7 İyul 2014 18:32
645

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşviliyə başsağlığı verib.

Başsağlığında deyilir: "Gürcüstanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfatı ilə əlaqədar Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, bütün Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm.

Eduard Şevardnadzenin bütün həyat yolu, qardaş Gürcüstanın firavanlığı naminə yüksək dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.

Azərbaycan və Gürcüstan xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Eduard Şevardnadzenin şəxsi töhfəsi böyükdür. Qardaş ölkələrimizin keyfiyyətcə yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulmuşdur.

Azərbaycan xalqı qardaş Gürcüstan xalqı ilə birlikdə kədərlənir və dərdinizə şərik olur. Bu ağır itki ilə əlaqədar bir daha Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük".

Dövlətimizin başçısı Paata Şevardnadzeyə də başsağlığı verib: "Sizin atanız, Azərbaycan xalqının böyük dostu Eduard Ambrosiyeviç Şevardnadzenin vəfat etməsi xəbəri məni dərindən sarsıtdı.

Bütün dünyada haqlı hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Gürcüstana fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişmişdir.

Xalqlarımızın iki dahi oğlunun - Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaqdır.

Sizin və bütün ailəniz üçün bu ağır anda öz adımdan və bütün ailəmiz adından Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük. Bu ağır və əvəzsiz itki ilə əlaqədar kədərinizə və dərdinizə ürəkdən şərik oluruq".


Müəllif: