17 Aprel 15:46

“Muzeydə bir gün” layihəmiz çərçivəsində bu dəfə fotoqraf Elçin Muradla Şirvanşahlar Sarayı Kompleksində olduq.

Kompleksdə uzun illərdir bələdçi çalışan Tünzalə Əhmədova ilə maraqlı söhbətimizi və fotolu reportajımızı təqdim edirik.

Tünzalə xanım bizi səmimi qarşıladı və tarixi yolçuluğumuza böyük ruh yüksəkliyi ilə razılıq verdi...

“Kompleks üç həyətdən ibarətdir. Birinci həyətdə şahın yaşadığı bina – saray və divanxana yerləşir. Ekskursiyaya hər zaman divanxanadan başlayırıq” deyən Tünzalə xanımla birgə o məkana yollanırıq.

Balaca darvazadan içəri girib üç tərəfdən tağlı eyvanlarla əhatə olunan divanxananı görürük. Həyətdə təxmini yeddi-səkkiz quyu rastımıza çıxır ki, onların dərinliyi 3 metrdən 15 metrə qədərdir. Arxeoloji qazıntılardan məlum olub ki, bunlar quru quyulardır. Qədimlərdə soyuducu olmadığına görə yeri dərin qazıb, ərzaqı orda saxlayardılar.

Divanxana, yoxsa türbə?

Divanxananın balaca dəhlizinə giririk. Buranın divanxana olduğunu alimlər qapının üstündəki ərəb əlifbası ilə “Quran”dan yazılan ayələrə görə sübut ediblər.

Burada iki yardımçı otaq da var: “Bu otaqlarda yazarlar oturarmış. Otaqlardakı yaruslar pəncərə deyil, mazğallardır. Mazğal özünümüdafiə xarakteri daşıyır. Onlar içəridən genişdir, bayıra getdikcə kiçilir. Bu cür mazğallara İçərişəhərin qala divarlarında da rast gələ bilərsiniz”.

Bəzi alimlərin dediyinə görə, bura əslində türbə olub: “Türbələr orta əsrlərdə Azərbaycanda iki hissədən ibarət tikilirdi. Alt hissə məzar, üst hissə ibadət yeri olurdu. Aşağı düşəndə heç bir məzara rast gəlinmədiyinə görə buranın türbə olması ehtimalı sübuta yetirilməyib”.

Divanxanadan ayrılıb, saray binasına doğru irəliləyirik. Qədim zamanlarda mövcud olmayan hovuzu görüb onun nə zaman tikildiyini soruşuruq. Bələdçi xanımın sözlərinə görə, həm fonton, həm də üçüncü həyətdə görəcəyimiz hovuz bu kompleks muzey kimi fəaliyyət göstərəndən sonra tikilib.

Divarlarda güllə, yanıq izləri

Şahın yaşadığı saray binası iki mərtəbədən, 52 otaqdan ibarətdir. Birinci mərtəbədə 27, ikinci mərtəbədə 25 otaq var. Yuxarı mərtəbədə şah ailəsi ilə birlikdə, aşağı mərtəbədə isə qulluqçu, kənizlər yaşayırdı, həmçinin ora anbar kimi istifadə edilirdi.

1828-ci ildə rus qoşunları Azərbaycana gələndə nəinki yaşayış binasından, gəzəcəyimiz kompleksin hamısından hərbi sursatlar saxlamaq üçün anbar kimi istifadə ediblər. Ruslar o zaman yuxarı mərtəbədə çox sərbəst təmir işləri aparıblar.

Otaqların arakəsmə divarlarını açıb, üstünün günbəzlərini, yastı taxt tavanlarının hamısını məhv ediblər. Ona görə yuxarıda hazırda 25 yox, 14 otaq qalıb. 2000-ci ildə YONECKO-ya üzv olandan sonra Dünya Bankının ayırdığı kreditlə kompleksdə restavrasiya işləri aparılıb.

Tünzalə xanım bizə sarayın divarlarındakı güllə izlərini göstərir: “Bunlar 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımı faktının sübutudur. Bura insanların güllələndiyi yerdir. Divarlardakı qırmızı izlər qan izləri deyil, soyqırım zamanı insanları, cəsədləri yandırıblar və bu əhəng daşı olduğuna görə yananda qırmızı rəng alıb”.

Animasiyalı şah qulluqçuları

Şahın yaşayış binasına daxil oluruq, ikinci mərtəbənin giriş zalı səkkizgüşəli formadadır. Otağın tavanı günbəzlə örtülüb, günbəzin yarıqlarından düşən işıq həm bu, həm də aşağıdakı otağı işıqlandırır.

Otağın ortasındakı yumru dəlikdən baxanda 4 il öncə Avstriyanın muzey mütəxəssislərinin hazırladığı animasiyanı görmək mümkündür: “Guya şahın qulluqçu kənizləri orada iş görürlər. Əslində isə orda heç kim yoxdur, sadəcə 3D formasında animasiyadır”.

Otaqda divardan asılmış Azərbaycan xalçaları ilə yanaşı Şirvanşahların səcərəsini əks etdirən panel də diqqət çəkir. Tünzalə xanım deyir ki, Şirvanşahların taxt-tacı, varidatından yadigar qalan heç nə yoxdur.

Səfəvilər Şirvanşahları süquta uğradandan sonra varidatını, taxt-tacını götürüb aparırlar. Bina zaman-zaman baxımsız vəziyyətdə qalıb, bir vaxtlar Akademiyanın binası olub, 1960-64 illərdə isə Şirvanşahlar Tarix Dövlət Qoruğu muzeyi adını alıb. O zamandan bu günə kimi muzey kimi fəaliyyət göstərir.

Söhbətimizi davam etdirə-etdirə səkkizgüşəli gözləmə zalına daxil oluruq. Deyilənə görə, xalça, palaz döşəməli otaq şahın hüzuruna dəvət olunmaq üçün gözləyən insanların sevimli məkanı olub.

Sarayın əsas otağı - taxt salonunda olan mis qablar, qədim musiqi alətlərinin birbaşa Şirvanşahlara aidiyyəti olmasa da, dövrü əks etdirmək üçün sərgilənir. Otağın günbəz hissəsi də animasiyalıdır.

Bələdçimiz deyir ki, 1723-cü ildə I Pyotrun qoşunları dəniz tərəfdən Bakını top atəşinə tutanda mərmilər bu günbəzi sındırıb: "1828-ci ildə ruslar yenidən Bakıya gələndə bu günbəzi götürüb düz taxt-tavan etmişdilər. 2000-ci ildə Azərbaycan YUNECKO-ya üzv olanda günbəz belə animasiya formasında düzəldilib. Baxın, bu sanki günəş şəfəqidir. Bir azdan isə günbəzin axşam görüntüsü canlanacaq”.

Bələdçi xanımdan animasiyalı şahın taxtının görüntüsünü xəbər alırıq. Məlum olur ki, hazırda mexanizm işlək vəziyyətdə deyil. Salonun ortasında müxtəlif bölgələri təmsil edən xalçalar da sərgilənir.

Kişilərin bığ qabı

Tünzalə xanımla birgə gəzdiyimiz digər otaqlarda rəngarəng eksponatlar qarşımıza çıxır: qadın, kişi boyunbağıları, üzük, ailə möhürü, at təzəkləri, gümüş kəmərlər, xəttatlıq sənətini əks etdirən eksponatlar, etnoqrafik eksponatlar - araqçın, yelpik, ağacdan yonulmuş qaşıqlar və s. Ən maraqlısı isə bığ qabı idi. Belə ki, kişilər lopa bığlarını axşam onunla bağlayıb yatırmışlar, səhər bığlar çox səliqəli görünüş alırmış.

Sarayın bir otağında milli ornamentlərlə bəzənmiş süvenirlər, hədiyyəlik əşyalar satışa çıxarılır.

Saray binasından gəzintimizi başa çatdırıb, kompleksin ikinci həyətinə gedirik. Amma pilləkanları enəndə diqqətli olun, çünki pillələr arası məsafə çox hündürdür. Tünzalə xanım deyir ki, alimlərin yazdığına görə, Şirvanşah Xəlilullahın boyunun ucalığı 2 metr 15 sm olub: "O vaxt insanlar bizdən daha hündür, uca olublar, ona görə ayaqlarının ölçülərinə görə pilləkənləri də hündür tikiblər".

Nə yalan deyək, aşağı enəndə bir az əziyyət çəkdik... Fürsətdən istifadə edib kompleksə maraq göstərən əcnəbiləri də xəbər aldıq. Tünzalə xanım dedi ki, hazırda muzeyə daha çox gürcülər, ərəblər, ruslar gəlir.

İkinci həyətdə Şeyx Yəhya Bakuvinin türbəsi yerləşir. Türbənin qarşısındakı balaca ərazi haqqında Tünzalə xanım bizə maraqlı məlumatlar verir:

“Bu boşluq ərazidə bir məscid olub. Məscid 14-cu əsr Şirvanşah Keyqubadın şərəfinə tikilib. Bakuvinin mədrəsəsi bu məsciddə yerləşirmiş. Bakuvi rəhmətə gedəndə şah onun başqa yerdə dəfn olunmasına icazə vermir. Məscidin içərisindən onun qəbrini qazdırır, orda dəfn etdirir, üzərində də bu türbəni tikdirir.

1918-ci ildə ermənilər soyqırım törədəndə məscidi dağıdıblar. Yanğın törədiblər, ona görə daşlar qırmızı rəngdədir”.

Bu həyətdə çoxlu sayda daş kitabələr görmək mümkündür. Kitabələrin hamısı Xəzər dənizindən çıxarılan Bayıl qəsrinin daşlarıdır. Bu kitabələr qəsrin divarlarını ortadan kəmər kimi əhatə edirdi. Sarayın birinci mərtəbəsində kitabələr haqqında qısa videofilm və qəsrin maketi, onun haqqında tablo nümayiş olunur. Həyətdə 16-cı əsrə aid bir tikili var: “Murad qapısı”.

Qapının üzü Şərqə baxır, ona görə el arasında ona “Şərq qapısı” da deyirlər. Qapının üzərində ərəb əlifbası ilə yazılıb: “Bu gözəl qapı 1585-86-cı illərdə türk sultanı üçüncü Muradın şərəfinə tikilib”.

Şah onu bilsəydi, memarın başı vurulardı

Üçüncü həyətdə iki dini tikili var. Biri şahın ailə türbəsi, biri də saray məscididir. Türbənin giriş qapısının üzərində müxtəlif naxışlarla yanaşı, armudvari iki medalyon əks olunub. Onun içərisində "Allah, Məhəmməd, Əli" sözləri yazılıb: "Şah elə bilib ki, bunu tikən memar bu üç sözü yazıb, amma bilməyib ki, o memar "Allah" sözündən sonra öz adını yazıb. Şah bunu oxuya bilsəydi, memarın boynu vurulardı.

1945-46-cı illərdə Şərqşünas alimimiz Ələsgərzadə arxeloji qazıntı aparanda medalyonun içərisini güzgü vasitəsilə oxuyur. Onda görür ki, "Allah" sözündən sonra memar Məhəmməd Əli yazılıb. "Memar" sözünü tərsinə yazıb.

Türbədən yeddi qəbir aşkar olunub. Başdakı qəbir Xəlilullahın özünündür, onun ayaq altında həyat yoldaşı Xanikə xanım, o başdakı məzar şahın anası Bikə xanımın, qalan dörd məzar şahın oğlanlarınındır.

Öldüyü yerdə dəfn edilən axund

Məscid iki hissədən ibarətdir: minarə və otaq. Məscidin giriş qapısından sol tərəfdə bir abidə diqqətimizi çəkir. Tünzalə xanım deyir ki, 1918-ci ildə ermənilər soyqırım edəndə tanınmış ilahiyyat alimi Axund Hacı Mir Mövsüm ermənilərlə burda görüşüb söhbət edəcəkmiş. Ermənilər içəri girən kimi onu daldan güllələyirlər. O elə öldüyü yerdə dəfn edilir. Sonra isə axundun qohumlarından biri məzarı ordan çıxarır.

Tünzalə xanım deyir ki, məscidi elə ustalıqla tikiblər ki, bir az yüksəkdən danışanda akustika yaranır. Divarın dörd küncündə balaca dəliklər var. Tikinti zamanı memar dəliklərin içinə saxsıdan böyük küplər yerləşdirib. O küplər indi də divarın içərisindədir. Yüksəkdən danışanda səs küplərin içərisindən əks səda verir. Günbəzin özü də səs qaldırma gücünə malikdir.

Həyətdə bir qədim tut ağacı var. Yaşı 400 ildən çoxdur. Yazının əvvəlində qeyd etdiyimiz hovuzlardan biri də bu həyətdə yerləşir. "Arşın mal alan" filminin bir hissəsi də burda çəkilib.

Ekskursiyamızın son dayanacağı - hamamlara gəlib çatırıq. 1939-cu illərə qədər bura torpağın altında qalmışdı. Ruslar burda balaca park salmışdılar. Bir gün görürlər ki, yer ovulub tökülür. Məsələ qaldırılır, arxeoloji qazıntı işə başlayır. Qazıntı zamanı yeraltı hamam üzə çıxır. Və məlum olub ki, bura şah hamamı olub. O vaxt hamamların çökəklikdə tikilməsinin səbəbi qışda isti, yayda sərin olması, suyun öz axarı ilə hamama axması idi. Hamamlardan ancaq Şahın sarayında yaşayanlar istifadə edərmiş. Bir gün kişilər, o biri gün qadınlar üçün işləyirdi.

Hazırda isə orda restavrasiya işləri aparılır.

Nərmin Muradova
Fotolar Elçin Murad


Müəllif: