri ilə KİV nümayəndələrinin görüşü olub.

Teleqraf.com-un xəbərinə görə, sənətçilərin Bakıya toplaşmaqda məqsədi Azərbaycan-Türkiyə Evi (ATEV) təşkilatının təşəbbüsü ilə keçiriləcək “Türklük Şöləni”ndə iştirak etməkdir. Türk dünyasından qatılacaq sənətçilər 2 may tarixdə Azərbaycan Dövlət Opera və Balet Teatrında geniş konsert proqramı ilə çıxış edəcəklər.

Giriş sözü ilə çıxış edən ATEV-in rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbir “Şah İsmayıl – Sultan Səlim Simpoziumu” və “Atatarük Simpoziumu” , “Xocalı Soyqırımının Tanıdılması” kimi layihələrin davamıdır:“Bu konfransda şölənə qatılacaq sənətçilərin bir qismi iştirak edir. Ahmet Şəfəq də tezliklə Azərbaycana gələcək. Ümid edirəm ki, bu şölənin əks –sədası çox geniş yayılacaq”.

“Özümü doğmalarımın arasında hiss edirəm”

Dağlıq Şor bölgəsinin tanınan sənətçisi Çıltıs Tannaqaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirib: “Şor türkləri və Azərbaycan türklərinin kökləri eynidir. Biz hamımız ümumilikdə türk ailəsinə mənsubuq. Bura gəlməmişdən öncə deyirdilər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gəldim və bu sözün həqiqət olduğunu gördüm. Bura ilk gəlişim olmasına baxmayaraq özümü doğmalarımın arasında hiss edirəm. İnanıram ki, əcdadlarımızın ruhunun qədim musiqi və mədəni düşüncəsini qoruyub saxlayan Şor türklərinin mədəniyyətinə və musiqisinə Azərbaycanda da çox böyük bir maraq oyadacaq”.

“Bakı xəyalım idi”

Altay bölgəsinin nümayəndəsi Marina Saksayeva Azərbaycan barədə məlumatlı olduğunu bildirib:“Altayda zaman-zaman keçirilən türk dünyası ilə bağlı məqalələr, elmi toplantılar vasitəsi ilə bura ilə ilk tanışlığım yaranıb. Bu Bakıya ilk gəlişimizdir və hamınızı konsertdə dəvət edirəm. Orda məni yaxından tanıyacaqsınız”.

Çağdaş Saka musiqisinin canlı əfsanəsi sayılan Yuliyana Krivoşapkina bu dəvəti məmnunluqla qəbul etdiyini bildirib:“Azərbaycan və Bakı mənim xəyallarımın və duyğularımın bir parçasıdır. Ona görə dəvəti sevinclə qarşıladım və gəldim. Bakı çox gözəl şəhərdir, insanları isə çox gülərüz, mehribandır”.

Nərmin


Müəllif: