19 İyul 2014 19:47

USAİD-in 2, 4 milyon dollar verəcəyi təşkilat Azərbaycan jurnalistlərindən uzaq durur

ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub. Hələlik müsabiqəyə hansı təşkilatın layihə təqdim etdiyi açıqlanmayıb. Ölkənin aparıcı KİV-lərinin rəhbərləri "Gündəlik Teleqraf" qəzetinə verdikləri açıqlamada 2,4 milyon dollar dəyəri olan layihədən xəbər tutmadıqlarını və müsabiqədə iştirak etmədiklərini bildiriblər. Lakin "Gündəlik Teleqraf"ın araşdırması nəticəsində "IREX-Azərbaycan" təşkilatının bu müsabiqədə iştirak etdiyi məlum olub. Bəs, uzun illərdir Azərbaycanda fəaliyyət göstərən "IREX-Azərbaycan" təşkilatının ölkədə gördüyü işlər nə cür qiymətləndirilir?

Jurnalist təşkilatları, qəzetlər, portallar IREX-Azərbaycandan indiyədək nə fayda görüblər?

"Səfirliyin bəyanatı durumu tam izah etmir"

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) rəhbəri Müşfiq Ələsgərli bildirib ki, USAİD tərəfindən onların burdakı təmsilçisi ABŞ səfirliyi açıqlama versə də, əslində bu izahat özü yaranmış durumu tam izah eləmir: "Təbii ki, onlar dediklərində əsaslıdırlar. Həqiqətən də, sayta material qoyublar və sair. Amma bunun əsasında geniş bilgiləndirmə və təbliğat işi aparılmayıb. Bizim jurnalist təşkilatları və media qurumları haqlı olaraq açıqlama verərək bildiriblər ki, ənənəvi olaraq USAİD-in layihələri, müsabiqələri geniş kampaniya şəklində keçirilirdi. Həmişə ictimaiyyətə layihələrin, müsabiqənin mahiyyəti, məqsədi barədə geniş məlumatlar verilirdi. KİV qurumlarına təkliflər göndərilirdi ki, bu müsabiqədə iştirak etsinlər. Müsabiqəyə qatılmaq forması barədə izahat işi aparılırdı və sair və ilaxır. Yəni, hər şeydən hiss olunur ki, bu dəfə sanki üstüörtülü, qapalı şəkildə müsabiqə keçirilməsinə cəhd olunub və bunun da üstü açılıb. Amma nəyə görə bu formada keçirmək istəyiblər, artıq bu məsələnin başqa tərəfidir. Bu məsələdə mən başqa KİV qurumlarına da münasibətimi bildirmişəm".

"Donor qarşımıza tələb qoyurdu"

M.Ələsgərli qeyd edib ki, ümumiyyətlə, beynəlxalq donor təşkilatlarda qrant müsabiqələri və qrantların təyinatı üzrə verilməsində son vaxtlar ciddi problem hiss olunmaqdadır: "Mən bunu USAİD-lə yanaşı, digər beynəlxalq təşkilatlara da şamil etmək istərdim. Çox açıq tendensiya şəklində hiss olunan problem ondan ibarətdir ki, layihələrin verilməsində, adətən, ənənəvi olaraq 3 variantdan istifadə olunur.

Bunlardan biri layihələrin müsabiqəli variantıdır ki, donor təşkilat müsabiqə elan edir və qrantı konkret mövzular üzrə verirdi. İkinci variant sifarişli layihələr idi. Tutaq ki, ortaya bir aktual mövzu çıxırdı. Donor təşkilatlar da partnyor təşkilatlara müraciət edirdi ki, belə bir mövzu var, onu işləyin. Üçüncü varianta isə "açıq qapı prinsipi" deyirdilər. Tutaq ki, hansısa bir qeyri-hökumət təşkilatı və KİV qurumu fikirləşirdi ki, məsələn, filan istiqamətdə layihə icra etmək yaxşı olar, - bu, cəmiyyətə və ya söz azadlığının inkişafına fayda verə bilər. Beləliklə, QHT-lər və KİV qurumları "açıq qapı" prinsipi ilə donor təşkilatına müraciət edirdilər ki, bizdə belə bir ideya var, onu gerçəkləşdirmək lazımdır. Ağlabatan olursa, təbii ki, onlar da bunu yerinə yetirirlər. Amma hansı variantda keçirilməsinin, yəni, "açıq qapı" prinsipi, sifarişli layihə, yaxud müsabiqəli layihələr olmasının fərqinə varmadan hər üç variantı birləşdirən bir məsələ vardı ki, layihələr ətrafında geniş kampaniya işi aparılırdı. Mən Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri olaraq layihələrlə, donorlarla işləmək üçün haradasa 16 illik təcrübəyə malikəm. Bizim təşkilatımız və mən bu illər ərzində fasiləsiz olaraq layihələr icra etmişik. Ənənəvi olaraq icra etdiyimiz layihələrin hamısında layihənin icrası ilə bağlı müqavilə bağlanarkən donorun qarşıya qoyduğu bir şərt olurdu. Şərtlər bir neçə bənddən ibarət olurdu, amma o şərtlərdən biri - dəyişməz olanı, daim vurğulananı mütləq həmin layihənin kampaniyasının, piarının aparılmasından ibarət olurdu. Məqsəd də bundan ibarət idi ki, cəmiyyət bu layihənin gedişatı, nəticələri, verdiyi effekt barədə məlumatlı olsun. İstisnasız olaraq bütün layihələrdə biz həmişə donorlarla müqavilə bağlayanda bu şərti layihənin piarının aparılmasının mütləqliyini qarşımıza şərt qoyublar".

"Niyə bu layihənin piarı aparılmayıb?"

Müsahibimiz bildirib ki, zatən, layihənin həyata keçirilməsinin mahiyyəti də bundan ibarətdir: "Amma son vaxtlar bunun əksi baş verir. Biz indi xəbər tuturuq ki, tutalım, hansısa layihənin müsabiqəsi keçirilib, hansısa layihələr icra olunub və sair. İndi hökumət qurumları araşdırma apardıqdan sonra, yaxud da hansısa jurnalist təşkilatı hansısa vasitə ilə məlumat alır ki, belə bir layihənin elanı verilib və müddəti başa çatıb. Sual yaranır; niyə bunun piarı aparılmayıb? Niyə onun təbliğat kampaniyası keçirilməyib? Təbliğat kampaniyasının aparılmaması, layihənin piarının qurulmaması, geniş ictimailəşdirilməməsi artıq burda şübhəli məqamlara yol açır. Son vaxtlar USAİD-in elan etdiyi qrant layihəsi ətrafındakı fikirlər də ondan qaynaqlanır ki, niyə bu tendensiya dəbə minib. Niyə bu cür tendensiyalar ancaq Azərbaycana gətirilir və sair və ilaxır. Bu suallara ABŞ səfirliyi açıqlama verib, amma yaxşı olardı ki, bu məqamlara daha geniş formada aydınlıq gətirsinlər".

"Partnyor seçimində də yanlışlığa yol verilir"

Jurnalist təşkilatının rəhbəri qeyd edib ki, təsadüf olunan başqa məqamlardan biri partnyor seçimi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda şəbəkələşmiş, legitim olan bütün jurnalistika təbəqəsini əhatə edən, onun adından çıxış etməli olan təşkilatlar qalır bir kənarda, bəzən elə təşkilatlar partnyor seçilirlər ki, o təşkilat ancaq bir rəhbərdən və bir kampaniyaçıdan ibarət olur: "Hansı ki, geniş strukturu, jurnalistika arasında tanıtımı olmur və sair. Yəni, niyə bu cür təşkilatlar partnyor seçilirlər? Bunun özü də layihələrin elanı və icrası ətrafında son vaxtlar yaranmış qaranlıq məqamlardan biridir".

"Aydınlıq gətirilməlidir"

M.Ələsgərli bildirib ki, onlar İREX-in Azərbaycanda layihə icra etməsinin əleyhinə deyillər: "İREX dünya miqyasında fəaliyyət göstərən böyük təşkilatdır. Onun Azərbaycanda da vaxtilə effektiv fəaliyyəti olub. Xüsusilə yeni media, yeni medianın Azərbaycanda tanıtımı, oturuşması, strukturlaşması baxımından onların Azərbaycanda çox böyük fəaliyyətləri var. Onlar Azərbaycanda internet köşklərin qurulması ənənəsini qoyublar. Yeni media ilə bağlı proqramlar hazırlayıblar və sair. Yəni, bu çox böyük fəaliyyətdir və alqışlanmalıdır. Biz çox istərdik ki, bu layihəni də elə İREX kimi təşkilatlar icra etsinlər və bir effektini görək. Amma nədənsə bu dəfə qeyd etdiyimiz tendensiya, yəni işin örtülü şəkildə həyata keçirilməsi məsələsi ortalığa çıxır və onların verdiyi cavabların heç birində bunun tam izahı yoxdur. Ona görə də hesab edirik ki, bu məsələlərə daha geniş şəkildə aydınlıq gətirilməlidir".

"IREX əvvəllər daha aktiv idi"

"Aznews.az" internet portalının rəhbəri Elçin Zahiroğlu bildirib ki, bu təşkilatla bağlı hər hansı fikri yoxdur: "Amma bilirəm ki, haradasa 4-5 il bundan əvvəl onlar jurnalistika ilə bağlı tədbirlər keçirdilər, kitablar hazırladılar. Pulsuz paylanan bu kitablar normal kitablar idi. Amma təşkilatın sonrakı fəaliyyəti ilə bağlı heç bir məlumatım yoxdur. IREX-Azərbaycanın keçirdiyi təlimlərin xeyirinin nədən ibarət olması barədə də fikir bildirməyə çətinlik çəkirəm. Çünki o təlimlərdə iştirak edən jurnalistlər bilər ki, onun hansı faydaları olub. Bu təşkilatın keçirdiyi təlimlərin, yaxud qrant layihələrinin mediaya hansı xeyrinin olması, jurnalistlərin peşəkarlığının artırılmasına kömək etdiyi ilə bağlı mənim bilgim yoxdur".

"Xarici təşkilatlardan heç bir dəstək görməmişik"

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev heç bir xarici təşkilatın heç bir layihəsində iştirak etmədiklərini bildirib. Baş redaktor qeyd edib ki, IREX-Azərbaycanın həyata keçirdiyi layihələr barədə ümumiyyətlə, məlumatlı deyil: "Yəni, maraqlanmamışam. Ümumiyyətlə, bu, məni heç vaxt maraqlandırmayıb, bu gün də maraqlandırmır. Ona görə də bununla bağlı başqa bir söz demək istəmirəm".

"IREX-in adını ilk dəfədir eşidirəm"

Modern.az saytının rəhbəri Elşad Eyvazlı USAİD təşkilatının adını eşitsə də, IREX-in adını ilk dəfə eşitdiyini vurğulayıb: "O, kimin təşkilatıdır?" Bu təşkilatda çalışan peşəkar hüquqşünas və media eksperti Ələsgər Məmmədlinin çalışdığını xatırlatdıqda E.Eyvazlı adı çəkilən şəxsi yaxşı tanıdığını deyib: "Bəlkə də, kimlərsə İREX-i tanıyır, mən tanımıram. Açığı, mən son 3-4 ildə QHT sektorundan bir qədər uzaqlaşmışam, daha çox media fəaliyyəti ilə məşğulam. Fəaliyyətindən xəbər tutduğum, fəaliyyəti daha çox nəzərə çarpanlar QHT-lərə Dövlət Dəstəyi Şurasından dəstək alan QHT-lərdir. Başqa təşkilatların fəaliyyətindən xəbərsizəm".

SƏXAVƏT


Müəllif: