24 Aprel 2014 10:54
568

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 37 yaşlı Şahin Bağırovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şahin Bağırov idman vəsaiti – qantellə 28 yaşlı həyat yoldaşının başından vurub. Qadın elə yerində keçinib. Bir ay əvvəl Şahin Bağırov həyat yoldaşı ilə məhkəmə yolu ilə ayrılıb.
Onların birgə nikahlarından üç övladları olub. Boşanmaya baxmayaraq, onlar birlikdə yaşamağa davam ediblər. Məhkəmə keçmiş ər-arvadın əmlakını bölməyib. Məhz əmlak zəminində Şahin Bağırov və keçmiş həyat yoldaşı tez-tez mübahisə edirlərmiş. Hadisə baş verən günü onlar yenə də evə görə mübahisə ediblər.

Məhkəmədə ifadə verən Şahin Bağırov deyib ki, qadın onun var-dövlətindən çox şeyə iddia edirmiş:
“Buna görə də dözmədim, qantellə keçmiş arvadımın başından vurdum. Törətdiyim əməlimdən peşmanam”.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Şahin Bağırova hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Bağırov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: