26 Mart 2015 13:15

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində erməni silahlı birləşmələrinin tərkibində döyüşən daha bir erməni hərbçinin ölümü barədə xəbər yayılıb.

Trend xəbər verir ki, erməni hərbi mənbələrinin yaydığı məlumata görə, martın 19-da cəbhə xəttində baş vermiş atışma zamanı yaralanmış erməni silahlı birləşmələrinin hərbçisi, 1995-ci il təvəllüdlü Samvel Akopyan bu gün səhər saat 09:40-da Xankəndidəki hərbi hospitalda ölüb.

Xatırladaq ki, erməni tərəfi martın 19-da daha 3 hərbçinin öldüyü, 4 nəfərin isə yaralandığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb: “Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o, özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq”.


Müəllif: