9 Oktyabr 09:43
2 031

Teleqraf.com-un “Portret” layihəsində Cahangir Məmmədli Famil Mehdi haqqında danışır.

– Cahangir müəllim, Famil Mehdi kim idi? Onu bizə necə təqdim edərdiniz?

– Famil müəllim ilk növbədə çox böyük publisist, jurnalistika nəzəriyyəçisi, sonra isə gözəl bir şair idi.

– Niyə birinci şair yox, publisist və nəzəriyyəçisi olduğunu dediniz?

– Çünki Famil müəllim Azərbaycan jurnalistika sahəsində birinci dəfə dissertasiya müdafiə edib, doktorluq elmi dərəcəsi almış adamdır. Ondan sonra jurnalistikaya gələnlər Famil müəllimin nəzəri fikirlərinə söykənib hərəkət etdilər. Ola bilər, kimsə desin ki, Famil müəllim ilk növbədə şairdir. Amma o öz vətəndaşlıq, azadlıq ideyalarını publisistikası ilə ortaya qoyurdu. Çünki Milli Azadlıq hərəkatı vaxtı Famil müəllim publisistikadan daha çox istifadə etməyə başladı. Bədii əsərdən fərqli olaraq publisistikada söz dolayı yolla deyil, birbaşa deyilir.

– Onun Azadlıq hərəkatında rolu nədən ibarət idi? Ancaq publisistik yazılar?

– Azadlıq hərəkatı başlanda fakultəmizdə ən birinci Famil müəllim qabağa düşdü. Sizi inandırım, tələbələri dəstə-dəstə yığıb meydana aparırdı. O dövrlərdə içində vətən sevgisi olan hər kəsdə Milli Azadlıq hərəkatına kömək istəyi vardı. Famil müəllim də azadlıq mübarizəsinə köməklik göstərən və bu şüura xidmət edən adamların yanında idi.

Mitinqlərdə çıxış da edirdi?

– Əlbəttə! Hökumət evinin qarşısındakı tribunada çıxışları çox olmuşdu.

Əbülfəz Elçibəylə münasibətləri vardımı?

– Bəli... Famil müəllimlə Elçibəy arasında çox yaxşı və yaxın münasibət vardı.

Dost idilər?

– Dəqiq bilmirəm, amma mənə elə gəlir ki, hətta dost idilər. Famil müəllim azadlıq ideyasına söykənən bir adamla dost olmaya bilməzdi.

– Bəs sizlə də dost idimi? Yoxsa ancaq müəllim-tələbə münasibətləri?

Mən ilk növbədə Famil müəllimin tələbəsi olmuşam. İkincisi, yerli olmuşuq. O da ağdamlıdır, mən də. Famil müəllim ağdamlı tələbələri həmişə əlinin içində saxlayırdı, müdafiə edirdi, hətta qəbul imtahanlarında belə kömək edirdi.

Universitetə gəldiyim ilk gündən söykəndiyim adamlardan biri də Famil müəllim olub. Eyni zamanda ondan jurnalistikanın sirlərini öyrənmişəm. Bəlkə də yerlilikdən doğan bir şey idi, bilmirəm. Mənə öz tələbəsindən daha çox balaca dostu kimi baxırdı. Baxmayaraq dost idik, amma həmişə onu böyüyüm hesab etmişəm, sayğı göstərmişəm və ona heç vaxt şıltaqlıq etməmişəm.

Deməli, Famil müəllimdə yerliçilik varmış...

– Bəli, yaxşı mənada yerlibaz idi. Fərqi yoxdur, Ağdam olmur, başqa bir rayonumuz, başqa bir şəhərimiz olsun, əgər öz bölgənin adamlarına qayğı göstərə bilirsənsə, bunun özü də böyük bir şeydir.

Birlikdə məclisləriniz çox olurdumu?

– Əlbəttə... Hətta sizə deyim, mən bir az şıltaqcasına evlənmişəm. Yəni ailəm evlənməyimə narazı idi. O vaxt bizim evlənməyimizə yad münasibət vardı. Həmin vaxt Famil müəllim mənə toy da eləmişdi. Yəni, o bu dərəcədə mənə qayğı göstərib.

– Evlənmənizdə sizə maddi cəhətdən dəstək olmuşdu? Ya necə?

– Həm maddi, həm də mənəvi cəhətdən.

– İçki içirdi?

– Düzünü deyim, bütov bakalı götürüb başına çəkdiyini görməmişəm. Ən böyük məclislərdə əlli qram mən də içərəm. Famil müəllim də elə mənim kimi içirdi. Buna isə yəqin, içmək deməzlər.

– Publisist və jurnalistika nəzəriyyəçisi kimi Famil Mehdi haqqında yüksək fikirlər dediniz. Bəs onun bir şair kimi yaradıcılığına münasibətiniz necədir? Sizcə, həqiqətənmi şair idi? Yoxsa həvəskar?

– Famil müəllim şair idi, özü də Azərbaycan poeziya mühitində ayrıca üslubu olan bir şair! Bunu oxucular daha yaxşı bilər. Qəribə idi ki, özü də özünü daha çox şair hesab edirdi. Təsadüfi deyil ki, onun şeirlərinə mahnılar da bəstələnib. Onun şeirlərindən muğamlarımızın əvvəlində də istifadə olunur.

– Əruzda yazırdı?

– Təkcə əruzda yox, deyərdim ki, bütün vəznlərdə özünü sınamış bir şair olub. Onun poeziyası xeyli dərəcədə ideoloji idi. Azərbaycançılıq ideologiyası, Milli Azadlıq hərəkatı və s. onun baş mövzuları idi.

– Sovet vaxtı yazırdı bu mövzularda?

– Yox, Sovet dönəmində daha çox sətiraltı sözlərlə kifayətlnərdi. Ümumiyyətlə, dəqiqliyilə deyə bilərəm ki, Famil müəllimin Azərbaycan poeziyasında öz yeri, öz üslubu var.

Elçibəyə şeir yazmışdı?

Düzünü desəm, bilmirəm. Amma Famil müəllimdə kiməsə şeir həsr etmək yox idi. Elə şeylər Bəxtiyar Vahabzadəyə xas idi. (gülür)

– Bəs sizcə, niyə Famil Mehdinin adı şair kimi çox çəkilmir?

– Vaxtilə ondan şair kimi çox danışırdılar. Azərbaycan qabaqcıl qəzet və jurnallarında Famil müəllimin şeirləri tez-tez çap olunurdu. Mən belə bir giley edim. Onsuz da hal-hazırda Azərbaycan klassiklərimiz də unudulmaqdadır. Məncə, bu, daha çox zaman, dövr və mühitlə bağlı olan bir şeydir. O qədər dəyərli yazıçılarımız, şairlərimiz var, hamısı unudulur. Bu unutqanlıq bizə çox baha başa gələcək. Adını çəkmək istəmirəm, bəzən elə adamlar unudulur ki...

– Bəlkə, adını çəkmək istəmirsiniz deyə unudlur?

– Doğrudan, aç çəkmək istəmirəm. Amma kimisə unutmaq ərəfəsində olduğunu düşünürsən, için ağrıyır. Təbii, vətən, millətlə bağlı olan adamlar yaddaşlardan silinmir. Amma bir də görürsən ki, dostun unudulur, şair unudulur... Bu, çox pis şeydir. Gərək insan unudulmasın. Hərdən keçmişə baxmaq mütləq lazımdır.

Sağ olun ki, bu gün Famil Mehdini mənə bir daha xatırlatdınız... Etiraf edim ki, dünən siz mənə zəng edəndən Famil müəllim barədə daha yanğılı düşünməyə başladım.

– Şeir klitabları çox idimi?

– Bəli... Famil müəllimin ən azı 10-12 şeir kitabı var. Yazıçılar Birliyi həmişə ona böyük hörmət və diqqətlə yanaşıb. Şeirlər kitabının əksəriyyəti Yazıçılar Birliyinin məsləhəti ilə çap olunub. Onun çoxlu poemaları da var. Poeziyanın çox müxtəlif janrlarına müraciət edib.

– Evinizdə varmı kitablarından?

– Məndə onun həm şeir kitabları, həm də publisistik əsərləri var. Onun “Bədii publisistika” kitabı kitabxanamın ən hörmtli yerində dayanır. Tez-tez o kitadan istifadə edirəm. Famil müəllim doktorluq dissertasiyasını da bu mövzu üzrə müdafiə edib. Bu günün özündə də müəllimlərimizdən tələbələrə qədər hamı o kitabdan bəhrələnir. Həmin kitabda bədii publisistikanın bütün elementlərini və detallarını nəzəri cəhətdən işıqlandırıb.

– Kitablarından Jurnalistika fakultəsində dərs vəsaiti kimi istifadə olunur?

– 1966-1970-ci illərdə fakultəmizdə “Jurnalistika məsələləri” adlı iki kitab buraxıldı. O kitablarda radio və televiziya ilə bağlı birinci məqaləni, elmi işi Famil müəllim işləyib hazırlayıb. Famil müəllim daha çox mətbuatla bağlı adamdır, eyni zamanda isə Azərbaycanda televiziya ilə bağlı ilk elmi məqalənin müəllifidir. O dönəmlərdə Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin adlarını çəkmək olmurdu, amma Famil müəllim öz əsərlərində onların adını dəfələrlə qeyd etmişdi.

– Dünyasını dəyişən ərəfədə harda işləyirdi?

– Bizim fakultədə “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri idi. İndi o kafedranın müdiri mənəm. O zamanlar “Sovet jurnalistikasının nəzəriyyəsi və təcrübəsi” kafedrası adlanırdı. Amma tale elə gətirdi ki, kafedranın adı dəyişildi və indiki kimi adlandırıldı. Famil müəllim fakultədə müəllimlər və tələbələr tərəfindən o qədər sevilirdi ki, rəhmətə gedəndən sonra il yarım onun yerinə heç kimi gətirmədilər. Rektorumuz gözlədi, Famil müəllimin ili çıxdı, bir az da keçəndən sonra mən onun yerinə, müdir vəzifəsinə gəldim. Abel müəllimin Famil müəllimə xüsusi hörməti, sevgisi və rəğbəti olub.

Rəhmətə getmə səbəbi nə oldu? Əcəl? Yoxsa xəstə idi?

– Qış idi. Öz evində, qarajının üstündə məişət işləri görürdü. Daha doğrusu, qar təmizləyirdi. Bu zaman ordan yıxılmışdı və ayağında problem əmələ gəlmişdi. Buna görə Famil müəllim uzun müddət axsadı. Ayağındakı problem onu çox incidirdi...

– Dünyasını dəyişmə səbəbi ayağı oldu?

– Qarabağ dərdi çox ağır dərddir. O, Qarabağ dərdi ilə yaşadı və Qarabağ dərdi ilə vəfat etdi. Qarabağdan söz düşən kimi kövrəlirdi, ağlayırdı... Bu mənada Famil Mehdi Qarabağ xəstəliyindən dünyasını dəyişdi. Ağdamdan bir çox ziyalılarımız var. Amma Famil müəllim onların hamısından seçilən adam idi. Məsələn, döyüşlər zamanı ermənilər Ağdama çatanda Famil müəllim gedib könüllülər dəstəsi yanında düşmənlə mübarizə aparırdı. Onda böyük cəsarət vardı.

– Neçə yaşında dünyasını dəyişdi?

– 70-ə yaxın vardı...

Övladları nə ilə məşğuldur?

– Oğlu Şamil indi dəqiq elmlə məşğuldur. O biri oğlu Nəriman isə vaxtilə jurnalist olub. Lider TV-də işləyirdi. Düzünü deyim, indilərdə nə işlə məşğul olduğunu bilmirəm. Bəlkə də mənim nöqsanımdır ki, maraqlanmamışam.

– Famil müəllimin fəxri adları vardımı?

– Təhsil Nazirliyi və universitet tərəfindən dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuşdu. Amma dövlət tərəfindən hər hansı bir adla mükafatlandırılmamışdı.

Sizcə, layiq idi?

Ömrünü publisistikaya, jurnalistikaya vermiş bir adam əlbəttə ki, layiq idi.

Ömrünün sonuna yaxın yenə də ictimai-siyasi proseslərin içində idi? Yoxsa bu istiqamətdə fəaliyyəti Azərbaycanın müstəqillik qazanması ilə yekunlaşdı?

– Müstəqillikdən sonra Famil müəllim daha çox publisistika ilə məşğul oldu. Hərəkat dövründə onun “Kommunist” qəzetində elə yazıları dərc olunurdu, adam ehtiyat edirdi ki, sabah Moskva tərəfində çox ciddi şəkildə cəzalandırlacaq. Xudu Məmmədov, Bəxtiyar Vahabzadə ilə birlikdə yazılar yazırdı. Elə Famil Mehdinin ən yaxın dostlarından biri də ağdamlı Xudu müəllim idi.

Bəs başqa dostları kimlər idi?

– Məsələn, Xəlil Rza Ulutürk... Bir epizod danışım. Famil müəllim olduqca fəal adam idi. Xəlil Rzanın oğlu Təbriz Ağdamda gedən döyüşlər zamanı şəhid olmuşdu. Həmin ərəfədə mən təsadüfən, Ağdamda idim və bu xəbəri elə orda eşitdim. O zaman Ağdam bizdə idi və Təbrizin cənazəsini Ağdam məscidinə gətirdilər. Məsciddə heç kim qalmamışdı, hərə bir tərəfə dağılmışdı. Həmin vaxtda Təbrizin yerdən götürülməsini və dəfn mərasimini Famil müəllim özü təşkil etmişdi. Xəlil Rzanın oğlunu çox şərəfli bir şəkildə torpağa tapşırdılar. Həmin günün səhəri isə Famil müəllimlə Xəlil Rzanın yanına başsağlığına getdik. Xəlil müəllim o qədər böyük bir vətəndaş idi ki, hüzür yerinə gələnlərin hamısına özü deyirdi ki, başınız sağ olsun!

– Maraqlıdır, Famil müəllim xaraktercə necə bir adam idi? Baməzə, yoxsa tamamilə ciddi?

– Xeyli dərəcədə ciddi adam idi. Amma bununla yanaşı çox yaxşı da dost idi. Tələbələri onu hədsiz sevirdi. Yüksək səviyyəli müəllim və yüksək səviyyəli tələbə dostu idi. Bunu onun dərs dediyi tələbələr də təsdiq edə bilərlər. İş yerində də müəllimlərlə dost olmuşdu. O, dost dediyi adama görə hansı məmurun desəniz, qapısına gedərdi. Famil müəllim bu fakultənin gülü, əzizi idi.

Heç sizdən ötrü hansısa məmurun qapısını döymüşdümü?

– Mənim bu fakultəni bitirməyim və elə burada da işləməyə başlamağım Şirməmməd müəllimin sayəsində olub. O vaxtlar dekan Şirməmməd Hüseynov idi. Tələbəlik tariximdə bircə dəfə 3 almışam, onu da mənə Şirməmməd müəllim yazmışdı. Sonra mənə dedi ki, deyəsən, sənə qiyməti düzgünb verməmişəm. Elə ona görə də məni universitetdə saxladı. Şirməmməd müəllim mənim həyatımı qurmuş bir insandır. Amma Famil müəllim də mənə doğru yollar göstərmiş bir şəxsdir. Necə yazmalı, hansı elmi işi götürməli və s.

– Bayaq unudulmaqdan danışdınız. Biz sizə zəng edib Famil müəllim haqqında danışdırmasaydıq, o, axırıncıə dəfə nə vaxt yadınıza düşmüşdü?

– Mən onu yadıma salmaya bilmərəm və ya yadımdan çıxara bilmərəm. Çünki mən bu gün kiməmsə, bunda Famil müəllimin çox böyük rolu var. Biz onu hər gün xatırlayırıq. Ən azı mən evimdə hər axşam elmi iş işləyirəm və həftədə üç dəfə onun kitablarına müraciət edirəm. Mən Famil müəllimin evində bir batman çörək yemişəm. Famil müəllimin yoldaşı o qədər gözəl insandır ki... Nə zaman onlara getsəm, çörək yeməmiş evdən çıxmamışam.


Müəllif: Çinarə Böyükçöl