18 Fevral 2015 10:48
1 944

Rusiya prezidenti Vladimir Putin bir sıra ölkələrin Ukraynaya silah verdiyini bildirib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Putin bu barədə Budapeştdə bu ölkənin baş naziri Viktor Orbanla görüşünün nəticələrinə həsr olunan mətbuat konfransında danışıb.

"Bizdə olan məlumata görə, artıq Ukraynaya silah göndərilir", - Putin Ukraynaya silah verilməsinə Rusiyanın reaksiyasının necə olacağı barədə jurnalistin sualını cavablandırarkən belə deyib.

O qeyd edib ki, beynəlxalq birlik tərəfindən Ukraynaya silah verilməsi Donbasda vəziyyəti köklü surətdə dəyişməyəcək.

"Ukraynaya nə qədər hərbi yardım edilməsindən asılı olmayaraq, Donbasdakı vəziyyət köklü şəkildə dəyişməyəcək. Yalnız qurbanların sayı arta bilər. Ukrayna hərbçilərinin böyük əksəriyyəti qardaşını öldürmək üçün müharibədə iştirak etmək istəmir. Donbasın əhalisi isə bütün gücü ilə öz ərazisini müdafiə etmək niyyətindədir", - Rusiya prezidenti deyib.

Putinin sözlərinə görə, Ukraynada hərbi əməliyyatların davam etməsinə görə məsuliyyət bu ölkənin hakimiyyətinin üzərindədir:

"Ukrayna hakimiyyəti üçüncü dəfə ordudan istifadə etməklə döyüş əməliyyatlarına başlamaq qərarı verdi. Əvvəlcə Aleksandr Turçinov antiterror əməliyyatlarının başlandığını bəyan etdi, daha sonra Poroşenko hərbi əməliyyatların yenidən başlanmasına qərar verdi, indisə bu üçüncü dəfə baş verdi", - Putin deyib.

Nihad


Müəllif: