7 Aprel 2014 19:44
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Qurbanlı: “Həmsədrlər fəaliyyətlərində konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar”

“Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir”. Teleqraf.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur: “Bugünlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri də Moskva şəhərində görüşdülər. Bundan sonra həmsədrlər görüşün yekunları ilə bağlı bəyanat verdilər. Amma hesab edirəm ki, ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, həmsədrlər fəaliyyətlərində konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar”.

Qeyd edək ki, aprelin 4-də Moskvada ATƏT-in Minsk qrupu həmsədrlərinın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər naziri arasında görüş keçirilib. Bu görüşü təşkil edən həmsədrlərin əsas məqsədi hər iki ölkənin prezidentləri səviyyəsində növbəti görüşə nail olmaqdır. Onlar görüşdən sonra verdikləri bəyanatda bu niyyətlərini açıqlayıblar.


Müəllif: Teleqraf.com