23 İyun 2014 18:22

Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə gedənlərə xəbərdarlıq yayıb.

Məlumatda bildirilir ki, ziyarət zamanı Səudiyyə Ərəbistanı qanunlarını pozanları müxtəlif cəzalar, o cümlədən edam gözləyir.

Xəbərdarlıq zəvvarlara paylanan viza sənədləri arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza da atacaqlar.

Ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli, zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı siyasi aksiyalardan, toplumlardan uzaq durmalıdırlar.

Həcc ziyarətində olmuş şəxslər bildirirlər ki, indiyədək səfər müddətində onlara belə bir məlumat verilməyib. Belə çıxır ki, cəzalar bu ildən tətbiq olunur. Bəs onda bu cür ağır cəzaların tətbiqinə səbəb nədir?

QMİ-nin əməkdaşı Hacı Əlinin sözlərinə görə, xəbərdarlıq mətnləri zəvvarlara hər il paylanır, lakin bu il maarifləndirmə işlərinin daha geniş formada aparılacağı gözlənilir, səbəbini isə bildirmədi: “Hər bir zəvvar ona aid olan anketi doldurduqda, anketin arxasında bütün bunlar haqqında məlumat verilir. Hansı səbəbdən bilmirəm, nədənsə mətbuat indi bu xəbərə önəm verib. Səudiyyə Ərəbistanı Krallığının ədəb normalarına sığmayan hər hansı bir hərəkətə yol verən hər kəsə bu cəzalar tətbiq oluna bilər”.


Hər qrup rəhbəri idarəyə çağırılacaq və...

Hacı Əli bildirdi ki, bu məlumatı zəvvarlara qrup rəhbərləri çatdırmalıdır. Onun sözlərinə görə, bu il də Həcc ziyarətinə səfərə çıxacaq qruplar müəyyənləşikdən sonra hər qrup rəhbəri idarəyə çağırılacaq, onlara ziyarətin şərtləri haqqında ətraflı məlumat veriləcək: “İclas çağırılacaq. Onlara broşüralar paylanacaq, maarifləndirici məlumatlar veriləcək. Zəvvarlar bilməlidir ki, özü ilə nəyi götürə bilər, nəyi yox. Qadağan edilən əşyaları götürəcəyi halda zəvvarı cəzalar gözləyir”.

Həmsöhbətimiz dedi ki, indiyədək azərbaycanlı zəvvarlar arasında krallığın tələblərinə zidd hərəkətlərə yol verən olmayıb: “Zəvvarlarımız minimum 3250 manat, maksimum 4100 manat sərf edib, pak niyyətlə müqəddəs yerlərin ziyarətinə gedirsə, necə belə hallara yol verə bilər?!”

Hacı Əsmətxanım Məmmədova: “Bu məsələlər islam əxlaqına yaddır”

Bir neçə dəfə Həcc ziyarətində olan keçmiş millət vəkili Hacı Əsmətxanım Məmmədovanın bildirdiyinə görə, səfəri çərçivəsində indiyədək bu cür ağır cəzaların tətbiq olunması barədə məlumata rast gəlməyib: “Görünür, islam dünyasında, İraqda baş verənlər, Kərbəla hadisələri ilə əlaqədar belə sərt qadağaların tətbiqinə ehtiyac yaranıb”.

O ki qaldı cəzaların sərtliyinə Əsmətxanım Məmmədova dedi ki, bu məsələlər dövlət siyasətinə aid olduğu üçün ona zəvvarların müdaxilə imkanı yoxdur: “İslam əxlaqında olan insanlar üçün bu sadalanan məsələlər tamamilə yaddır. Amma müəyyən qadağaların olması lazımdır ki, insanlar bundan sonra da belə işlərlə məşğul olmasın”.

Əsmətxanım Məmmədova hesab edir ki, cinayətə görə edam çox ağır cəzadır: “Mən bir qarışqanın tapdanmasını belə qıymaram. Amma qadağalar ondan ötrüdür ki, insanlar cinayətlərə yol verməsinlər”
İlahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, indiyə qədər də zəvvarlara cəzalarla bağlı məlumat verilsə də, bu haqda məlumatın KİV-də yayılmasına səbəb islam dünyasında məzhəblər arasında süni qarşıdurma yaradılmasıdır: “Dünyada son dövrlərdə baş verən müəyyən hadisələr də burada rol oynaya bilər. Ona görə maarifləndirmə işlərinin aparılması təqdir olunandır”.

“Hər cinayətkar öz ölkəsində cəzalansa yaxşıdır”

Hacı Şahin başqa ölkənin vətəndaşına ağır cəza tətbiq olunmasına mövqeyini belə açıqladı: “İndiyədək eşitməmişəm zəvvarlar arasında qaydalara əməl etməyənlər olsun və onlara belə ağır cəza tətbiq edilsin. Amma hər halda elə də ağır cinayət törətməmiş insana edam cəzasının verilməsini düzgün hesab etmirəm. Yaxşı olardı ki, etdiyi xətaya, cinayətə görə hər bir insan öz ölkəsində cəzalansın”.

QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun bildirdiyinə görə, Səudiyyə Ərəbistanına spirtli içki gətirdikdə şallaqlayırlatr, narkotik gətirəndə birbaşa edam edirlər: “Bu məsələ nə bizlik, nə də zəvvarlıqdır. Bu, Səudiyyə Ərəbistanının qanunudur. Təfsilatı öyrənmək istəyirsiniz Səuddiyə Ərəbistanının Azərbaycandakı səfirliyindən bu barədə öyrənə bilərsiniz”.

Qaçaqmalçılar edam olunacaq

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, artıq 10 ildən çoxdur Səudiyyə Ərəbistanı Krallığının normalarına uyğun olaraq zəvvarlara bu bildiriş verilir: “Səudiyyə Ərəbistanı Krallığının ədəb normalarına sığmayan hər hansı bir pornoqrafık şəkil, plyonka, çap məlumatları, kitab və jurnallar, habelə dini ehkamlara xələl gətirən dini materialların gətirilməsi və qaçaqmalçılıq qəti qadağandır.

Krallığa həmçinin hər hansı narkotik maddələrin və spirtli içkilərin gətirilməsi, qaçaqmalçılığın yayılması və istifadəsi qəti qadağandır. Bu maddələr aşkar oldunduğu halda o şəxsə ölüm cəzası məhkum edilir. Bu məlumat nəinki Həcc ziyarətinə, bu dövlətə giriş-çıxış vaxtı bütün insanlara təqdim olunur. O ki qaldı Həcc ziyarətinə gedən insanlar bu cür neqativ hallara yol verməsinə, bu səfirlik Azərbaycanda fəaliyyətə başladığı vaxtdan heç bir zəvvarda qaydalardan kənara çıxma hallarına yol verilməsi barədə səfirliyə məlumat daxil olmayıb. Qaydalarda heç bir sərtləşdirilmə hallarına da yol verilməyib”.

Səfirlik bəzi dəqiqləşmələr aparılmasını da lazım bildi:

“Bu il 21 iyun tarixində bəzi kütləvi informasiya vasitələrində belə məlumat dərc edilib ki, dini təriqətlərarası qarşıdurma yaradaraq ölümə təhrik etmə, zina və spirtli içki qəbul etməyə görə Səudiyyə Ərəbistanında edam cəzası nəzərdə tutulur. Sizə bildiririk ki, qeyd edilən məlumat yanlışdır. Səudiyyə Ərəbistanı Krallığında qüvvədə olan islam şəriət qanunlarına görə edam cəzası narkotik maddələrin qaçaqmalçılığı və yayılması ilə məşğul olan, habelə qətl törədənlərə verilir. Yerdə qalan digər müxtəlif cinayətlərə görə cəza, mərhəmətə söykənən islam şəriəti qaydalarına əsasən təyin edilir”.

Sevil HİLALQIZI


Müəllif: