2 İyul 2015 13:14

İsmayıl Yusifov: "Bizim iştirakımız olmadan keçirilən qurultayın nəticələrini tanımayacağıq"

Avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayı keçiriləcək. Artıq qurultaya hazırlıq üzrə təşkilat komitəsi rayon şöbələrində konfranslar keçirir, qurultaya nümayəndələr seçir.

Görünən budur ki, qurultayda indiki sədr Mirmahmud Mirəlioğlunun növbəti dəfə namizədliyi irəli sürüləcək və o, səs çoxluğu ilə sədr seçiləcək. Ancaq Müsavatın VIII qurultayından sonra yaranan mənzərənin digər partiyalarda da təkrarlanma ehtimalı yüksəkdir. Çünki KXCP üzvü olan bir qrup şəxs qurultayda iddialı tərəf kimi çıxış edir.


İddialı tərəfin nümayəndəsi İsmayıl Yusifov bildirib ki, KXCP-nin qurultayı ilə bağlı həm İdarə Heyətinin, həm də Ali Məclisin qərarı var: "Mən KXCP daxilində fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasında təmsil olunuram. Fraksiyanın qərarı belə oldu ki, birtərəfli qurultaya getmək partiyanın parçalanmasına imza qoymaq deməkdir. Biz KXCP sədri Mirmahmud Mirəlioğlunu məlumatlandırmışıq. Demişik ki, bizim iştirakımız olmadan keçirilən qurultayın nəticələrini tanımayacağıq. Hesab edirik ki, Demokratik Birlik Fraksiyasında təmsil olunanlar da qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə daxil edilməlidir. Həmin Təşkilat Komitəsinin nizamnaməyə uyğun olaraq keçirəcəyi qurultay legitim ola bilər".

İ.Yusifov qeyd edib ki, bu gün mediada ziddiyyətli xəbərlər oxuyur: "Məsələn, KXCP-dən deyirlər ki, 17 rayon şöbəsində konfrans keçiriblər. Əslində, bunlar mövcud olmayan rayon şöbələridir. Xəzər Teyyublu dizinin üstündə protokol yazır, 2-3 nəfərin adını da qurultay nümayəndəsi olaraq qeyd edir. Hesab edir ki, bu qurultaya hazırlıq, rayon şöbəsinin konfransını keçirmək deməkdir. Xeyr, belə ola bilməz. Bizim iştirakımız olmadan keçirilən qurultayın nəticələrini tanımayacağıq. Bu mövqeyimizi mətbuat və KXCP İdarə Heyətinin üzvlərinin vasitəsilə sədrə çatdırmışıq. Bu, faktiki olaraq partiyanın parçalanması demək olar".

İ.Yusifov əlavə edib ki, qurultayla bağlı Demokratik Birlik Fraksiyasının konkret mövqeyi var: "Qurultayda fraksiya mənim namizədliyimi irəli sürəcək. Mətbuatın, qurultay nümayəndələrinin, qonaqların iştirakı ilə seçkiyə gedəcəyik. Mən seçkilərdə qalib gələcəyimi bilirəm. Böyük ehtimalla qarşı tərəf də şəffaf seçkilərdə məğlub olacağını bilir. Qarşı tərəf bunu dəqiq bildiyi üçün iddia edir ki, KXCP-nin İsmayıl Yusifov adlı üzvü yoxdur. Bu da olduqca absurd cavabdır. Çünki mən 2006-cı ildən partiyanın üzvüyəm, sədrin müavini, 6 il İdarə Heyətinin üzvü olmuşam, Ali Məclisdə təmsilçiliyim olub. Eyni zamanda, KXCP xətti ilə deputatlığa namizəd olmuşam. Bu halda onlar mənim üzvlüyümü necə dana bilərlər? Sadəcə, məqsəd odur ki, fraksiyada təmsil olunan 26 rayon şöbəsi və şəxsən mən qurultayda təmsil olunmayım. Çünki bizim qurultayda iştirakımız qarşı tərəfin uduzması anlamını verir. Biz də qurultayda iştirak etməsək, onun nəticələrini legitim hesab etməyəcək, KXCP uğrunda mübarizəmizi davam etdirəcəyik. Yəni bizim qətiləşən və hamı tərəfindən qəbul edilən ortaq mövqe bundan ibarətdir. Qurultayın nəticəsi tanınmayacağı təqdirdə fraksiya toplaşaraq ortaya mövqeyini qoyacaq və buna uyğun da addımlar atacağıq".

Xatırladaq ki, KXCP rəhbərliyi elan edir ki, partiya daxilində Demokratik Birlik Fraksiyası mövcud deyil, İsmayıl Yusifov adlı partiya üzvü yoxdur. Demokratik Birlik Fraksiyasını isə vaxtilə KXCP-də yüksək postlar tutan Ədalət Yusifov, İsmayıl Yusifov, Fikrət Cəfərli və digər şəxslər təmsil olunur.


CAVİDAN


Müəllif:
Загрузка...