11 İyun 2014 14:02
731

İyunun 10-da saat gecə saat 10-radələrində Gəncə şəhərində leysan, dolu yağıb, güclü külək nəticəsində qasırğa baş verib.

Təbii fəlakət şəhərin küçələrində iflic vəziyyət yaradıb, qasırğa yüzlərlə ağacı, elektrik dirəklərini aşırıb, evlərin dam örtüyünü uçurub, şəhərin elektrik və qaz təchizatında problemlər yaranıb, bir çox dayanacaqlar yararsız vəziyyətə düşüb, şəhərdə avtomobillərin hərəkəti bir müddət dayanıb.
İnsan tələfatı olmasa da, hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Teleqraf.com həmin gecənin fəlakətini yaşamış şəhər sakinlərindən açıqlama alıb.

Köklü-budaqlı ağaclar qırılıb aşdı

Gəncə şəhər sakini Oruc Məmmədovun dediyinə görə, leysan yağış iki dəfə müxtəlif vaxtlarda baş verib. Hadisə sakinlər üçün gözlənilməz olub: “Hər şey ani oldu. Maşınla gedirdim, qəflətən şimşək çaxdı, göy guruldadı. Zənn etdim ki, buludlar qopub yerə düşəcək. Göydən su sel kimi töküldü. Küçə boyu güclü su axını oldu.

Su maşının təkərlərinə qədər gəlib çatdı, maşın hərəkət edə bilmədi. Ağaclar şaqqıltı ilə gövdəli, qollu-budaqlı qırılıb yerə, maşınların üstünə aşdı. Ani olduğu üçün adamlar özlərini itirmişdi, nə hərəkət etdiklərini bilmirdilər.

Elektrik və qaz kəsildi. Təxminən bir saat sonra yenə də ildırım çaxdı, göy guruldadı. İkinci hadisədə adamlar nisbətən az qorxu keçirdilər. Elektrik verilişi gecə saatlarında bərpa olundu. Şəhər bərbad vəziyyətə düşdü. Telekanallar çəkiliş aparırdı”.

Oruz Məmmədov dedi ki, bütün şəhər camaatı təmizlik işlərinin aparılmasına cəlb olunub.

Göyün şaqqıltısından evlərin divarları titrədi

Gəncə şəhər sakini Nazlı İbişovanın dediyinə görə, hazırda şəhərdə hərəkət tam bərpa olunmayıb, marşrutlar qismən fəaliyyət göstərir: “Hadisə baş verəndə göyün şaqqıltısından evlərin divarları titrəyirdi. Bir xeyli evin damı uçub, yerə düşdü. Hələ də küçələrdə bəzi damlar yerdədir. Şəhər dağıntı içindədir, küçələr zibillik içindədir. Çox yerdə marşrut işləmir”.

Sevil HİLALQIZI


Müəllif: