17 Dekabr 2017 10:35
9 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda doğuldu, Moskvada oxudu, təyyarə ilə mühacirət etdi...

İstanbulda Zincirliquyu məzarlığında azərbaycanlı mühacirlərin məzarlarını axtararkən üzərində “Azerbaycan kahramanı tayyareci Hasan Zeynallı. 1912-1997” yazılmış bir qəbirə rast gəldim. Bu şəxsin kim olduğunu bilmədiyim üçün hörmətli dostumuz Ömər Özcan bəydən soruşdum. Ömər bəy Həsən Zeynallının Məhəmməd Altunbayla bərabər təyyarə ilə qaçan şəxslərdən biri olduğunu söylədi.

Teleqraf.com-da Məhəmməd Altunbayın yayımladığımız xatirələrində Həsən Zeynallı haqqında müəyyən məlumatlar verilib. Amma haqqında başqa bilgi əldə edə bilməmişdik.

Bu yaxınlarda kitab festivalında “20-ci əsr” adlı dərgidə “Rusiyadan qaçan türk pilot” adlı yazıya rastladım. Məqalənin Məhəmməd Altunbayla bağlı olduğunu düşündüm, amma dərgini satın aldığım zaman Həsən Zeynallı ilə müsahibə qarşıma çıxdı.

Digər təyyarəçimizlə bağlı məlumat əldə edə bildiyimə hədsiz sevindim.

Beləliklə, Məhəmməd Altunbayla birlikdə təyyarə ilə mühacirətə gedən Həsən Zeynallıdan 1953-cü ildə alınan müsahibəni təqdim edirik:

***

Uzun illər istər maddi, istərsə də mənəvi baxımdan çətin mücadilələrə girişərək dəmir pərdənin arxasında yaşamış türk pilotu Həsən Zeynallı başından keçən tükürpədici hadisələri danışarkən onları sanki yenidən yaşayır, öz aləminə dalır, saralır, titrəyir, sonra dərin-dərin nəfəs alaraq “Çox şükür, vətənimə, hürriyyətimə qovuşdum! Allah orada qalan əqrəbalarıma və digər türklərə də, inşallah, bu günü nəsib edər” deyir.

Müsahibəni alan: Mualla Bayraktar

***

- Rusiyada nə qədər yaşadınız?

- 1912-ci ildən 1939-a qədər oradaydım.

- Bu illər ərzində başınızdan keçən hadisələri danışa bilərsinizmi?

- Mən əslən Qafqaz türklərindənəm. 1912-ci ildə İrəvanda doğuldum. İki yaşımda ikən Dünya Müharibəsi başladı. Savaşın qorxunc təsirləri yavaş-yavaş Qafqazda da özünü göstərirdi. Bu əsnada kommunistlər qarışıqlıq saldılar, Çar Rusiyası çökdü. Bundan istifadə edən bir çox millətlər yavaş-yavaş istiqlallarını elan etdilər. Azərbaycan türkləri də illərdən bəri apardıqları mücadilənin artıq nəzəri səhifədən fəaliyyətə daşınmasının zamanının gəldiyini başa düşdü, minlərlə övladının canı bahasına istiqlallarını elan etdilər. Bu hadisəni eşidən kimi tez İrəvandan Azərbaycana gəldik. Çünki Çar Rusiyasının zülmündən qurtulan Azərbaycan türkləri Qafqazın dörd tərəfinə dağılan digər türkləri üç rəngli Azərbaycan istiqlal bayrağının altında toplanmağa dəvət etmişdilər. Təəssüf ki, hürriyyət havasını tənəffüs etmək ancaq iki il sürdü. Yəni 28 may 1918-dən 1920-ci ilə qədər. Bundan sonra Rusiyanın hər tərəfində bolşevik rejimi hökm sürməyə başladı. Hər millətə istiqlal və hürriyyət vədi ilə gələn qırmızı sürülər məmləkətin hər cür maddi-mənəvi sərvətlərini yağmalamağa başladılar. Bundan sonra kapitalistlərin uşaqları iddiası ilə işçini fabrikə, kəndlini torpağa elə zəncirlədilər ki, o zəncir 35 ildir heç cür sökülüb atıla bilmir. Bu rejimin qurucuları əsgər və münəvvər zümrəni bolşevik dövrünə qədər olan tarix və mədəniyyətin düşməni kimi adlandıraraq kütləvi halda Sibirin buzlu cəhənnəminə sürgün etdilər. Dini və elmi müəssisələrin hamısını axura çevirdilər. Bəşər övladının dimağını təşkil edən kitabxanaları qızıl cəlladların bütxanaları halına gətirdilər.

- Yaxşı, xalq onlarla mücadilə aparmadımı?

- Dünyaya guya səadət gətirəcək olan saxta kommunist doktrinasının yalançılıqda ad qazanmış tətbiqatçıları xalqa zülm edir, müqavimət göstərənləri öldürürdülər. Buna baxmayaraq, xalqın hər təbəqəsi kütləvi halda savaşmaqdan əsla geri qalmadı. Amma nəticədə kommunistlər bütün müqavimət yuvalarını, strateji əhəmiyyətli mövqeləri daha əvvəldən ələ keçirdiklərinə görə onlar qazandılar. Beləcə, Sovet Sosialist İttifaqında tarixdə misli görülməmiş faciələr dövrü başladı.

- Bu əsnada siz nə edirdiniz?

- Mən o zaman uşaq idim. Ancaq çarpışmalara su, mərmi, çörək daşıyaraq əlimdən gəldiyi qədər kömək edirdim.

- Təhsilinizi necə aldınız?

- Bu mücadilədə qalib gəlmək üçün təhsilin şərt olduğunu bilirdim. Hər şeyi ancaq bu açarla aça bilərdim. Edəcək başqa bir şey yox idi. Bir çox maddi-mənəvi çətinliklər içində olduğum halda universitetdə oxudum. Fəqət bitirməyimə imkan olmadı. Ona görə də təyyarəçilik məktəbini seçdim. Əvvəl Bakıda pilotluq təhsili aldım, sonra Moskvaya gedərək orada ali təhsil aldım. Sonra məni Bakıya təyyarə müəllimi olaraq göndərdilər.

- Rusiyadan qaçana qədər orada qaldınız?

- Bəli, 1942-ci ildə Türkiyəyə gələnə qədər orada eyni vəzifədə qaldım.

- Türkiyəyə necə qaçdınız?

- Biz üç türk pilotu Rusiyadakı qətliamın heç bitməyəcəyini başa düşdük. Həm bundan qurtulmaq, həm də vəziyyəti mədəni dünyaya çatdırmaq məqsədi ilə qaçmağa qərar verdik. Rusiyada NKVD adı verilən müdhiş bir təşkilat var ki, bunun tətbiqatından qurtulmaq, həqiqətən, dünyanın ən çətin işidir. Biz bu senzuranı yırtaraq 1939-cu ildə hərbi nəqliyyat kimi istifadə edilən, əslində, yüngül bombardmançı olan təyyarəyə sərnişin kimi mindik. Havalandıqdan bir az sonra rus pilota təyyarəni bizə təslim etməsini əmr etdik. O rədd etdi. Buna görə də dərhal onu öldürüb maşinistin də əllərini bağladıqdan sonra sükana keçdik. Fəqət yanımıza xəritə götürməmişdik. Əks təqdirdə üstümüzü axtarıb belə bir şey tutsaydılar, şübhəsiz ki, yolumuza daha əvvəl mane olar, bizi tez həbs edərdilər. Marşruta görə hərəkət edərək İran üzərindən Türkiyəyə yönələrək yola düşdük. Tam Rusiya sərhədini keçərkən sərhəd növbətçiləri tərəfindən görülərək pulemyot atəşinə tutulduq. Biz də onlara iki mühərrikli təyyarəmizlə atəş açır, yaxın məsafəyə qədər enərək hamısını pərişan edirdik. Nəhayət, silahlarını ataraq qaçıb getdilər. Sərhədi keçib İran torpaqları üzərində uçmağa başladıq, bir müddət sonra 4500 metr yüksəklikdə olan Savalan dağının zirvəsinin üzərində idik. Benzinimiz bitdi. Bu vəziyyət qarşısında dərhal enmək məcburiyyətində qaldıq. Şansımız gətirdi, sağ-salamat qurtulduq. Çünki 22 illik təyyarəçilik peşəsində bu tərzdə qurtulan bir nəfər eşitməmişik. İranda olduğumuzu xəbər alan rus dövləti dəfələrlə bizi istəsələr də, İran dövlətinin göstərdiyi cəsur hərəkət sayəsində geri verilmədik. Fəqət orada iki il 10 aya qədər müddətdə saxlanıldıq. Bundan sonra da bir çox təhlükəli yollardan keçərək, nəhayət, Türkiyəyə çatdıq.

- Türk torpağına ilk dəfə ayaq basdığınız zaman nə hiss etdiniz? Necə qarşılandınız?

- Türk torpağına ilk ayaq basdığım zaman illərdən bəri çəkdiyim bütün sıxıntı və işgəncələrlə dolu həyatım birdən-birə bitdi. Bir anda böyük bir hüzura qovuşduğumu hiss etdim. Qəlbim bənzərsiz bir sevinclə dolub-daşırdı. Azad vətənimin azad havasını tənəffüs etmək məni məst etmişdi. Səadətdən sanki özümü itirmişdim. Bu hal günlərlə davam etdi. Türkiyədə ilk ayaq basdığım yer Nusaybindi. (Mardin şəhərinə bağlı bir qəsəbə - D.Ə) Buranın kaymakamı, bələdiyyə rəisi və polis müdiri məni son dərəcə səmimi və nəzakətli şəkildə qarşıladılar. Hamısından könül yaxınlığı, böyük sevgi gördüm.

- İndi nə ilə məşğulsunuz?

- Gəldiyim tarixdən etibarən “Türkkuşu”nda təyyarə müəllimliyi edərək millətimə pilot yetişdirirəm.

- Rusiyadakı əqrəbalarınız haqqında nə düşünürsünüz?

- Təbii ki, onların da bir an əvvəl qurtulmalarını istəyirəm. Təəssüf ki, bizim kimi qaçmalarına imkan yoxdur. Əgər mədəni aləm kommunist nümayəndələri ilə apardıqları demaqojik təmasları bir tərəfə buraxaraq realist bir çalışma nəticəsində kommunizmin qərargahı olan Moskvanı yerla-yeksan edərsə, məhz o zaman qurtula bilərlər.

- Onlarla əlaqə qura bilirsinizmi?

- Rus kommunizmi o qədər şiddətli, qorxunc bir haldadır ki, hakim olduqları məmləkətlərin hüdudlarından nəinki məktub keçə, hətta quş da uça bilməz. Rusiyadakı xalq öz məmləkətlərinin xaricində baş verən hadisələrdən xəbərdar deyil. Xaricdən nə bir film gəlir, nə də qəzet, jurnal, kitab və s. Hətta xalq radioda xarici heç bir məmləkətin yayımını dinləyə bilməz. Bu səbəbdən 12 ildir ailəm və əqrəbalarımdan heç bir xəbər ala bilmədim.

“20-ci əsr” jurnalı, 57-ci say, 10 sentyabr, 1953


Müəllif: Dilqəm Əhməd