3 İyul 2015 19:42

“Neftçi”nin idman direktoru Vəli Qasımov Qol.Az saytına müsahibəsində komandasın Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la ilk oyunu (2:2) haqda fikirlərini bölüşüb.

“Neftçi”nin uğurlu nəticə qazana bilməməsinin səbəblərindən danışan veteran futbolçu başqa məqamlara da toxunub.

- Gördüyünüz kimi, komandamız gənclərdən ibarətdir. Avstriyada təlim-məşq toplanışında olsaq da, kifayət qədər hazırlaşmağa vaxtımız olmadı. Bunları nəzərə alsaq, dünən komandamız yaxşı çıxış etdi. Nəticəmiz yaxşı olmasa da, deyə bilərəm ki, komanda tədricən öz oyununu tapır. Məqsədimiz gələcəyin komandasını qurmaqdır. Buna görə də gənc futbolçulara şans veririk. Onlara inanırıq. Oyuna gəldikdə isə komandamız 75 dəqiqə yaxşı çıxış etdi. Sona 15 dəqiqə qalmış futbolçularımızda yorğunluq hiss olundu. Rəqib isə təcrübəsindən istifadə edib, ikinci qolu vurdu.

- “Neftçi” yenidən qurulur. Bunu başa düşdük. Ancaq etiraf etmək lazımdır ki, “Mladost” ölkəmizə gələn ən zəif komandalardan biridir.

- Mən də oyuna qədər belə düşünürdüm. Ancaq dünənki qarşılaşma göstərdi ki, “Mladost” zəif rəqib deyil. Ən azı təcrübəli komandadır.

- “Neftçi”nin 75 dəqiqə oynadığını dediniz. Hesabı qoruya bilməməyi komandanın fiziki cəhətdən çatdırmaması ilə bağl oldu?

- Düzdür, fiziki çatışmazlıqlar var. Bunun səbəbi isə vaxt azlığı oldu. Ancaq ümumi olaraq futbolçularda təcrübə çatmadı. Onlar oyundan-oyuna artıracaqlar. Komandamızın “Maldost”la heç-heçə etməsini normal qarşılaşamaq lazımdır.

- “Neftçi” ikinci qolu vurandan sonra irəli atılmadı. Müdafiədə oynamaqdansa, zəif rəqibin üzərinə getmək daha düzgün olmazdımı?

- Mən deməzdim ki, komandamız geri çəkildi. Əksinə futbolçular tempi saxlamaq istəyirdi. Səhvimiz də orda oldu. Bir qədər geri çəkilib, oyun tempini aşağı salmaqla hesabı qoruya bilərdik.

- Yəni hesab 2:1 olanda “Neftçi” müdafiəyə çəkilməli idi?

- Bəli, hesabda irəli olanda bunu etmək olardı. Çünki futbolçularımız fiziki cəhətdən rəqibdən geri qalırdı. Komandamız 75 dəqiqə ərzində var qüvvəsi ilə oynadı. Düşünürəm ki, sonrakı dəqiqələrdə oyun tempini qorumağa ehtiyac yox idi. Nəzərə almaq lazımdır ki, gənc futbolçularmız taktiki cəhətdən də hazır deyillər. Buna görə də müəyyən vaxtlarda müdafiəyə çəkilib, əks-hücumlara bel bağlamaq lazım idi.

- “Mladost”la “Neftçi”ni necə müqayisə etmək olar?

- Rəqibin müəyyən üstünlüyü var. Bu da onların daha təcrübəli olmasından irəli gəlir. Təcrübə böyük şərtdir. Bizim futbolçularda da bu keyfiyyət olsaydı, hesabı qoruya bilərdik.

- Komandanızın mərhə keçmək şansı nə qədərdir?

- “Neftçi” mərhələ keçmək üçün əlindən gələni edəcək. Ancaq əsas məqsədimiz odur ki, komanda oyununu tapsın. Futbolda istənilən nəticələr qeydə alınır. Gözəl oyun nümayiş etdirsək, indi də olmasa, bir müddətdən sonra nəticələrimiz də olacaq.

- İndiki məqamda “Neftçi”nin güclənməsinə ehtiyac var?

- Seleksiya işlərimiz davam edir. Daim axtarışdayıq. Mövqelərdə boşluqlar görsək, yeni futbolçular gətirəcəyik.

- “Neftçi” mərhələ adlasa, yaxşı transferlər ola bilər?

- Biz bilirik ki, bu mərhələni keçsək də, çox uzağa getməyəcəyik. Bu gün “Neftçi”dən nəticə gözləmək düzgün deyil. Açığı, komandamız nə fiziki, nə də taktiki cəhətdən hazırdır. Heyət formalaşmayıb. “Neftçi”ni tədricən gücləndirmək istəyirik. Bunu əsasən gənc və yerli futbolçularla həyata keçirməliyik.


Müəllif:
Загрузка...