26 Aprel 2017 14:41
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün günün birinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Natiq Hümbətov sualları cavablandırıb.

Sonra zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə keçmiş MTN əməkdaşı Rövşən Əzimov şahid qismində ifadə verib. O, bildirib ki, Qədim Ədilovu MTN-ə dəvət ediblər və Akif Çovdarovun qəbuluna aparıblar: "Orada onunla qısa söhbət aparıldı və sərbəst buraxıldı. Ona heç bir təzyiq edilmədi".

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif: