2 May 2016 11:56
679

Ətrafı parafin və yaz çiçəklərinin qoxusu qarışıq rayihə bürüyüb. Kilsəyə yaxınlaşdıqca görünən insan seli, səs-küy, kilsə zəngi, şirniyyat satanın, çiçəklərinə müştəri haraylayanların var-gəl etməsi bayram ab-havasından xəbər verir.

Bir sözlə, “28 May” metrosu yaxınlığındakı rus-pravoslav kilsəsində qələbələlikdir. Çünki Bakıdakı provaslavların bir qismi bu gün mayın 1-də burada müqəddəs Pasxa bayramını qeyd edirlər. Kilsənin darvazasına çatanlar baş əyir, xaç çəkir, içəri daxil olub şam almaq üçün növbəyə dururlar.

Səhər açılandan kilsənin içərisində o qədər şam yandırılıb ki, havada ləngər vuran tüstünün arxasından insanlar görünməz olur.

“Budur, İsa gəldi. O, yaşayır. İsa Məsihin dünyaya gəlişi xüsusilə müqəddəs gündür. İnsanlar sevinirlər ki, Allah var və o bizə həyatda yaxşı insan olmağı öyrədir. İnsan cismən öləndən sonra da həyat davam edir”.
Keşiş bu sözləri oxuya-oxuya xristianların müqəddəs Pasxa bayramının xaç suyu mərasimini icra edir.

Keşiş Vladislav Ata mərasimi bitirdikdən sonra insanlara üz tutub İsa Peyğəmbərin çarmıxa çəkildikdən sonra yenidən dirildiyini müjdə verir. Bundan sonra kilsəyə gələnlərə xaç suyu paylanır. Hər kəs kilsəyə gətirdiyi yeməkləri, Pasxa şirniyyatını imkansızlara paylayır, bir qismini də xaç suyunda müqəddəsləşdirib evlərinə aparmağa hazırlaşır.

Bu, Azərbaycanın tolerant ölkə olduğundan xəbər verir”

Fürsət tapıb keşişdən bayramla bağlı təəssüratlarını öyrəndik.

Vladislav Ata hər şeydən əvvəl bayramı qeyd etmək üçün təhlükəsiz şərait yaratdığına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. O, səhər saatlarından etibarən kilsə ətrafında polis əməkdaşlarının xidmət göstərdiyini vurğulayaraq, bunun insanların asayişinin qorunması baxımından müsbət addım olduğunu dedi: “Əslində Pasxa provaslavların bayramıdır, amma burada təkcə provaslavlar deyil, katoliklər də var. Hətta müsəlmanlar da maraq üçün kilsəyə gəlir, bayram sevincini bizimlə bölüşürlər.

Bu isə Azərbaycanın həqiqətən də necə tolerant ölkə olduğundan xəbər verir. Odur ki, mən təkcə provaslavları deyil, bayramı sevən, bölüşməyi bacaran hər kəsi təbrik edirəm".

Ziyarətçilər elə bayram sevincini bölüşmək üçün kilsəyə yığışdıqarını deyirlər. Söhbətləşdiyimiz provaslavlar bildirirlər ki, belə olmasaydı Pasxa digər bayramlar kimi evdə qeyd olunardı.

Novruzun paxlavası, Pasxanın kuliçi

Milli bayramımız Novruz kimi Pasxanın da özünəməxsus ayinləri, qaydaları, biş-düşü var; Novruzun şəkərburası, paxlavası, qoğalı, Pasxanın da kuliçi var... Hər iki bayramın isə boyanmış yumurta ənənəsindən söz açmaq olar.

Azərbaycanda yaşayan malakanlar Pasxanı dini təriqətlərinə uyğun qeyd edirlər. Malakan təriqətinə mənsub həmsöhbətimiz Lola deyir ki, süfrədə mütləq rənglənmiş yumurta olmalıdır. Bayramın rəmzi şirniyyatı sayılan kuliç isə bişiriləndən sonra kilsəyə aparılır, ona dualı su səpilir və evə qaytarılır.

“Şirniyyatı dadan şər qüvvələrdən uzaq olur”

Kuliçin sirrinə gəlincə, Lola bu şirniyyatı dadanın şər qüvvələrdən, pis ruhlardan uzaq olduğunu bildirir.

Yeri gəlmişkən, kilsənin həyətində kuliçin bir dənəsi ölçüsündən asılı olaraq 1 manat 50 qəpik-3 manat 50 qəpik arasında idi. Bu ərəfə qiyməti 2-5 manat olmaqla şirniyyat mağazalarında da kuliç satılıır.

Həmsöhbət olduğumuz provaslavlardan Pasxanın xüsusiyyətlərini soruşduq. Öyrəndik ki, əslində Pasxa “Maslinitsa” bayramı - xristianların qış bitəndə qeyd etdikləri törənlə start götürür. Həmin gün milli yeməkləri olan blinı bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndən sonra Pasxa bayramı qeyd edilir. Bayram 7 gün çəkir.

“Pasxa bitsəydi, havalar düzələrdi”

Adətə görə, bayram həftəsinin “çistıy çetverq” (“pak cümə axşamı”) adlanan 4-cü gününə qədər evlərdə, həyətlərdə təmizlik işləri sona çatdırılır və həftənin sonuncu günü - “svetloye voskreseniye” (“müqəddəs bazar”) adlanan gün bayram başlayır.

Bu bayramda ən əsası kuliç olmaqla müxtəlif şirniyyatlar bişirilir, yumurta boyanır.

Pasxa bayramının vaxtı sabit deyil. Hər il eyni gündə qeyd edilmir.

Azərbaycanda Pasxa dedikdə ilk ağla gələn “bu bayram bitsəydi, havalar düzələrdi” fikri olur. Bizim meteoroloji yanaşmamızdan fərqli olaraq pravoslavlar bu bayramın bölüşmək, dua etmək üçün fürsət olduğunu deyirlər. Amma onlar arasında da bizim kimi düşünənlər az deyil. Bu da təsadüfi deyil. Çünki provaslavlar Pasxadan sonra hava nə qədər dəyişkən olsa da, kəskin soyuq müşahidə olunmayacağına inanırlar...

Amma xristianlar üçün Pasxa bayramının xüsusi əhəmiyyəti İsa Məsihin çarmıxdan azad olunması gününü qeyd etməkdir.

İsa Məsihin çarmıxdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini bir daha artırır.

Naibə QURBANOVA


Müəllif: