4 İyul 2016 12:42

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qeyd olunan müddət ərzində 16655 müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə 12683 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 dəfə çox, 2014-cü il ilə müqayisədə 1,8 dəfə çox, 2015-ci il ilə müqayisədə 1,7 dəfə çox) daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3972 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2954 zəng) və çərşənbə axşamı (2769 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (957 müraciət), çərşənbə axşamı (792 müraciət) və cümə (791 müraciət) günləri, əsasən, saat 10:00-dan 15:00-dək müraciət edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: