24 Aprel 2014 17:33

“Bu bəyanatı verməklə Ərdoğan iki nəticə doğuracaq səhvə yol verdi”.

Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə baş sağlığı verməsi, eləcə də 1915-ci ildə Türkiyədən köç edən ermənilərin övladlarına vətəndaşlıq verilməsi haqda bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, birincisi, bundan sonra ermənilər daha ciddi şəkildə və israrla Türkiyənin soyqırımı deyilən bir şeyi etiraf etməsini tələb edəcəklər: “İkincisi, Ərdoğan bu bəyanatı verməklə faktiki olaraq dünyada Azərbaycanı təklənmiş duruma saldı. Ona görə də hər zaman dediyim kimi, Ərdoğana və onun hökumətinə güvənmək yanlış siyasətdir. Ondan hərbi və ya digər sahədə Azərbaycanla tərəfdaşlığı gözləmək və s. kimi məsələlərə hər zaman spesifik yanaşmışam. Münasibətim çox neqativdir”.

Ə.Oruclunun dediyinə görə, indiki şəraitdə Türkiyə ilə məsafə saxlamaq lazımdır: “Çünki Ərdoğanın bu addımı Azərbaycana xəyanətdir. Türkiyəyə də xəyanətdir, amma ən böyük xəyanət Azərbaycanadır. Ona görə ki, bizim həll olunmamış münaqişəmiz var. Belə bir dönəmdə ermənilərə, onların dəstəkçilərinə bu cür fürsət vermək olmaz”.

BƏXTİYAR


Müəllif: