22 İyun 2017 13:53
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kontakt" və "Avrolüks" şirkətlərindən oğurluq etməkdə təqsirləndirilən Saleh Mehdiyev, Tərlan Əhmədağazadə və İntiqam Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər "Kontakt" və "Avrolüks" marketlər şəbəkələrinin anbarından 12 kondisioner, 1 tozsoran və 1 kombi oğurlayıblar.

Bundan başqa, Tərlan Əhmədağazadə "Xəzər İnşaat" şirkətinə məxsus anbardan 71 168 manat dəyərində 53 kondisioner, 5 tozsoran, 21 ədəd kombi aparatı və digər əşyaları oğurlayıb. O həmin şirkətdə anbarda fəhlə işləyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunurlar.

Təqsirləndirilən Tərlan Əhmədağazadə ifadə verib. Bildirib ki, həmin şirkətlərdə işlədiyi üçün anbarların giriş-çıxışını bilib: "Borcum var idi. Ona görə oğurluq elədim. Orada fəhlə işləyirdim. Ayda üç yüz manat maaş verirdilər, ancaq maaşı aylarla gecikdirirdilər".

Digər təqsirləndirilən Saleh Mehdiyev bildirib ki, İntiqam Quliyevə birlikdə anbardan oğurluq edib:"İki kondisioner, iki tozsoran oğurladıq. Kondisionerləri 500 manata satdıq, pulu böldük. Ehtiyacımız var idi".

Növbəti proses iyulun 3-də davam edəcək.


Müəllif: Hacı Zeynalov