4 Mart 2015 23:31
356

Bu gün ingilis dilində nəşr olunan “Azeri Observer” jurnalının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə “Azeri Observer” jurnalının baş redaktoru Arslan Abbasov açıb. Jurnalın baş direktoru Fazil Abbasov çıxışında bildirib ki, indiyə qədər “Azeri Observer” jurnalının 4 sayı çap olunub: “Jurnalın bu günə kimi, yalnız 4 sayı çap olunub. “Azeri Observer” jurnalının oxucular arasında rəğbətlə qarşılanmasına arxayın olduqdan sonra onun təqdimatını keçirməyi qərarlaşdırdıq”.

F. Abbasov daha sonra əlavə edib ki, “Azeri Observer”in hər sayı Beynəlxalq Media Mərkəzinin newspaperdirect.com saytında yerləşdirilir: “Azeri Observer”in tematikası rəngarəngdir. Jurnalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərlərinə geniş yer verilib. Jurnalda ölkənin tarixindən, turizmindən, mədəni, iqtisadi, elmi həyatından yazılar çap olunur. Habelə, jurnalımızda ədəbiyyat və karikatura guşələri də mövcuddur”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azeri Observer” jurnalının əsas məqsədinin ölkənin həyatında baş verən iqtisadi, mədəni, idman həyatında baş verənləri peşəkar şəkildə Azərbaycanda yaşayan ingilis dilli insanlara çatdırmaq olduğunu söyləyib: “ Jurnalda Azərbaycanda çalışan səfirlər, onların ölkələri haqda da maraqlı və müfəssəl məlumatlar çap olunur. Bu jurnalda peşəkarlar çalışır. Mətbuat Şurası “Azeri Observer” jurnalının gələcəyinə inanır”.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo “Azeri Observer” jurnalının yarandığı gündən Azərbaycan-İtaliya münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib. Tədbirdə həmçinin “Azeri Observer” jurnalının İtaliyada bürosunun açılmasınında təqdimatı keçirilib. İtaliya bürosunun rəhbəri Covanni Bella jurnalda İtaliya-Azərbaycan əlaqələrini əks etdirən xüsusi bölmənin yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, “Azeri Observer” jurnalı “Assa-İrada” beynəlxalq xəbər agentliyi tərəfindən təsis edilib.


Müəllif: