9 Fevral 2015 12:22

“Bizim üçün qarşımızda bir Rusiya nümunəsi var. Qonşu ölkədə kredit və ipoteka ödəyiciləri üçün vəziyyət rahatdır. Çünki rubl getdikcə dəyərdən düşür və əvvəlki məbləğ olmur. Amma əsl həqiqəti xarici valyuta ilə ipoteka götürənlər yaşayır. Ona görə də bu halda banklar güzəşt yolunu seçdilər, kredit müddətini uzatmalı oldular”.

Bu sözləri Yeni Müsavat-a iqtisadçı-ekspert Samir Əliyev manat ucuzlaşacağı halda kredit ödəyicilərinin vəziyyəti barəsində danışarkən qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanda manat devalvasiya olarsa, bu, kredit faizlərinin bahalaşmasına gətirib çıxara bilər: “Bu, o cümlədən əmanətlərin faizlərinə də təsir edəcək. Eyni zamanda ilk növbədə kredit müqaviləsinə baxmaq lazımdır. Müqavilədə qeyd olunubsa ki, kredit faizləri ölkənin makro-iqtisadi vəziyyətindən asılı olmayaraq dəyişməyəcək, o halda düzəliş edilə bilməz”.

İqtisadçıya görə, manatın ucuzlaşması istənilən halda kredit ödəyicisinə sərf edir: “Dünyada bu proses müxtəlifdir. Azərbaycanda isə fiksə edilib. Dünyada üzən faizə uyğun dəyişir, yəni faizlər artır və azalır. Əgər müqavilədə dəyişiklik olacağı qeyd edilməyibsə, o halda əvvəlki şərtlərlə kredit ödəniləcək. Bu zaman manat devalvasiya olarsa, kredit ödəyicilərinin xeyrinə olacaq, pul dəyərdən düşəcək. Amma xarici valyuta ilə kredit ödəyənlərin zərərinə olacaq. Məsələn, 100 dollara görə 79 manat ödəyirdisə, 110 manat verməli olacaq. Onu da deyim ki, son 2-3 ayda banklar xarici valyuta ilə kredit verməyə başlayıb”.

S.Əliyevin fikrincə, banklar xarici valyuta ilə kredit verməklə iki prosesin qabağını almağa hazırlaşır: “Birincisi ehtimal olunur ki, manatın kursu dəyişə bilər və dollar bu halda daha sərfəlidir. İkincisi, bank sektorunda manat qıtlığı yaranıb. Əməliyyatlar üçün milli pul tapılmır. Pulun həcmi iqtisadiyyata uyğun deyil. Mərkəzi Bank inflyasiyanı tənzimləmək üçün pulu sıxıb. Amma hökumət manatı buraxmayacağını bəyan edib. 2009-cu ildə verdiyi bu sözə əməl etdi. Sadəcə, indiki situasiya daha ağırdır, arzuolunmaz vəziyyət yaranıb. Manatın hazırkı kursu imkan vermir ki, qeyri-neft sektoru inkişaf etsin. Ölkə idxalla doludur. Azərbaycanda ixrac 7-8 faizdir, Rusiyada isə 40 faizdir. Ona görə də çıxılmaz vəziyyətdir. Prezidentin son çıxışından belə görünür ki, ixracı gücləndirmək lazımdır”.

İqtisadçı bununla belə, parlament seçkilərinə qədər hökumətin manatın kursunu saxlamağa çalışacağını və gedişatın neftin qiymətindən asılı olacağını düşünür: “Dünya bazarında neftin qiyməti aşağıdır. Düzdür, son bir həftədə işıq ucu görünür, qiymətdə artım var. Əgər neft 48 dollara düşsə birmənalı olaraq manat devalvasiya olacaq. 60 dollara qalxsa hökumət manatın kursunu saxlamağa çalışacaq. Yəni hökumət neftə baxır”.


Müəllif: