11 Oktyabr 16:08

Mənimsəmə və digər cinayətlərdə ittiham olunan bank əməkdaşı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Qoca Abbasov ifadə verib.

O, bildirib ki, paytaxtda adına olan bağ torpaq sahəsini banka girov qoymaqla kredit götürülüb. Onun sözlərinə görə, krediti iş adamı Fuad Musayev götürüb və şirkətlər vasitəsi ilə biznesə sərf olunub.

Qoca Abbasov qeyd edib ki, 2008-ci ildə kredit götürüldükdən 6 ay sonra bankdan ona zəng edilib: “Zəng edən bildirdi ki, kreditin ödənilməsində gecikmə var. Mən də bununla bağlı Fuadla əlaqə saxladım. Sonradan Fuad mənə dedi ki, ödəniş olub, bağ torpağını girovluqdan götürmək barədə bankdan arayış al. Mən də banka gedərək, kreditini ödənilməsi ilə bağlı arayış aldım”.

Şahidin sözlərinə görə, bir müddət sonra bankın filial müdiri dəyişdirilib: “Bundan sonra banka kreditin ödənilməməsi barədə mənə yenə də zəng olundu. Fuad Musayev, Rəfael Ağayev və digərlərinin əməlləri barədə karrupsiya idarəsinə şikayət etdim”.

Qoca Abbasov qeyd edib ki, krediti götürən zaman bankda sənədlərə özü imza edib: “Kredit götürən zaman İlham Qasımovun qəbulunda da oldum. Sənədləşmə işi hazır olandan sonra pulları götürdük. Hazırda adıma olan bütün kredit borcları tamamilə ödənilib”.

İlham Qasımov qeyd edib ki, şahid ifadəsində yanlışlığa yol verir: “Mən kredit verən deyiləm. Mən orada bankda filial müdiri olmuşam. Müştərilərdi şəxsən qəbul etmirdim. Sənədləri kredit verən məsul şəxs sənədləşdirirdi. Sənədlər qaydasında olandan sonra onları imzalayırdım. Bundan sonra kreditin götürülməsi mümkün olurdu”.

İlham Qasımov bildirib ki, işdə adları hallanan Fuad Musayev, Rəfail Əliyev və digər şəxslər Gəncə və ətraf rayonlarda valyuta mübadiləsi (exchange) biznesi ilə məşğul olublar: “Onlar sonradan bu bizneslərini daha geniş inkişaf etdirməyə başladılar. Bizneslərini Bakı şəhərində işkişaf etdirmək üçün bankdan ayrı-ayrı adamların adına pul götürüblər”.

Dövlət ittihamçısı vəsatət verərək işdə adı keçən Fuad Musayev və Rəfael Əliyevin şahid qismində dindirilməsini istəyib. Hakim bildirib ki, hər iki şəxs məhkum olunub və 10 saylı cəza çəkmə müəsisəssində cəza çəkirlər. Hakim qeyd edib ki, onların məhkəmədə dindirilməsi üçün “etap” olunmalıdırlar.

Növəti proses oktyabrın 18-də davam edəcək.

İttihama görə, İlham Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İlham Qasımov iş adamları Fuad Musayev, Rəfail Əliyev və Bəxtiyar adlı şəxslərin vasitəsi ilə paytaxtda ayrı-ayrı vətəndaşların adına kredit verib.

İlham Qasımov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, cinayət işində adı keçən iş adamları Fuad Musayev, Rəfail Əliyev və Bəxtiyar adlı şəxs bir neçə il əvvəl mühakimə olunublar. Hazırda onlar cəza çəkmə müəssisəsində cəza çəkirlər.


Müəllif: Hacı Zeynalov