11 Noyabr 2017 10:58
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda dövlət idarəçiliyi sisteminin daha da inkişafı məqsədilə konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkə konstitusiyasının preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlib. Xüsusilə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir".

Teleqraf.com xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

O qeyd edib ki, bu institut ölkənin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, ölkənin qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir.

F.Abdullayev hesab edir ki, konstitusiyanın mətninə edilən bütün dəyişikliklər və əlavələr Azərbaycanda demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına göstərilən yüksək diqqətin daha bir təzahürüdür: "Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, iqtisadi inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. İnsan hüquq və azadlıqları ilə bağlı konstitusiyaya edilmiş dəyişikliklər ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarından, habelə digər beynəlxalq çoxtərəfli müqavilələrdən irəli gələn İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsiplərə tam uyğundur.

Xüsusi qeyd olunmalıdır ki, ölkə konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz universal, demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Ölkə konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini və prinsiplərini özündə ehtiva edən hüquqi sənəd kimi dövlət idarəetmə mexanizminin təməlinə çevrilərək Azərbaycan xalqının rifahına xidmət göstərir. Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə və təkmil qanunvericilik bazasının formalaşdırılmasına da yol açıb".

/Azərtac/


Müəllif: Teleqraf.com