6 Mart 2015 16:13

"Le Tour de Langkawi" başlayır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Asiya turlarına start verir.

Komandamız martın 8-15-də Malayziyada keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparacaq.

21 komandanın iştirak edəcəyi 8 mərhələdən ibarət yürüşdə "Synergy Baku" 5 velosipedçi ilə təmsil olunacaq. Bunlar Elçin Əsədov, Ənvər Asanov, Elgün Əlizadə, Samir Cəbrayılov və Aleksandr Surutkoviçdir.

Yarış xüsusən Azərbaycanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarında iştiraka namizəd olan Elgün, Samir və Ənvər üçün təcrübə toplamaq baxımından böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, 18 yaşlı E.Əlizadə yürüşün ən gənc 2 iştirakçısından biridir.

8 gün ərzində iştirakçılar ümumilikdə 1118 km məsafə qət edəcəkər. Builki yarışda Böyük Britaniyanın "Team Sky", Qazaxıstanın "Astana", Avsrtaliyanın "Orica GreenEDGE", Rusyanın "Tinkoff-Saxo" kimi Dünya Turu komandalarının, həmçinin 7 Prokontinental kollektivin iştirakını nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini əvvəlcədən söyləmək olar.


Müəllif: