21 Dekabr 2017 11:28

Orxanın aktyorluq istedadını Əsanın “Yuxu” tamaşasında kəşf etmişdim. Mənim baxacağım 2, onlarınsa oynayacağı 3-cü tamaşa idi. Bir neçə dəfə Orxana qoşulub məşqlərinə də getmişdim. Məşq prosesindən bilirdim ki, möhtəşəm nəsə qoya biləcəklər ortaya. Onlar bu dəfə “Adamlar və siçanlar” tamaşasını səhnələşdirmişdilər. Çox maraqlı gəlirdi Con Steynbekin eyniadlı əsəri əsasında hazırlanmış tamaşa...

Hə, bir də dostumuz İmran var. Bu onun ƏSA-da ilk tamaşası, ilk rolu idi.

Ən azı onlar qədər həyəcanla gözləyirdim tamaşa gününü.

Sonra birdən hardansa bir səs çıxıb gəldi və hər şeyi alt-üst elədi. Nə səs? Hansı səs? İndi yazacam.

Deməli, tamaşaya bir neçə gün qalmışdı, tanımadığım nömrədən tanımadığım bir zəng gəldi. Açar-açmaz möhtəşəm bir bəy səsi:

- Alo.

- A-lo…

- Çinarə xanım, salam. Sizi ƏSA teatrından narahat edirik.

(Nətəhər özümü itirdimsə, kəsib, özüm o nömrəni yığdım.)

- Bəli, Çinarə xanım. Sizə dəvətnamə yazırıq. Neçə nəfərlə gələcəksiz, ona uyğun yazaq.

(Mən özümü itirmişəm yoxam.)

- Hı-ımm çox sağolun. Mən özüm alacam bilet. Əziyyət çəkməyin.

Möhtəşəm səsli bəy təmkinini və əsəbini qoruyaraq:

- Xeyr, əziyyət deyil. Siz gələcəyiniz adam sayını deyin, ona uyğun dəvətnamə ayıraq.

(Nə say, a kişi? Mən artıq beynimdə onun robot rəsmini çəkirəm.)

- Çinarə xanım, xətdəsiniz?

- Hə-hə. Bir, yox, bir yox, iki. İki nəfər gələcəyik. Rəfiqəmlə.

(Ay külbaş, sənin rəfiqən olub indiyənəcən?)

- Oldu. Təşəkkür edirik. Dəvətnamənizi yazırıq.

- Sağ olun.

Bu, beləcə bitdi. Bir də tamaşaya bir gün qalmışa qədər. Votsapa dəvətnaməmin şəkli gəlir və ardınca yenə o səs:

- Çinarə xanım, bu da sizin biletiniz. Sizi orda görməyə şad olarıq.

Necə çaşdımsa, istədim yenə kəsib özüm zəng edəm. Sora gördüm ki, əşi, Votsapda atılan səsdi “danışdığım”.

Cavab yazdım:

- Bu səsin əlindən tutub əsasız da dünyanın o başına getmək olar.

(Cavaba bax eee. Pəəhhdi.)

Əlimdə iki nəfərlik dəvətnamə var. Məni təsəvvür edin artıq: 10 nəfəri dəvət etmişəm ki, həmən gün mənimlə getsin.

Tamaşaya 2 saat qalıb. Allaha yalvarıram ki, 9 nəfərin işi çıxsın gəlməsin. Ya da bəlkə telefonu söndürüm? Yox, ən yaxşısı, telefonu söndürüm, özüm də getməyim. Bəs o səs? Bəs dostlar? Axı getmək istəyirəm.

Son 1 saat. Zənglər başladı. Birinin işi çıxdı, birinin kimisə xəstələndi, hərəyə bir şey oldu. Hamı üzr istədi. Mən də sevinə-sevinə "eybi yox”, “üzüldüm" dedim. Qaldı bir nəfər, o da zəng elədi, ya Kürdəmir, ya da Kürdəxanıya yasa getdiyini dedi. Eləcə "K"nı eşitdim, bir də “yas” sözünü, vəssalam.

Durub çıxdım, beynimdə çəkdiyim o robot rəsmin əlindən tutub Opera və Balet Teatrına sarı yola düzəldim.

…Qarşıma çıxan hər kəsə potensial "möhtəşəm səs" kimi baxıram. Nəysə bizi hər mərtəbədə biri qarşılayıb dəvətnaməmizə baxır və bir mərtəbə də qalxım deyir. Bu minvalla 3-4 mərtəbə qalxdıq. Deyəsən tamaşaya damdan baxası olacağıq. Elə o cür də oldu. 6-cı sıra, 19-20-ci yer.

Elə həqiqətən də damdan baxış effekti idi. Dostum dedi:

- Ayağındakı krasovvkaları, geydiyin cinsi, bu rüqzakı saymasaq və bir binoklun da olsa, əsil kübar xanımlara oxşayarsan.

Təzə oturmuşduq ki, Ayxan Ayvaz gəldi. Oturmağıyla narazılıq etməyi bir oldu.

- Bu nədi? Heç səhnəni görmürəm.

İşıqçıya işarə edib:

- Ona bax, yeri nə rahatdır. Yanında da “100” ola, vura-vura seyr edəsən.

Doğurdan da qarşıdakı başlardan başqa heç nə görmürdük. Yaxşı ki, bizdən arxa sırada, sağ və solda maraqlı adamlar var. Bizdən arxada əyləşən uşaq yanındakına - nənəsiydi, xalasıydı, bilmirəm, - ona dedi:

- Niyə başlamır ee bu?

- Özünə niyə şillə vurursan?

- Yuxum qaçsın deyə.

Səhnədən səs gəlir: söz Amerikanın ölkəmizdəki səfirinə verilir. Səfir danışır, yanındakı bəy tərcümə edir. Bizdən öndə oturan Ayxan çevrilib:

- Əslində, tərcüməyə ehtiyac yox idi.

Hiss edirəm ki, onun yanında əyləşən iki xanım Ayxana qibtəylə baxır. Səfir hələ ki, danışır. Ayxan yenə bizə çönüb:

- Mənə elə gəlir ki, o, düz tərcümə etmir. Səfir tam fərqli şeylərdən danışır.

Qızlar daha böyük qibtəylə baxırlar Ayxana.

Mənim isə bir gözümlə bir qulağım hələ də o səsi axtarır.

Səhnə gözəl bir musiqiylə açılır. Tamaşanın bütün sujet xətti səssiz kadrlar kimi oynanılır.

Arxadakı xala:

- Mənim qulağım yaxşı eşitmir. Bilirdim ki, ordan bura heç nə eşitməyəcəm. Ode, səs də eşitmirəm.

Uşaq:

- Danışırlar ki, eşitmiyəsən də?

- Axıracan danışmıyacaqlar?

Dostum geri çönüb:

- Səbr edin, danışacaqlar.

Uşaq:

- Pult olsa, burasını verərdik qabağa.

Sonra Lenni ilə Corc görünür. Lenni - tomatlı konserv arzulayan, dovşanları, siçanları tumarlamağı xoşlayan Lenni danışdıqca sağdan bir səs gəlir:

- Görən bu haralıdı?

- Gözlə, ləhcəsindən tutacam indi.

Amma onu deyim ki, aktyorların səsi güclə çatırdı bizə. Dialoqları çox zaman anlamaq olmurdu. Bu an səhnədə Körli göründü. Arxadan bir qaqaş həyəcanlı səslə:

- Ala, bu var haa, bu balaca mənimlə eyni seriala çəkilir.

- Doğurdan?

- Hə, vallah, “Bal ayı” serialına. Adı Renatdı. Bude, məndə iki nömrəsi var onun.

Səhnəyə geri dönürük. Oo Kandi səsi zəif gəlsə də, Kandinin (Orxanın) atmacaları yaman güclü gəlirdi. Hətta bayaqdan eşitməyən xala da şaqqanaq çəkib gülürdü. Xala deyir:

- Ona bax, ona bax, deyir ki, qiymətlərin qalxması buna da təsir edib. Hahaha.

Lenninin xalası gəlir yuxusuna. Və danışır:

- Mənə dedilər ki, sənin oğlun axmaqdır. Bir anaya bunu necə deyə bilərlər? Axı hansı ana bunu qəbul edər? Sən axmaq deyilsən, Lenni. Safsan, uşaq kimisən.

Arxadakı xala:

- Bəs bu səy bayaqdan Klara xala deyir? Anasıymış ee. Anasına xala deyir?

Uşaq:

- Sən də axmaqsan e deyəsən. Eşitmirdin, Corc deyirdi, Klara xalası onu uşaqlıqdan götürüb saxlayıb?

- Yox hardan eşidirdim? Səs gəlir ki?

- Kandinin zarafatlarına gül, lazım olanı eşitmə.

Səhnədə İmran görünür. Qızlar:

- Aaa, o göygöz oğlandı, bax, bax. Şəklini görsətmişdim ee, budu bax.

O biri qız rus dilliydi deyəsən:

- Oyy da. Da, ya pomnyu. On krasavçik.

İmranın səsi eşidilmir yaxşı. Bu arada hamı səsləndirmədən narazıdır. Bir qaqaş:

- Əə, onun mikrafonuna xod verin də.

Bayaqki qızlar çəp-çəp qaqaşa baxdılar. Hiss olunurdu ki, İmranın fanatlarıdı.

Beləcə, iki tamaşa arasında qalmışdım. Həm səhnədəki, həm də ətrafımdakılar. Sonda Lenni bilmədən qızı da boğub öldürür. Qız samanlığa yıxılır.

Arxadakı uşaq:

- Zalım qızı nətər yıxıdıye. Evdə beli ağrıyacaq.

Dostum çevrilib arxaya, bu çoxbilmiş uşağa baxır. Uşaq tez:

- Əmi, elə baxma e, bacımdı bacım.

- Necə yaşın var?

- Mənim 10, bacımın 18.

Qız ölüb samanlıqda qalır. Birinci Kandi görür onu, sonra Corc gəlir, sonra da o birilər. Hadisələr bir-birini beləcə əvəz edir. Arxadakı uşaq yenə:

- Bu qız axşam evdə yatmaz ta. Burda o ki var yatdı. Özü də ota alergiyası var e. Səhərəcən qaşınacaq. Bu gecə yatdı yoxdu.

Tamaşanın sonu yaxınlaşır: mən nə o möhtəşəm səsi tapıram, nə də xətrinə bura qədər gəldiyim Orxanın səsini aydın eşidə bilirəm.

Corc Lenni ilə həmən çayın kənarında danışır. Yenidən evləri olacağının, dovşanlar saxlayacaqlarının xəyalını qururlar. Və Corc danışa-danışa Lenini silahla arxadan vurur.

Silahın səsi ilə arxadan xalanın reaksiyası eyni olur:

- Bıy, əlin qurusun.

Başqa xala:

- Düz elədi. Bizim polislərin əlinə düşməkdənsə elə ölməyi yaxşıdı o yazığın. Corc düz elədi.

Və səhnə bağlanır, hamı ayaqda alqışlayır. Mən isə hələ də o səsi axtarırdım. Dostuma danışdım o səs haqda. Dostum da dedi:

- İndi allah eləyə, o səsin sahibi gəlib tamaşadaki Karloson çıxa. Nə qəşəng olarrr.

Evə gəlirik. Dostum Fuad:

- İndi gəl tomatlı konserv ye, görüm necə yeyirsən...

- Fuad, tamaşanın adı nə idi?

- Adamlar və biz…


Müəllif: Çinarə Ömray
Загрузка...