3 İyul 2014 11:04
2 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Səidə Quliyevanın bu yaydan gözləntiləri böyükdür. Daha bir uğurlu teatr mövsümünü arxada qoymağa hazırlaşan aktrisa əmin edir ki, “Azdrama”da hər şey qaydasındadır. Və teatr ətrafında olan qalmaqallar onun yaradıcı işinə heç bir kölgə sala bilməz.

Teleqraf.com-un suallarını cavablandıran aktrisa həyəcanlı günlər yaşadığını bildirib. Səbəbini isə yazını oxuyanda biləcəksiniz.

Bu ilki teatr mövsümündə işlərim çox olub. Ən əsası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanan tamaşanı müvəffəqiyyətlə təhvil verdik. Elə bu yaxınlarda Şəki, Zaqatala, Balakən zonasından qastrol səfərindən gəlmişik. Səfər çox möhtəşəm keçdi: istər tamaşaçılar, istər yerli hakimiyyət tərəfindən bizə olan münasibət çox yüksək səviyyədə idi. Sözün düzü, mən bir neçə ildir ki, rayon tamaşaçılarının görüşünə getmirdim. Bu səfər çox yerinə düşdü. Balakəndə tikilən Mədəniyyət Mərkəzində oynadığım tamaşanı elə bildim ki, “Azdrama”da oynayıram. Yeni təmirdən çıxan Şəki Teatrında da oynadığımız tamaşa yüksək səviyyədə qarşılandı. Sözümün canı odur ki, mütləq qastrol səfərlərinə getmək lazımdır. Aydın məsələdir ki, bölgələrdə yaşayan tamaşaçılar Bakıya gəlib, burda bizə baxa bilmirlər. Belə səfərlər tez-tez olsa, daha yaxşı olardı.

Yeni mövsümdə də rollarım olacaq, amma hazırda onlar barədə məlumat vermək istəmirəm. Biz yaradıcı insanlar sənətimizə çox ciddi yanaşırıq və ancaq sənətlə məşğuluq. Mənə çox gülməli gəlir ki, insanlar dedi-qodu, şayiələrlə başlarını qatırlar. Amma əsl, ciddi sənətlə məşğul olan insanları bu, maraqlandırmır. Mən də o insanlardan biriyəm.

Şayiələr tamaşaları kölgədə qoydu?

Xeyr. Sizə düz informasiya verməyiblər. Əsl sənətlə məşğul olan, işinə, özünə hörmət eləyən insanlarda bu söz-söhbət olmadı. O qalmaqalı jurnalistlər yaratdılar, özü də boşu-boşuna. Bizim teatrda hərə başını aşağı salıb öz işi ilə məşğuldur. Nə dedi-qodu, nə şayiə var. Sadəcə jurnalistlər şou-biznes əhli ilə bağlı yazmaqdan doydular, keçdilər teatrlara, ələlxüsus da ana teatrımız olan “Azdrama”ya. Ürəyinizi buz kimi saxlayın, burda hər şey normaldır, öz işimizlə məşğuluq, yaxşı tamaşalarımız var. Əlbəttə, bu tamaşalar içərisində yüksək səviyyədə olan, bir az zəif olan tamaşalar da var. Və bu təbii prosesdir. Eləcə də aktyorlar arasında. Teatrın dayaqları olan aktyorlar gənclərin yetişdirilməsində, inkişafında onlara kömək olur. Bu kömək nədən ibarətdir ? Öz oyunumuz, öz tövsiyələrimizlə onlara yardımçı olmağa çalışırıq. “Azdrama”da sakitçilikdir, öz yerindədir, hamı sağ-salamatdır. Bu ayın 16-da məzuniyyətimiz başlayır.

“İstirahət barədə hələ düşünməmişəm”

Çünki oğlum ali məktəbə imtahan verir. Ona görə həddindən artıq həyəcanlıyam. Oğlum Mədəniyyət və İncəsənət Universitetinin “Kinooperatorluq” fakültəsinə daxil olmaq istəyir. Qabiliyyət imtahanını verib, seçim turundan müvəffəqiyyətlə keçib. İndi test imtahanlarını gözləyirik. Birinci planım oğlumun ali məktəbə daxil olmasıdır ki, artıq ondan sonra istirahət barədə düşünəcəm. Təsəvvür edin ki, istirahət adını dilimə də gətirə bilmirəm. Balam tələbə biletini əlinə alsın, bundan böyük xoşbəxtlik olmayacaq.

“Öz seçimi idi”

Bu mənim arzum deyildi. Oğlumun seçimidir. Neft Akademiyasına hazırlaşırdı, 11-ci sinfə keçiddə qəti qərara gəldi ki, sənədlərini İncəsənət Universitetinə verəcək. Qərarını atası ilə mənə deyəndə sözün düzü, bir həftə ona ciddi şəkildə etiraz edib, bunun mümkün olmayacağını dedim. Bilirsiniz, həmişə bunun əksinə olmuşam. Bizim sənət çətin sənətdir. Birinci növbədə istedadın olmalıdır. Üstəlik də mənim tək övladımdır, hər bir valideyn kimi istəyirdim ki, oğlum firavan yaşasın. Amma bizim sahədə o firavanlıq yoxdur. Düzdür, Allahın qədərində kimin qismətinə nə yazıbsa odur, amma əsl Azərbaycan anası kimi istəyirdim ki, oğlum heç bir ehtiyac hiss etmədən bir həyat yaşasın. Özü seçdi, görünür onun taleyinə belə yazılıb, buna görə də seçiminə əks getmədik.

Birdən aktyor olmaq istəsə?

Yox, yox, aktyor olmayacaq. Hətta onu döyə-döyə də olsa, bu fikrindən döndərərəm. Deyim ki, onun da belə həvəsi yoxdur. Ya rejissor, ya kinooperatorluq istəyirdi. Çünki onu uşaq vaxtlarından yanımda gəzdirmişəm: çəkilişlərə aparmışam, səfərlərə gedəndə yanımda olub, görünür, elə onu mən “xəstələndirmişəm”. (gülür) Mənim günahım olub. Seçdiyi sahədə Azərbaycana yararlı olsa, bir ana kimi çox sevinərəm.

Serial arzusu

“Aramızda qalsın” serialında işimə ötən ilin avqust ayının 17-də xitam verildi. O elə bir vaxt idi ki, bütün seriallarda rollar bölünmüşdü. Xəzər TV-nin belə bir şərti var idi: onun seriallarında çəkilənlər başqa heç bir serialda çəkilməli deyil. Sözün düzü, mən bir seriala düşsəm ikincisinə heç vaxt çəkilmərəm. Ona görə mənə təkliflər gəlmədi. Sonra xırda təkliflər gəldi ki, onlar da məni qane etmədi. Hazırda gözləyirəm, təklif olsa, seçim edəcəm: həm maddi, həm də mənəvi baxımından. Yəqin qəbul edərəm, çünki hər zaman işləyən və öndə olmuşam. Amma bu il qəribə hal baş verdi və hardasa sevindim ki, seriallara çəkilmirəm. Oğlumla məşğul olmağa vaxtım oldu. Onun qayğısına qaldım, bir sözlə, özümü tam olaraq ona həsr etdim.

Qaldı ki, Xəzər TV-nin indiki seriallarına, şəxsən mən baxıram. Müəyyən səhvlər də var, tamamilə razı qaldığımı deyə bilmərəm. Ssenaridə problemlər gözə dəyir. Amma sizə başqa bir şey deyim, “Həyat sən nə qəribəsən”də çəkilən əksər aktyor və aktrisaları şəxsən mən tanımırdım. Sizə açıq deyim ki, içərilərində elələri var ki, çox bəyəndim, yaradıcılıqlarını bundan sonra da izləyəcəm. Çox məmnuniyyətlə “Bir ailəm var” serialına baxıram. Bu gün ağızlarını əyib deyirlər ki, “Azərbaycanda serial yoxdur”, “Serial Türkiyə daha yüksək səviyyədə çəkilir”. Biz tənqid etməyi xoşlayan millətik. Gəlin, bir az imkan verək. Biz teleseriallar məkanında çox qısa müddətdir ki, varıq. Yəqin gələcəkdə tam peşəkar serial çəkəcəyik. Yaxşı ssenaristlər yetişəcək. Necə ki, mən bu gün böyük məmnuniyyətlə “Möhtəşəm yüz il”ə baxıram. Televiziyada izləyə bilmədiyimə görə, internet vasitəsilə baxıram. İnanıram ki, biz də gələcəkdə elə bir serial çəkəcəyik. Və arzu edirəm ki, özüm də o serialda iştirak edim.

“Azərbaycanfilm”

“Azərbaycanfilm” film çəkir? Çəkmir axı. Kinostudiyaya səsləndirməyə getmişəm. Amma aktrisalığımla bağlı mənə aid olan bir şey olmayıb. Bir-iki sual altında olan təkliflər var. Hələ özüm üçün də qaranlıq olduğuna görə açıqlama vermək istəmirəm. Amma xahiş edirəm oxuculara çatdırın ki, “Aramızda qalsın” serialının davamı çəkilmir. Hazırda onun təkrar seriyaları yayımlanır, hamı elə bilir ki, davamı çəkilir. Amma təəssüflər olsun ki, daha çəkilmir. Bir neçə il o serialda işlədim və istərdim yenidən o günlərə qayıdam. Bu aktrisa kimi arzumdur. Ötən gün serialın ilk seriyası yayımlandı, tamaşaçı kimi yenə maraqla baxdım. Və açığını deyim ki, kövrəldim.

Müasir yazarların əsərlərini oxumaq istəyirəm

Sosial şəbəkələrdə yoxam. Mən sadə bir insanam, öz işlərimlə məşğulam. Sosial şəbəkədə nə işim var? Bilirsiniz, mən ciddi işlərlə məşğul oluram, nəinki dedi-qodu ilə...Ondansa filmlərə baxaram, kitab oxuyaram, məlumatlanmaq üçün xəbər oxuyaram. Əlimdə Aida adlı bir xanımın şeir kitabı var. Maarifçi Qadınlar Cəmiyyətinin üzvüyəm. Xanımla da orda tanış olmuşam. Daha çox pyeslər oxumağa çalışıram. Klassik ədəbiyyatı vaxtilə çox oxumuşam. Ona görə indi daha çox müasir yazarların əsərlərini oxumaq istəyirəm.

Ailə

Ailə mənim üçün hər şeydir: anamdır, bacımdır, övladımdır, yoldaşımdır. Yaxınlarım, doğmalarım, əzizlərimdir. Hər gün onlar üçün dualar edirəm. Mənim üçün birinci yerdə ailəmdir.

Ramazan ayı

Şəkər xəstəliyinə tutulandan bəri oruc tuta bilmirəm. Bunu heç kimə deməmişəm, ilk dəfə şəkər olduğumu biləndə çox pis oldum və kövrəldim ki, daha oruc tuta bilməyəcəm. Neyləməli, Allah belə məsləhət görüb. Amma oruc tutan insanlara çalışıram ki, imkanım dairəsində kömək edim.

Nərmin


Müəllif: