15 Aprel 2014 22:59
549

Türkiyədə Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğluna Cümhuriyyət Nişanı verilməsi ilə bağlı tədbir keçirilib. Mərasimdə çıxış edən prezident Abdulla Gül, "Bu nişanı ömrünü krımlıların haqqını bərpa etməyə, həqiqətləri dünyaya eşitdirməyə həsr edən Krımoğluna təqdim etməkdən qürur duyuram", - deyə bildirib.

Krım Tatar türklərinin Orta Asiya başda olmaqla, müxtəlif ölkələrə sürgün edildiklərini xatırladan Gül, çox sayda Krım türkünün də Türkiyədə yaşadığına xatırladıb.

Krımoğlunun da sürgündə doğulduğunu və həyatını Krım türklərinin hüquqlarının müdafiəsinə həsr etdiyini vurğulayan Gül, onun Krım türklərinin sürgünün ardından öz yurdlarına dönüş mübarizəsində oynadığını rola diqqət çəkib.

"İddiası müqəddəs, əzmi sabit olunca, krımlılar vətənlərindən qopmayacaqlarını sübut edə bildilər. Krım türklərinin gələcəkdə daha həmrəy hərəkət edəcəklərinə inanıram. Tatar qardaşlarımızın indiyə qədər olduğu kimi bundan sonra da üzərilərinə düşən işləri məsuliyyətlə görə biləcəklərinə inanıram", - deyə, Abdulla Gül bildirib.

Krım Tatarlarının lideri və Ukrayna Radasının deputatı olan Mustafa Əbdülcəmil Kırımoğlu öz çıxışında bildirib ki, Krım yarımadası Rusiya tərəfindən işğal edilib və Ukrayna hazırda çətin vəziyyətdədir.
“Rusiya Ukraynanın çətin vəziyyətindən istifadə edərək, Krımı işğal etdi. Bu işğal, bizə 1944-cü ildə yaşanan sürgün hadisəsini xatırlatdı. Bildiyiniz kimi xalqımızın yarısını o faciədə itirdik. 70 il sonra yenə bizim torpağımıza Rusların tankları girdi. Bu gün 1944-cü il deyil. Bu gün bu zorakılığa minlərlə insan qarşı çıxır. Ümid edirik ki, bu uzun sürməyəcək. Bizim çətin vəziyyətimizdə Türkiyə Respublikası tərəfsiz qalmadı. Ukraynaya kömək əlini uzatdı ", - deyə, Krımoğlu bildirib.


Müəllif: