21 İyun 10:30

Bakıda Yunis Əmrə İnstitutunda Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 102 tələbədən biri İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçirildi.

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından çıxan kitabın təqdimatına Saryalın nəvəsi Nilgün Saryal, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, professor Ədalət Tahirzadə, tarixçi alim Firdovsiyyə Əhmədova, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, kitabın naşiri, yazıçı Şəmil Sadiq, ədəbiyyatşünas Mehdi Gəncəli, Azər Turan, Şəlalə Ana və başqaları qatıldılar.

Tədbiri giriş sözü ilə açan Nüşabə Vəkilova Saryal ailəsi ilə qohumluğundan, mərhum Vaqif Səmədoğlunun bu kitabla tanışlığından danışdı: “Vaqif bəy kitabın türkcəsini oxuyandan sonra mənə dedi ki, bu kitab “Əli və Nino” qədər önəmlidir. Mütləq geniş yayılması lazımdır”.

Daha sonra çıxış edən Yunis Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım kitabı maraqla oxuduğunu, Azərbaycan-Türkiyə münasibətləri baxımından önəmli olduğunu dedi.

İsmayıl Saryalın nəvəsi, professor Nuri Saryalın qızı Nilgün Saryal hələ Sovet hökuməti zamanı Bakıdan onlara evinə gələn yaxın qohumları ilə bağlı xatirələrindən danışdı, uşaq vaxtı keçirdiyi həyəcanı indi yenidən yaşamağın sevincindən danışdı: “Bizim evdə Azərbaycan günləri keçirilirdi. Babamdan hər dəfə Azərbaycanla bağlı xatirələrini soruşardılar, o da həvəslə danışardı. Ona deyərdilər ki, bu xatirələri yaz. Nəhayət, bir gün yazı makinasının qarşısına əyləşdi və yazmağa başladı”.

Xatirələrini göz yaşı içində danışan Nilgün Saryal çıxışını Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikri ilə tamamladı.

“Azərbaycan Cümhuriyyəti tələbələri” kitabında İsmayıl Saryalın həyatı haqqında yazarkən “Bakı ruzgarı” kitabından çox faydalandığını deyən professor Ədalət Tahirzadə Ankarada Saryal ailəsi ilə görüşündən, dövlət arxivlərində olan materiallardan danışdı. Ə.Tahirzadə maraqlı bir məqama da toxundu: “1937-ci ilin istintaq materialları ilə tanış olarkən gördüm ki, ölkədəkilər məharətlə istintaqçıların suallarından yayınsalar, yalan danışmağı bacarsalar da, xüsusən, Almaniyada təhsil alıb qayıdanlar bunu edə bilməyiblər. Onlar dürüst olublar, verilən sualları olduğu kimi cavablandırıblar. Yəqin ki, bu alman mühiti ilə bağlı olub”.

Millət vəkili Qənirə Paşayeva çıxışında Saryal ailəsi ilə olan dostluğundan danışdı: “Ankarada Saryal ailəsinin evinin pəncərəsindən böyük Azərbaycan bayrağı asılıb. Gənclər bu kitabları oxumalı, tədqiq etməlidirlər”.

Tarixçi alim Firdovsiyyə Əhmədova Saryalın Bakıda yaşadığını illərə toxunub: “Biz tarixçilər dönəmi tədqiq edərkən arxivdəki sənədlərdən istifadə edirik. Amma bəzi məsələlər var ki, bunları ancaq memuarlardan bilmək olur. Məsələn, İsmayıl bəyin ölkədən necə çıxması haqqında biz ancaq onun bu kitabından öyrənirik”.

Kitabın naşiri, yazıçı Şəmil Sadiq əsərin nəşr tarixindən danışdı, “Xatirə ədəbiyyatı” seriyasının 50-ci nəşrindən sonra daha geniş bir təqdimatın da olacağını bildirdi.

Tədbirin sonunda Nilgün Saryal iştirakçılar üçün babasının kitabını imzaladı.


Müəllif: Dilqəm Əhməd