17 Noyabr 2017 08:31
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxlu sayda şahzadə, nazir və biznesmenlərin həbsi ilə dünyanın gündəmindən düşməyən Səudiyyə Ərəbistanı son zamanlar ABŞ və Avropa ölkələrindən silah ixracatını rekord həddə çatdırıb. Buna görə Səudiyyə Orta Şərqdə silahlanma yarışını stimullaşdırmaqda tənqid edilir.

Teleqraf.com xəbər verir ki, Ər-Riyad bu il ABŞ-la 110 milyard dollarlıq silah-sursat anlaşması imzalayıb, üstəlik Böyük Britaniyadan aldığı silahların miqdarını 5 dəfə artırıb.

Almaniyanın İqtisadiyyat Nazirliyindən isə bildiriblər ki, 2017-ci ildə Səudiyyə Ərəbistanına silah satışında əvvəlki illə müqayisədə 3,5 dəfə artım baş verib.

Qeyd edilir ki, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdülzəziz ölkəni idarə etməkdə çətinlik çəkdiyi bir ərəfədə siyasi səhnəyə “yeni və güclü şəxsiyyət” kimi təqdim olunan vəliəhd şahzadə Məhəmməd bin Salmanı çıxarıb. Faktiki olaraq ölkədə liderliyi ələ alan şahzadə Məhəmməd bin Salmanın fəaliyyətə başlaması faktiki olaraq bu ölkənin bölgədə silahlanmaya start verməsi ilə müşayiət olunur.

ABŞ-da Orta Şərq üzrə mütəxəssis Joşua Landis isə türk mediasına deyib ki, Səudiyyə Ərəbistanı açıq şəkildə daha aqressiv bir mərhələyə daxil olur:

“Orta Şərq liderləri daxili müxalifətə daha çox təzyiqlər göstərir və digər ölkələrdə üsyançı hərəkətləri tətikləməyə çalışmaları İran və Səudiyyə arasında müharibə risqinin artması ilə müşahidə olunur. Hər iki tərəf müharibə risqinə görə daha çox silahlanmaya can atır. Qərbin iri silah şirkətləri isə daha tutarlı silah müqavilələri imzalamaq haqqında düşünür”.

Son dövrlər Səudiyyənin silahlanma xərclərini qiymətləndirən “Vaşinqton Post” qəzeti hesab edir ki, Səudiyyə Ərəbistanı silah almağa dair anlaşmaları ilə Qərbin Yəmən məsələsində səssizliyini “satın” almış olub.

Səudiyyə Ərəbistanının Qərb ölkələri üçün cazibəsinin ancaq silah satışı ilə bağlı olmadığını irəli sürən “Vaşinqton Post” qəzeti hesab edir ki, enerji devi kimi tanınan ARAMCO-nun xalqa verilməsi ABŞ və Avropa ölkələri tərəfindən müsbət qarşılanıb. Qeyd edilir ki, bütövlükdə Səudiyyə Ərəbistanı tərəfindən nəzarət edilən ARAMCO-nun gəlirlərinin 5 faizinin xalqa verilməsi planlaşdırılır.

Mütəxəssislər ARAMCO-nun xalqa verilməsini ən böyük hadisə kimin qiymətləndirir və hesab edir ki, Ər-Riyad 100 milyard dollarlıq gəlir əldə edəcək.

Statistik məlumatlara görə, 2017-ci ilin üçüncü rübündə Ər-Riyad Almaniyadan 148 milyon avroluq silah alıb. 2016-cı ildə isə Almaniya Ər-Riyada 530 milyon avro dəyərində silah satışı həyata keçirib.

“The İndependent” qəzeti dəə Yəməndə 2015-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Səudiyyə Ərəbistanının İngiltərədən aldığı silahların miqdarını 5 dəfə artdığını bildirib. Qeyd edilir ki, Ər-Riyad Yəməndə husilərə qarşı hava əməliyyatlarına başladığı dövrdən bu yana İngiltərədən 4,6 milyard sterlinq dəyərində raket, bomba və digər silahlar alıb.

Səudiyyə Ərəbistanına silah satışının müzakirə edildiyi ABŞ Konqresində çıxış edən senator Rand Paul qeyd etmişdi ki, Ər-Riyada silah satışı bölgədə silahlanmanı stimullaşdıracaq. Senator 20 dəqiqəlik çıxışı zamanı ABŞ-ın Səudiyyəyə silah satması ilə İran və İsrailin müdafiə və təhlükəsizlik sahələrinə xərcləri artıracaqlarını və beləliklə Orta Şərqdə silahlanmanın yolunun açılacağını bildirmişdi.

“Financail Times”də bu mövzuda məqalə yazan məşhur jurnalist Filip Qordon isə qeyd edib ki, prezidentlik səlahiyyətinin icrasına başladığı ilk gündən Tramp Ər-Riyad iqtidarına açıq anlaşma təklif edib: “Daha çox Amerika silahı al, ABŞ-a yatırım et, aşırı islamla mücadiləni davam etdir və bunun qarşılığında sizə hər cür dəstək verəcəyik. İranla mübarizədə, Yəməndəki müharibədə, Qətərin izolyasiyasında və daxili məsələlərdə dəstəyə ehtiyac duysanız dəstək alacaqsınız”.


Müəllif: Teleqraf.com