4 Aprel 2016 15:16

Teleqraf.com Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevlə cəbhədəki son durum, Azərbaycan ordusunun atdığı cavab addımları və beynəlxalq aləmin vəziyyətə dair reaksiyalarını müzakirə edib:

- Son 3 gündə Azərbaycan ordusunun ermənilərin hücumunun qarşısını alaraq əks-həmləyə keçidini necə qiymətləndirirsiniz?

- Bizim aldığımız məlumatlar Azərbaycan və erməni mənbələrinə əsaslanır. Bir şey məlumdur ki, Azərbaycan ordusu böyük şücaət göstərib. Məsələn, ordumuz indiyə qədər ermənilərin həm Ermənistanda, həm də bütün dünyada təbliğ etdiyi, mif olaraq yaratdığı mühəndis-istehkam baxımından ciddi qurulan cəbhə xəttini yarıb. Bütün xarici hərbçilər və diplomatlar inanırdılar ki, ermənilərin cəbhə xətti güclüdür, onu yarmaq möcüzə ola bilər. Çünki son 20 ildə ordumuz irəliyə getmirdi. Bu da erməni mifinin güclənməsinə kömək olurdu. Lakin ordumuz bu mifi dağıtdı. Az da olsa, müəyyən əraziləri ələ keçirməsi, möhkəmləndirilən cəbhə xəttini yarması böyük uğurdur. Bu, birmənalıdır. Həm Füzuli istiqamətində azad edilən strateji yüksəklik, həm də Talış yüksəkliyinin götürülməsi xüsusi əhəmiyyət daşıyır. Arzum ordumuzun dünyada baş verən müharibə təcrübəsindən istifadə edərək qısa müddət ərzində düşmənə ağır zərbə vurmaqla onu bizim üçün avantajlı duruma- qorxuya salmaq və irəliləməkdir. Bu həm də düşmənimizin və onu himayə edənlərə daha böyük gücümüzün olduğunu, əgər qarşısı alınmasa, daha ciddi addımların ola biləcəyini ortaya qoyur. Fikrimcə, ordumuz cəbhənin yarılmasından istifadə edərək Azərbaycan üçün hərbi-siyasi üstünlüyünü davam etdirə bilər.

- Ermənistanda hakimiyyətdə əyləşənlər həm də Qarabağ üzərindən iqtidara gəliblər. Ordumuzun cəsarətli addımları Ermənistandakı “müharibə partiyasına” hansı uğursuzluqlar gətirə bilər?

- Azərbaycan ordusunun bir qədər də irəliləməsi Ermənistandakı hakimiyyətdə oturanların sonunu gətirə bilər. Nəzərə alın ki, Serj Sərkisyan bilavasitə bu torpaqlarımız üzərində hakimiyyətdə oturub. Onu nə erməni xalqı seçib, nə də dünya siyasətinə verəcəyi müsbət bir şey yoxdur. Azərbaycan daha çox torpaq azad edərsə, bu, Sərkisyan iqtidarının yıxılmasına və yeni siyasi şəraitin yaranmasına kömək edə bilər.

- Azərbaycan tərəfi dünyanın sülh çağırışlarına müsbət cavab verərək atəşkəsi birtərəfli dayandırsa da, erməni tərəfi bütün gecə ərzində mövqelərimizə atəş açıb. Necə düşünürsünüz atəşkəs şəraitinə qayıtmaq tezliklə mümkün olacaqmı?

- Bu dəqiqə erməni siyasi rəhbərliyi və hərbi komandanlığı itirilən yüksəkliklərin geri alınması üçün bütün qüvvələrini səfərbərliyə alır. İndiki halda biz ləng tərpənsək, dayansaq, erməni qüvvələri bu istiqamətdə yüksəklikləri geri almaqda israrlı olacaq. Bu dəqiqə onların yeganə məqsədi itirdikləri əraziləri geri almaq və “biz Azərbaycan tərəfindən güclüyük” iddiasını sübut etməkdir. Onlar bu haqda düşünürlər. Odur ki, atəşkəsin olacağını düşünmürəm. İndi Azərbaycan erməni tərəfini toparlanmağa, hərbi qüvvələrini bizim azad etdiyimiz ərazilər istiqamətində cəmləşdirməyə imkan verməməlidir. Bunu mən mülki ekspert kimi desəm də, bizim hərbi mütəxəssislərimiz bunu daha dərindən bilir və şübhəsiz ki, bu istiqamətdə də işlərini görürlər.

- Cəbhədə bu vəziyyət yarandıqdan sonra beynəlxalq reaksiyalar gəlməyə başladı. Ümumilikdə bu reaksiyaları necə qiymətləndirirsiniz?

- Bizim 23 illik təcrübəmiz göstərir ki, beynəlxalq reaksiyaların Azərbaycan üçün əhəmiyyəti və faydası yoxdur. İndiki dönəmdə Azərbaycanın xarici siyasət kursu bu reaksiyalarla oynamaq, amma onlara fikir verməmək istiqamətində qurulacaq. Azərbaycan heç kimə qulaq asmadan öz işini görməlidir. Ola bilsin ki, cəbhədə proses kiçik müddətə başa çatsın. Ancaq nəzərə almaq lazımdır ki, bu qısa müddətli qarşıdurmadan uğurlu çıxan tərəf bundan sonrakı danışıqlarda daha üstünlük qazanacaq. İndiki halda bu üstünlük bizdədir.

- Cəbhədə aktiv atəşkəs rejimi hərbi əməliyyat fazasına daxil olduqdan sonra Rusiya tərəfi dərhal tərəflərə zəng edərək döyüşləri dayandırmaq haqda çağırış etdi. Rusiyanın bu təşəbbüsü nəyə hesablanıb?

- Mən buna iki cür yanaşardım. Rusiyanın müdafiə, xarici işlər nazirləri, habelə prezidenti və parlament sədri bu məsələyə inanılmaz dərəcə operativ reaksiya verdi, tərəflərlə əlaqə saxladı. Bu, bir qədər təəccüblü oldu. Biz deyə bilmərik ki, bu işdə Rusiyanın əli var. İkincisi, Azərbaycan ordusunun belə cəsarətli və geniş uğurlu irəliləyişi və erməni tərəfinin tam müqavimətsiz qalması konteksində mümkündür ki, erməni hakimiyyəti Rusiya prezidenti, hökuməti, xarici işlər və müdafiə nazirlərini sabaha qədər telefon “atəşinə” tutub. Bəlkə də, Rusiya rəhbərliyini yuxudan erməni prezidenti və nazirləri qaldırıb.

- Digər həmsədr ölkə Fransanın prezidenti Olland da tərəfləri hərbi gücdən çəkinməyə və atəşkəsi saxlamağa dəvət etdi. Üçüncü həmsədr ölkə adından ABŞ dövlət katibi Con Kerri də tərəfləri silah işlətməkdən imtinaya səslədi...

- Digər həmsədr ölkələrin reaksiyalarını Rusiya ilə müqayisə etmək doğru olmazdı. Prezident Olland suala cavab olaraq deyib ki, atəşkəs bərpa edilməli, hərbi hərəkətlər dayanmalıdır. Bu mövqe düz 25 ildir ki, ifadə edilir. Mən buna şablon fikirlər deyərdim. Amerika tərəfinin fikirləri də bu cürdür.

- ATƏT-in Minsk qrupunun həmsədrləri təcili Vyanada bir araya gələcək və Qarabağ məsələsini müzakirə edəcək. Bizi bu müzakirələrdən nə gözləyir?

- Oradan xüsusi bir şey gözləməyək. Onlar görüşüb müzakirə aparacaq və tərəflərə müraciət edəcək ki, atəşkəsi dayandırın, yeganə yol sülhdür. Görünən budur ki, Azərbaycan tərəfi son illər həmsədrlərin fəaliyyətindən razı deyil və onları “iqnor” edir. Bu da, tamamilə doğru yanaşmadır. Azərbaycan tərəfi daha çox bu istiqamətdə danışıqları Amerika və Rusiyanın yüksək çinli diplomatları ilə müzakirə etməyi üstün tutur. Çünki həmsədrlər son illər oyundankənar durumda qalıblar və üzlərinə Almaniyaya tutaraq bəyanat verməyə çalışırlar. Çünki hazırda ATƏT sədri Almaniyanın xarici işlər naziridir. Ancaq aydındır ki, məhz həmsədrlərin gördüyü işlər indiki vəziyyətin yaranmasına xidmət edib.

- AŞ PA prezidenti Pedro Aqramunt vəziyyətlə bağlı yaydığı bəyanatında ifadə edib ki, erməni silahlı qüvvələri BMT-nin müvafiq qətnamələrinə əsasən, Azərbaycan ərazilərini tərk etməlidir. Bu bəyanatı diplomatik oyun qaydalarında ciddi avantaj hesab etmək olarmı?

- Əlbəttə, olar. Bu, müsbət hadisədir və Azərbaycanın xeyrinədir. Ancaq onu da qeyd edək ki, Qarabağ konflikti ilə Rusiya, Amerika və Fransa məşğul olur. Onlar da bu işi həmsədrlərə tapşırıb. Həmsədrlər isə bəlkə də, öz ölkələrinin siyasi rəhbərliyindən xəbərsiz hərəkət edərək heç də effektiv fəaliyyət göstərmirdi. Ola bilsin ki, hər altı aydan bir öz siyasi rəhbərliyinə hesabat yazıb verirdilər. Onu da qeyd edim ki, bu həmsədrlərdən Rusiyanı çıxmaq şərti ilə Amerika və Fransa Qarabağ münaqişəsinə xüsusi önəm vermirdi. Həmsədrlər də bundan yararlanaraq istifadə edir və hərəkətsizlik nümayiş etdirirdi. AŞ PA prezidenti yəqin ki, vaxtilə bu qurumun qəbul etdiyi qərarlara əsaslanaraq bu bəyanatla çıxış edib. Bu addımı müsbət adlandırmaq lazımdır. Ancaq Minsk qrupunun həmsədrləri konflikti monopoliyaya alıb. Beləcə, nə BMT, nə Avropa Şurası, nə də Avropa Birliyini yaxına buraxmırlar.

- NATO da tərəfləri atəşkəsə riayət etməyə dəvət edib. NATO bu məsələdə önəm daşıyırmı?

- NATO-nun mövqeyi hər zaman önəm daşıyır. Ancaq NATO-nun bəyanatı şablon bəyanatdır və qeyd etdiyim kimi son 20-25 ildə səslənib. Bu şablon fikirləri əldə rəhbər tutmağımıza nə əsas, nə də zəmin var. Azərbaycan öz işini görməli və üstünlüyü davam etdirib qorumalıdır. Biz bilirik ki, 1967-ci ildə İsrail 6 günlük müharibə ilə Misiri, Qəzzanı, İordaniyanı və Yerusəlimin qərb hissəsini işğal etdi. İndi 50 ildir ki, İsrail 6 günlük müharibənin xeyrini görür. Azərbaycan da qısa müddətə lazım olan əraziləri götürərək danışıqlar prosesinə öz şərtləri ilə getməlidir.

- Baş verənlər Azərbaycan ordusunun qısa müddətə dediyiniz nəticələri əldə edə biləcəyini ortaya qoyurmu?

- Əgər o cür qətiyyətlə hərəkət olarsa, şübhəsiz ki, ordumuz bunu edə bilər. Ordumuz bunu 1992-ci ilin iyununda göstərdi, böyük əraziləri işğaldan azad etdi. İndiki dönəmdə isə ordumuzun gücü 1992-ci ildən min dəfə güclüdür.

- Müharibə aparmaq üçün münasib beynəlxalq zəmin vacib deyilmi?

- İndi tarix göstərdi ki, məhz Azərbaycan ordusu belə beynəlxalq münbit şərait yaratdı. Bundan qabaq bütün jurnalistlər sual edirdi ki, müharibə baş versə, beynəlxalq birlik bizə nə deyər, hansı addımlar və reaksiyalar göstərə bilər. İndi baxın görün dünya nə deyir? Azərbaycan öz ərazilərini terrorçulardan və işğalçılardan azad etməyə çalışır. Dünya buna nə deyəcək ki? Azərbaycan ərazilərini azad etsə, bu elə dünyanın bir probleminin həll edilməsi anlamına gəlir.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da cəbhədə əməliyyatlara reaksiya verib, problemin yeganə həll yolunun sülh danışıqları olduğunu ifadə edib...

- Bu reaksiyanı müsbət saymazdım. Əslində, burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvü var. Ancaq üzv dövlətlər bəyanatla çıxış etməyib. Yalnız təşkilatın rəhbəri Barduja çıxış edib. Ancaq Qazaxıstan, Belarus və Tacikistan bu bəyanata imza atmayıb.

- Belarus hökumətinin vəziyyətə dair mövqeyi Ermənistanın xoşuna gəlməyib. Belarus səfiri Ermənistan XİN-ə dəvət edilib və ona nota təqdim olunub, bildirilib ki, rəsmi Minskin tutduğu mövqe münaqişənin sülh yolu ilə həll edilməsinin ruhuna ziddir...

- Prezident Lukaşenko qanunun və beynəlxalq hüququn tərəfindədir. O, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ermənistan isə deyir ki, Belarusun Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi danışıqlar prosesinə ziddir və Ermənistan-Belarus dostluq əlaqələrinin ruhuna uyğun deyil. Bu, əlbəttə, ciddi yanaşma deyil. Belarusun tutduğu mövqe beynəlxalq hüququn ruhuna uyğundur.

- Bu prosesdə Türkiyə və İranın mövqeyini necə qiymətləndirmək olar?

- Türkiyə bəllidir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Burada bir çoxlarının düşündüyü kimi İran və digər ölkələr oturub cəbhədə aparılan döyüşlər barədə 24 saat düşünmür. Sadəcə indi cəbhədə baş verən hadisələrlə bağlı informasiya alov kimi media quruluşlarında yayılıb. Hər bir dövlət də ona münasibətini ifadə edir. Azərbaycan öz torpaqlarını azad etdikcə bütün qüvvələr Azərbaycanı ikiqat dəstəkləyəcək.

NEMƏT


Müəllif:
Загрузка...