20 İyul 2016 21:01
5 527

Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Əlizamin Abıyev və onun dostu Emin Allahverənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əlizamin Abıyev tanışları Emin Allahverənov və şəxsiyyəti istintaq məlum olmayan Səbinə adlı şəxslə cinayət əlaqəsinə girib. Onlar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılaşıblar.

İnternetdə tanışlıq

Bu məqsədlə 27 may 2014-cü il tarixdə fahişəliklə məşğul olan Səbinə adlı qadın “Odnoklassnik”də Göyçay rayon sakini Ramil İsmayılovla tanış olub. Dəstə üzvləri Ramil İsmayılovu videolentə alaraq şantaj etmələri barədə razılığa gəliblər.

Gizli çəkiliş

Bununla bağlı Səbinə Ramil İsmayılovla 60 manat pul müqabilində öz mənzilində cinsi əlaqədə olması barədə razılaşıb. Səbinə iyunun 10-da həmin mənzildə Ramil İsmayılovla cinsi əlaqədə olma prosesini kompyuterinin video kamerası vasitəsi ilə gizli şəkildə çəkib.

Şantaj

Video çəkilişlə müşayiət olunan cinsi əlaqə prosesi başa çatdıqdan sonra Emin Allahverənov qeyd edilən mənzilə daxil olub və Səbinə adlı qadınla birlikdə Ramil İsmayılova haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli bu görüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yaymaq barədə hədə qorxu gəliblər. Onlar Ramil İsmayılovdan 500 manat tələb ediblər.

İyunun 26-da Əlizamin Abıyev və Emin Allahverənov pulu almaq məqsədi ilə Ramil İsmayılovun işlədiyi Səbail rayonu, Bibiheybət yolu, 68 ünvanında yerləşən yağdəyişmə sexinə gəliblər. Orada dəstə üzvləri Ramil İsmayılovdan vəd etdiyi 500 manatı vermədiyi üçün haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli bu görüntüləri yayma hədəsi ilə daha 600 manat verməsini tələb ediblər.

Şantaj etdilər və həbs edildilər

Onlar Ramil İsmayılovdan tələb etdikləri həmin məbləğdən 20 manatı alıblar. Ramil İsmayılov qalan pulu da verəcəyinə dair söz verib. Bu barədə Ramil İsmayılov iyulun 3-də Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Emin Allahverənov tanışı Əlizamin Abıyev ilə birlikdə zərərçəkmişdən tələb etdikləri 600 manatın 200 manatını yaşdəyişmə sexində olarkən yaxalanıblar.

Cəza

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlizamin Abıyev 7 il, Emin Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini və ədalətli hökm çıxarılmasını istəyiblər. Onların şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası tərəflərin şikayətlərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: