14 İyul 2015 12:25

“Saakaşvili ona görə qubernator olmağa razılıq verdi ki, Gürcüstan xalqına xidmət edə bilmədiyi üçün heç olmasa, Odessada müəyyən işlər həyata keçirsin. Gürcüstanın irəli çıxması məhz Saakaşvili zamanında baş verdi, burada çoxlu işlər həyata keçirildi. Artıq Saakaşvili Odessada ciddi fəaliyyətə başlayıb. Mən özüm Odessada idim və oradan iki gün olar ki, qayıtmışam. Böyük bir qrupla ora getmişdik. Hazırda Odessa qubernatoru orada böyük işlər görür. Onun partiyasının parlamentdə 50-yə yaxın deputatı var. Saakaşvili hazırda Gürcüstan siyasətindədir və biz böyük ümidlə 2016-cı il parlament seçkilərini gözləyirik. Hesab edirik ki, 2016-cı ildə Saakaşvili Gürcüstana qayıdacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib. Müsahibəni təqdim edirik.

- Azər müəllim, hazırda Gürcüstanda iqtisadi-siyasi durum necədir?
- Gürcüstanda vəziyyət yaxşı deyil. İndi dövlət başçısından tutmuş digərlərinə qədər Rusiyaya yaxın şəxslərdir. Bu mənada ürəkaçan bir şey yoxdur. Rusiya Gürcüstan tərəfindən ərazidə 100 metr irəliləyib. İndi Gürcüstan hökumətinin apardığı siyasəti özləri belə anlamır. Baş nazir, Prezident bir-biri ilə yola getmir. Əslində, dövləti milyarder-oliqarx İvanişvili idarə edir. Bu gün Gürcüstan vətəndaşlarının hamısı kredit götürüb və nəfəs almağa da yer yoxdur. Gürcüstan milli valyutası devalvasiyaya məruz qalıb. Son zamanlar ölkəyə güclü yağışlar yağıb, kənd yerlərində məhsullar dağılıb. İqtisadi-siyasət bu baxımdan yaxşı deyil.

- Əvvəl sizin təmsil olunduğunuz Vahid Milli Hərəkat Partiyası Tiflisdə mitinqlər təşkil edirdi, amma son aylar bu partiya sanki passivlik girdabına yuvarlanıb...
- Yox. Biz siyasi məsələlərdə sakitləşməmişik. Sadəcə, indi yay mövsümü yaşanır, hamı tətildə və istirahətdədir. Gündə mitinq edəsi deyilik ki. Həm də mitinqə 50-100 min insanı çıxarmaq asan deyil. Təbii ki, mitinq keçirsək, 100 minlərlə insan küçələrə tökülər. Ancaq biz istəmirik ki, dövlətdə qeyri-stabillik yaradaq. Bu gün Gürcüstanda hər ailədə problem var və indiki hakimiyyət bu problemləri həll etmir. Bu gün Baş nazirdən tutmuş aşağı məmurlara qədər hər kəs özü üçün çalışır, yaxın ətrafına diqqət edir. Sıravi insanlar isə qıraqda qalıb. 2016-cı ildə parlament seçkiləri olacaq. İndidən görünən budur ki, seçkilərdə çoxsaylı partiyalar iştirak edəcək. Şəxsən inanmıram ki, indi hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası seçkilərdə səs qazansın. Çünki “Gürcü Arzusu” xalqa verdiyi vədlərin heç birini yerinə yetirməyib. Gürcüstan əhalisi nə görübsə, 2003-dən 2012-ci ilə qədər görüb. Məhz bu illərdə xalqa hesablanan ciddi islahatlar həyata keçirilib, dövlətin dirçəlişi baş verib. Son dörd ildə bütün bunlar zəifləyib, iqtisadiyyatda durğunluq yaranıb. Hakimiyyət apardığı siyasətin mahiyyətini bilmir. Ölkə daha çox Rusiyaya yaxın dövlətə çevrilir.

- Mixael Saakaşvili artıq Odessa qubernatorudur, başqa sözlə, Gürcüstanda siyasətlə məşğul ola bilməz. Vahid Milli Hərəkat Partiyası özünə yeni lider seçəcəkmi?
- Saakaşvili həm də Gürcüstan vətəndaşıdır. Yəni, ikili vətəndaşlığı ola bilər. Saakaşvili ona görə qubernator olmağa razılıq verdi ki, Gürcüstan xalqına xidmət edə bilmədiyi üçün heç olmasa, Odessada müəyyən işlər həyata keçirsin. Gürcüstanın irəli çıxması məhz Saakaşvili zamanında baş verdi, burada çoxlu işlər həyata keçirildi. Artıq Saakaşvili Odessada ciddi fəaliyyətə başlayıb. Mən özüm Odessada idim və oradan iki gün olar ki, qayıtmışam. Böyük bir qrupla ora getmişdik. Hazırda Odessa qubernatoru orada böyük işlər görür. Onun partiyasının parlamentdə 50-yə yaxın deputatı var. Saakaşvili hazırda Gürcüstan siyasətindədir və biz böyük ümidlə 2016-cı il parlament seçkilərini gözləyirik. Hesab edirik ki, 2016-cı ildə Saakaşvili Gürcüstana qayıdacaq.

- Demək istəyirsiniz ki, partiyanız seçkilərdə qələbə çalsa, Saakaşvili qubernator vəzifəsini buraxıb Tiflisə gələcək?
- Buna mən qərar verə bilmərəm. Bu haqda qərarı Gürcüstan vətəndaşları və seçiciləri verəcək. Yəqin ki, parlament seçkilərini uda bilsək, heç bir problem olmayacaq. Artıq Gürcüstanda inqilablar arzu edilmir. Biz istəmərik ki, dövlətdə hakimiyyətin dəyişməsi inqilablar vasitəsilə həyata keçirilsin. Hakimiyyət dəyişikliyi yalnız əhalinin seçimi ilə baş verməlidir. Əgər bir partiyanın proqramı varsa və bunu 4-5 il müddətinə yerinə yetirmirsə, təbii ki, bunu insanlar görür. Bu halda insanlar onu daş-balta ilə deyil, verdiyi səslə yola sala bilər. Biz istəmirik ki, geriyə, XVII-XVIII əsrə qayıdaq. İndi hakimiyyətdə olan qüvvə insanlara böyük vədlər verərək seçkini qazanmışdı, ancaq vədləri yerinə yetirmədi. Əgər bu gün seçki olarsa, inanıram ki, “Gürcü Arzusu” 1 faizdən çox səs toplaya bilməz. Hər halda son qərarı gürcü seçicisi verəcək.

- Bir neçə gün əvvəl Tiflisdə “Qəbələ”-"Dinamo" futbol oyununda arzuolunmaz durum yarandı, sonradan xəbər yayıldı ki, Tiflis metrosunun qarşısında iki azərbaycanlını döyüblər. Bununla bağlı nə deyə bilərsiniz?
- Baş verənlər heç də ürəkaçan məsələlər deyil. Heç zaman istəməzdim ki, idmana görə, Gürcüstan-Azərbaycan dostluğu və qardaşlığı arasında belə problem olsun. Biz yaxın dövlətlərik, qonşularıq. Bir-birimizlə yaxın əlaqələrimiz mövcuddur. Bir futbol oyunu üstündə belə problem olmamalıdır. Gürcüstan Baş naziri bəyanat verdi ki, bu hadisəni törədən 2-3 günə tapılıb cəzalandırılacaq. Təbii ki, hadisənin baş verdiyi ərazidə videokameralar ola bilər. Ancaq sonradan bununla maraqlanan olmadı. Bu işin qarşısı vaxtında alınsaydı, məsələlər dərhal soyuyub aradan çıxardı. İstəməzdim ki, belə hallardan kimsə istifadə etsin. Bəzən deyirlər ki, bu erməni təxribatıdır və s. Gürcüstan hökuməti bu, işin üzərinə getməlidir. Bizim mövqeyimiz belədir ki, bu iki dost ölkə arasında son hadisə olmalıdır.

- Sizcə, bu olay təsadüfən baş verib, yoxsa öncədən hazırlanan prosesdir?
- İndi hərə bir versiya irəli sürür. Boks, futbol kimi idman yarışlarında adətən belə hadisələr ola bilər. Ancaq 2012-ci ilə qədər heç kimin ağlına gəlməzdi ki, futbol yarışında və ya boks oyununda Gürcüstan, Azərbaycan bayrağı tapdalansın. Bu, yatanda adamın yuxusuna belə girməzdi. Bu kimi hadisələrin baş verməsinin qarşısını almaq lazımdır. Ancaq indi Gürcüstanda hakimiyyətdə olan komandanın apardığı siyasət çat verir. Bu, bütün sahələr üzrə belədir.

- Ancaq Bakıda keçirilən cavab matçında da analoji hal yaşandı, gənclər müəyyən plakatlar qaldırdı...
- Əlbəttə, mən bu matçı izlədim və baxdım. Siz deyən məqamı da gördüm. Ancaq burada jurnalistlərdən və siyasətçilərdən çox şey asılıdır. Hesab edirəm ki, bu hadisəni gündəmə daşımaq lazım deyil. Bir hadisədir, oldu və bitdi. Hər gün bu haqda yazmaq, siyasətçilərin mövqe bildirməsi, olayın gündəmdən düşməsinə imkan verməmək, məsələni bir qədər də qızışdırmağa ehtiyac yoxdur. Əslində, bir ailədə, bəzən iki qardaş arasında da narazılıq ola bilər. Dostlar arasında da belə problem yarana bilər. Lakin, bu kimi halları qızışdırmaq doğru deyil. Bu məsələyə bir daha qayıdılmamalıdır.

- Gürcüstandakı soydaşlarımızın durumu necədir?
- Burada məsələlərə azərbaycanlı, erməni, gürcü prizmasından yanaşılmır. Hamımız vətəndaşıq, bura bizim dövlətimizdir. Gürcüstanda olan problemlər Borçalı mahalında da yaşanır. Biz deyə bilmərik ki, burada milli problemlər var, azərbaycanlıları öldürür və ya döyürlər. Belə şeylər yoxdur. Sadəcə, Gürcüstanın hər yerində olan problem Borçalıda da mövcuddur. Əlbəttə, təhsillə bağlı milli problemimiz var. Ümumi problemlər isə azərbaycanlılara da aiddir.

- Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması ilə bağlı yaranan durum nə yerdədir?
- Zəlimxan müəllimin problemi diqqət mərkəzindədir. Bizim siyasi xarakterli dostlarımız, ziyalılarımız tərəfindən hakimiyyətə müraciətləri olub. Ancaq görünən budur ki, hakimiyyətin mövqeyi bir qədər fərqlidir və hələlik bu məsələ öz həllini tapmayıb. Amma buna baxmayaraq Elat Mədəniyyət Tədbirinin keçirilməsi üçün hazırlıqlar aparılır. Mən hər il bu tədbirdə iştirak etmişəm. Növbəti tədbir iyulun 26-da olacaq. Bu, bizim el-obanın bayramıdır, siyasi bir hadisə deyil.

- Sizin barənizdə olan cinayət işi xətm edildi?
- Mənim durumum normaldır, hələ sağıq. Yerli seçkilərlə bağlı barəmdə cinayət işi var. Ancaq həm də deputat toxunulmazlığımız var. Yəqin toxunulmazlığım aradan qalxan kimi bu məsələyə qayıdacaqlar. Ancaq inanmıram ki, ona qədər “Gürcü Arzusu” hakimiyyətdə olsun.

- 2016-cı ildə namizədliyinizi irəli sürəcəksiniz?
- Bunu mən deyil, seçicilərim həll edir. Əgər ehtiyac olarsa, yenidən namizədliyimi irəli sürə bilərəm. Amma gənclərimiz də var. Seçkilərə 6-7 ay var. Mən ətrafımda olan qrupla bu haqda müzakirə aparıb qərar verəcəm. Seçicilərlə, dostlarla, gənclərlə görüşəndən sonra qəti mövqe olacaq. İndi bizim yaxşı gənclərimiz var. Onlara da yol açmaq lazımdır.

Nemət


Müəllif:
Загрузка...