14 Oktyabr 2017 16:23
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi öhdəliklərini çoxdan pozur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseyli deyib.

Onun sözlərinə görə, Rusiya Boris Yeltsinin prezidentliyi dövründən başlayaraq, dəfələrlə Ermənistana pulsuz silahlar göndərib:

“Yetsinin dövründə Rusiya birdən-birə Ermənistana 1 milyard dollarlıq silah bağışlayıb. Bunun ardınca Gürcüstandan çıxarılan qoşunların bütün texnikası və digər ləvazimatı yenə Ermənistana göndərilib. Bunun ümumi dəyəri 800 milyon dollar olub”.

Politoloq bildirib ki, 2 il öncə Rusiya Ermənistana 200 milyon dollar dəyərində silah krediti ayırıb:

“Bundan sonra məlum oldu ki, Rusiya Ermənistana 2 diviziyon “İsgəndər M” silahları göndərib. Bu silahların bir divizyonu 500 milyon dollardan çoxdur. Üstəlik, Ermənistana “İsgəndər M”-lərlə yanaşı odşaçan silahlar, raket texnikaları və bu qəbildən olan çox modern silahlar göndərib.

Ümumilikdə, hesablayanda Rusiya Ermənistana ildə 1 milyard dollarlıq silah yardımı edir. Bu silahlar da heç yerdə qeydə alınmır. Sadəcə olaraq kredit adı ilə Ermənistana bağışlanır”.

Qabil Hüseynli qeyd edib ki, mediada yayılan məlumatları hesablasaq, indiyə qədər Rusiya Ermənistana 5 milyard dollardan çox silah göndərib:

“Ermənistan balaca dövlət olsa da, öz ərazisinə düşən silah kvotasına görə onun ATƏT-in müəyyənləşdirdiyi kvotadan ən azı 20 dəfə çox silahı var. Bütün bunlar onu göstərir ki, Rusiya regionda Ermənistanı sadiq köpəyi kimi bəsləyir və yeri gəldikdə bu köpəyi başqa dövlətlərin, o cümlədən Azərbaycanın üzərinə qısqırdır. Rusiyanın bu hərəkətləri heç bir beynəlxalq hüquq normasına sığmır və eyni zamanda onun vasitəçilik missiyası ilə qətiyyən üst-üstə düşmür. Rusiya bölgədə qoluzorluluq edir, bu qoluzorluluq da bölgədə sülhün yaranmasına ciddi əngəllər yaradır”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.

Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşviyyat kompleksləri, TOC–1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq.


Müəllif: Şəfiqə Nazimqızı