26 Fevral 2015 17:35
968

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-un suallarını cavablandırıb.

- Mirmahmud bəy, “Azadlıq-2015” seçki blokunun dünənki toplantısı barədə xəbər yayılsa da, detallar açıqlanmadı. Bu gün blokun gündəliyində nələr dayanır?

- Bəli, “Azadlıq-2015” seçki blokunun dünən növbəti toplantısı idi. Mövcud vəziyyət, ictimai-siyasi, iqtisadi durum, Xocalı soyqırımı və təşkilati işlərlə bağlı xeyli müzakirə apardıq.

- Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun iştirakı ilə iqtidar-müxalifət arasındakı ikinci dialoqda qərara alındı ki, növbəti dialoqun gündəliyi üçün partiyalar təkliflər irəli sürsün. “Azadlıq-2015” blokunun birgə təklifi olacaq yoxsa partiyalar ayrı-ayrılıqda təkliflər verəcək?
- Bütün partiyaların gündəlikdə müzakirə ediləcək məsələlərlə bağlı öz fikri var. Əslində birinci və ikinci görüşdə toxunulmayan məsələ qalmayıb. Bütün məsələlərə toxunulub deyə sadəcə olaraq sıralanma olacaq. Yəni növbəti toplantının birinci məsələsi nə olsun? Bu da razılaşdırdığımız kimi partiyalarda müzakirədən keçəcək. Bizim üçün məsələ bir az asandır. Əvvəla, bütün məsələləri sadalamışıq. İkincisi də “Azadlıq-2015” seçki blokunda 8 partiya var. Bizim mövzularla bağlı mövqeyimiz təxminən eyni olacaq. Gözlənilməz mövzular ətrafında da fikir mübadiləsi apara bilərik. Qarabağ probleminin dialoqun birinci mövzusu olması mümkündür. Aktuallıq kəsb etdiyinə görə parlament seçkisi də ilkin mövzu ola bilər.

- Bəs konkret olaraq Mirmahmud Mirəlioğlunun seçki ilə bağlı hansı təklifi var?
- Təkliflərim Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının dəyişdirilməsi və azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Bunun üçün mütləq dialoqda müzakirələr və qarşılıqlı öhdəliklər vacibdir. Hətta sadəcə olaraq, seçkiyə münasibəti dəyişdirmək şərtilə indiki Seçki Məcəlləsi ilə seçki keçirmək mümkündür.

- Ötən dialoqlarda Müsavat Partiyası ilə AXCP iştirak etmədi. Növbəti dialoqa bu partiyaların qoşulması gözləniləndir?
- Hesab edirəm ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə təsir etmək imkanlarının heç birini əldən qaçırmaq olmaz. Onların hamısından dövlətçilik naminə maksimum istifadə etmək lazımdır. Bu görüşlər də ən azından müzakirə üçün şans yaradır. Düzdür, nəticə hələ reallaşmayıb. Hər kəsin şəxsi işidir, kim istəyər, dialoqda iştirak edər, istəməyən də dialoqa qatılmaz. Biz Vətənimiz, millətimiz, Azərbaycanımız üçün çalışdığımız kimi siyasilərimiz, hər bir fərdimizdən ötrü mübarizə aparırıq, əsir və girovlarımızın taleyinə biganə qalmırıq. O cümlədən də adını çəkdiyiniz və çəkmədiyiniz siyasilər və siyasi fəallığı üstün olan təşkilatlar haqda da danışmışıq. Birinci görüşdə adları sadalanan partiyalardan birinə digər görüşə dəvət gəlmişdi. Növbəti görüşə dəvət gəlməsi üçün adları çəkilməyənlər barədə təklif vermişdik. Hesab edirik ki, bütün bunlar həm də bizim təşəbbüslərimizin nəticəsidir.

- Yəqin Sizi suçlayanların növbəti dialoqa çağırılması üçün təşəbbüslə çıxış etməzsiniz.
- Biz təklif edirik. Təkliflərimizi nəzərə alıb qəbul edənlərə hörmət əlaməti olaraq tərbiyəmizə görə təşəkkür edirik. Amma bizi kimin nədə günahlandırmasından asılı olmayaraq, yenə də Azərbaycan torpağının üzərində olan bütün canlılara hörmətimiz olmalıdır. Onların hamısına sahib durmalıyıq.

- Demokratiya və İnsan Haqları Mərkəzində xüsusi fəallığı ilə seçilən Müsavat, ADP və Ümid “Azadlıq-2015” blokuna qoşulmadı. Bunun səbəbləri Sizə bəllidirmi?
- Fəallığı ilə seçilən partiya anlayışı nisbi məsələdir. Hesab edirəm ki, Mərkəzdəki 11 partiyanın hər biri fəal idi və onların hər birinin fəallığı özünə məxsusdur. Yolların ayrılmasına səbəb seçki blokunun yaradılması və seçkiyə start verilməsini istəyənlərin Mərkəzdən ayrılması oldu. Bu da onların haqlarıdır. Mərkəz də, blok da fəaliyyətini göstərir. Bunun biri digərinə mane olmur.

- Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarları Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsis etdi. Bu hərəkata KXCP nümayəndələri də qatılıb. Üzvlərinizin ADR-ə qoşulmasına necə baxırsınız?
- ADR hərəkatının təsis konfransına nümayəndələrimizdən müxbir kimi iştirak edənlər, qonaq kimi dəvət olunanlar vardı. Eyni zamanda təşkilatımızla əlaqəsini üzmüş və ya KXCP-dən çıxarılmış adamlar qatılıb. Təsnifat həddən artıq çoxdur. Ona görə də biz bunların üzərində dayanmaq istəmirik. İdarə Heyətimizdə bu, müzakirə mövzusu olub. Yəqin yaxın zamanda həllini tapacaq. ADR həm öz təsis konfransını keçirdiyinə, həm də nizamnaməsini təsdiq etdiyinə görə siyasi partiyalar haqda qanun və nizamnaməyə əsasən bütün parametrlə müzakirələr gedəcək. Deyirlər ki, hansısa rayon təşkilatı tam tərkibdə hərəkatın üzvüdür və s. Amma bizim bir sıra insanlarımız var ki, KXCP ilə çoxdan əlaqəsini üzüb. Tərəfimizdən bunlar araşdırılıb, amma son qərar elan olunmayıb.

- ADR-də təmsil olunan KXCP üzvlərinin partiyadan çıxarılması barədə qərar veriləcək?
- Bir qisim adam var ki, onlar artıq çoxdan özlərini partiyadan kənarda qoyublar.

- KXCP deyəsən, həm də qurultaya hazırlaşır. İşlər nə yerdədir?
- Bu il çalışacağıq ki, qurultayımızı keçirək. Parlament seçkilərinə qədər qurultayın keçirilməsini planlaşdırırıq.

- Müsavat Partiyasında gərgin olsa da, maraqlı qurultay keçdi. Çünki sədr postuna iddialılar vardı, rəqabət şəraitində qurultay baş tutdu. Mirmahmud bəy, yenidən namizədliyinizi verəcəksinizmi və KXCP-də Sizə alternativ varmı?
- Biz bu yolu çoxdan keçmişik. 1998-ci ildə Əbülfəz bəyin iştirakı ilə olan sonuncu qurultayımızda da bu məsələlər olub. Müsavat Partiyasının öz media ruporu var. Bizim siyasi fəallıq göstərən insanlarımızın əksəriyyəti gənclərdir deyə bilərəkdən və ya bilməyərəkdən bixəbər görünürlər. Ya da xəbərləri var, xatırlamırlar. Bütün baş verənlərin - istər alternativ seçki, istərsə də ayrılmalar məsələsinin ilkin addımı Azərbaycan Xalq Cəbhəsi və KXCP-də olub və olacaq. Azərbaycan siyasi palitrasında 1-2 nəfəri və 1 partiyanı çıxmaq şərtilə qalan partiyaların hamısı AXC-dən ayrılıb.

- Sualıma cavab vermədiniz...
- Kiminsə sədrə alternativ olmasında heç bir problem görmürük. Amma KXCP-də qurultay Müsavatsayağı yox, cəbhəsayağı olacaq.

- Razi Nurullayev AXCP-dən çıxandan sonra partiya sədri Əli Kərimli haqda çox kəskin ittihamlar irəli sürür. Partiya üzvləri də ona qarşı sərt fikirlər səsləndirir. Belə polemikanı necə qarşılayırsınız?
- Razi Nurullayev bizimlə bir yerdə idi. KXCP-də sədr müavini, İdarə Heyətinin üzvü idi. Bizim təşkilatımızdan da getmişdi. Bilmirəm, öz seçimidir, özü bilər. Razi bəyin əziyyətini manatın devalvasiyası kölgədə qoydu.

- KXCP-dən gedəndə səsli-küylü getməmişdi...
- Yəqin səs-küyə ehtiyac, yaxud əsas olmayıb. Amma onun Əli Kərimli barədə dedikləri bizim çoxdan bildiyimiz məsələlərdir. Dediklərində qeyri-adi şey yoxdur, Amerika kəşf etməyib.

Nərgiz


Müəllif: