21 İyul 2016 11:22
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 iyul – Barış ve Özgürlük Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC Parlament sədrinin dəvəti ilə Şimali Kiprdə olan millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyiblər. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC-nin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Ermənistanın Azərbaycan torpaqların 20 faizinin hələ də işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduğunu deyən ŞKTC-nin baş naziri Hüseyin Özgürgün beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib.

Görüşlər zamanı ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrlə də bağlı fikir mübadiləsi olub. “Onlar sizə əmanətdir” deyən millət vəkili Q.Paşayeva təbələrin ortaya çıxan problemlərinin həllində hər zaman dəstək olmağı xahiş edib və bu istiqamətdə həssaslıqları üçün təşəkkür edib.

Görüşün sonunda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli kişi geyimi ŞKTC baş naziri Hüzeyn Özgürgünə hədiyyə edilib.

Səxavət


Müəllif: