2 May 2014 11:59
1 193

Dörd fəndən "iki" alan sinifdə qalacaq

Dünən Təhsil Nazirliyində 2014/2015-ci ildə təhsil sahəsində edilən bir sıra yeniliklərlə bağlı mətbuat konfransı keçirilib. Nazirliyin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsi ilə bağlı yeni qaydalar tərtib olunub. Qaydalara əsasən, orta ümumtəhsil məktəblərində 4 və daha artıq fəndən illik qeyri-kafi qiymət alan və dərslərə gəlmədiyinə görə biliyi qiymətləndirilməyən 5-ci, 8-ci və 10-cu sinif şagirdləri sinifdə qalacaq.

Bundan başqa 1 və 3 fəndən qeyri-kafi qiymət alanlara yay tapşırığı veriləcək. Onlar imtahan verəndən sonra növbəti təhsil pilləsinə keçə bilərlər: "Şagird yay tapşırığından da qeyri-kafi qiymət alarsa, sinifdə qalacaq. Daha bir qayda budur ki, I yarım ildə kafi, ikinci yarım ildə isə qeyri-kafi qiymət alan şagirdə illik müsbət qiymət çıxarıla bilməz".

Tələbə qəbulu ilə bağlı gözlənilməz yeniliklər

Nazirlik rəsmisi 2014/ 2015-ci tədris ilində tələbə qəbulu planında olan dəyişiklərdən də danışıb. Onun sözlərinə görə, bu ilki tədris ilində əyani təhsil forması üzrə qəbul planı 1% artırılıb. Özəl ali məktəblərdə qiyabi təhsil forması üzrə qəbul planı isə ləğv edilib.
Digər ali məktəblərdə qiyabi təhsil forması üzrə qəbul 2 dəfədən çox azaldılıb, həmin yerlər əyani qəbul forması üçün ayrılıb.

AMİ-də pedaqoji ixtisaslara qəbul dayandırılacaq

Cəsarət Valehovun bildirdiyinə görə, Azərbaycan Müəllimlər İnstitutunda pedaqoji ixtisaslara 2014-2015-ci tədris ilində qəbul planı verilməyəcək: "Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetinə verilib. Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır".

Kolleclərə qəbul 3200 yer azaldılıb

Nazirlik rəsmisi kənd təsərrüfatı ixtisasları üzrə isə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacağını bildirib. Magistratura pilləsinə də qəbulda bu il dəyişikliklər olacaq: "Bu il magistr pilləsinə qiyabi təhsil forması üçün plan yeri ayrılmayıb. Bundan başqa, bakalavr pilləsindən buraxılışı olmayan ixtisasların magistr pilləsi üzrə də plan yerləri ayrılmayıb. Məsələn, bank işi üzrə bakalavr ixtisası yoxdur. Onun magistratura səviyyəsinə də plan yeri ayrılmayıb. Orta ixtisas təhsil müəssisələrində real tələbata əsaslanmadan artırılmış qəbul yeri azaldılıb. Onun sayı 15 667dən 11 267-ə enib".

Texnikumlarda ibtidai sinif müəllimliyinə qəbul dayandırılıb

Cəsarət Valehovun sözlərinə görə, orta ixtisas peşə təhsili məktəblərində ibtidai sinif və informatika müəllimliyi ixtisasları da qəbul planından çıxarılıb: "Çünki ali məktəblərin pedaqoji təhsil ixtisasları üçün daha geniş imkanlar var. Orta ixtisas peşə məktəblərində, yəni kolleclərdə qiyabi təhsil forması üçün plan yeri 4,1 dəfə azaldılıb".

Müəllimlərin biliyi yoxlanacaq

Tədbirdə Azərbaycanda müəllimlərinin biliyinin yoxlanması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirilib. Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, müəllimlərin attestasiyası və biliklərinin yoxlanması ilə bağlı müzakirələr aparılır : "Bu tədris ilinin sonunda yalnız Bakı şəhərində fəaliyyət göstərən müəllimlərin sınaq yoxlaması aparıla bilər. Bu yoxalmalar müəllimlərin iş prosesinə, gələcək fəaliyyətinə heç bir təsir göstərməyəcək. Sadəcə, sınaq onların biliklərini müəyyənləşdirmək üçündür".

Sevil HİLALQIZI


Müəllif: