24 May 2018 12:52
2 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 23-də Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi üzvləri qarşısında çıxış edərkən Rusiyanın yeni “Şimal axını-2” layihəsini tənqid edib. Bəllidir ki, adı çəkilən boru xətti ilə Rusiya qazı yeni bir istiqamətlə Avropaya çatdırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiyaya qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu boru xəttinin çəkilişində maraqlı olan əsas Avropa dövləti Almaniyadır:

“Kansler Angela Merkel bugünlərdə Soçiyə gedərək Vladimir Putinlə görüşüb və haqqında danışılan layihənin icrasını da müzakirə edib. Ən maraqlısı odur ki, Mayk Pompeo “Şimal axını-2” layihəsini və Avropanın Rusiyanın qaz asılılığından artmasını tənqid edərkən köhnə qitə üçün alternativ yol göstərib: Avropa Birliyi ölkələri başqa mənbələrə müraciət etməli, Qafqaz üzərindən qaz almalıdırlar”.

Şübhəsiz ki, dövlət katibi “Qafqaz” deyərkən, Azərbaycan qazını və bu qazı Avropaya çatdırmağı planlaşdıran TAP boru xəttinə eyham vurub. Bu bizim üçün yaxşıdır ki, Vaşinqton əvvəlkitək Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması layihələrini dəstəkləyir.

Ancaq məsələnin başqa tərəfi də var. Pompeonun Avropaya ünvanladığı “Rusiya qazından asılılığınızı azaldın, Azərbaycan qazına diqqəti artırın” ibarəsi Moskvada bəlli dairələrin xoşuna gəlməyəcək. Bunu illərdir yazıram ki, Rusiya sözdə Azərbaycanı tərəfdaş dövlət adlandırsa da, qazımızın Avropaya çatdırılmasına müxtəlif yollarla mane olmağa çalışır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Moskva çalışır ki, Rusiya qazı “Türk axını” xətti vasitəsilə daha tez Türkiyə üzərindən Cənubi Avropaya çatdırılsın:

“Digər yandan, illərdir bəzi Cənubi Avropa ölkələrində azsaylı qrupların iştirakı ilə “ekologiyanı qoruyaq” bəhanəsi ilə TAP layihəsinə qarşı etirazlar təşkil edir. Halbuki “ekologiyanı qoruyaq” şüarları altında “Şimal axını” layihəsinə etiraz edən qrurplar haqqında eşitməmişik.

Üçüncüsü, Xəzərin statusunun müəyyənləşməsini uzadır ki, Xəzərin dibi ilə boru xətti çəkilməsin, Türkmənistan qazı da Azərbaycan və Türkiyə üzərindən Cənubi Avropaya çatdırılmasın.

Sonra da sual verməyək ki, nədən Rusiya Dağlıq Qarabağ müanqişəsinin ədalətli həllində maraqlı deyil? Niyə maraqlı olsun ki? Moskvada Azərbaycana Amerikanın tərəfdaşı və qaz bazarındakı rəqibi kimi yanaşırlar. Dağlıq Qarabağ münaqişəsinin həllini də ona görə sürətləndirmirlər ki, rəqibi əsas problemindən qurtulmasın, çünki qurtulsa daha da güclənəcək, bu isə Moskvaya lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu