16 Noyabr 2017 16:31
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə zərərçıkmiş Aki Qurbanovun apelyasiya şikayətindən imtina etdiyi məlum olub.

Digər zərərçıkmiş Hüseyn Səfərov 2 milyon dollar pulunun qaytarılmasının istəyib.

***

Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, bu hadisələrdən sonra pis vəziyyətə düşüb, üç övladının evləri banklar tərəfindən müsadirə edilib: "Mən özüm də evimi satmışam, yaşamağa yerim yoxdur. Bu işlərlə bağlı Mövlan Şıxəliyevdən (MTN-nin baş istintaq idarəsinin sabiq rəisi-red.) prokurorluğa şikayət etmişəm. Prokurorluqda dindirilmişəm, amma heç bir tədbir görülməyib. Bu gün evsiz qalmışam, qeydiyyatım "JEK" müdirinin evinədir".

Zərərçəkmiş qeyd edib ki, mülki iddiası təmin olunandan sonra Vüsal Ələkbərova bəraət verilməsinə etiraz etməz: "Onun cəzası ilə bağlı şikayətim yoxdur. Allah qapısını açsın. Mənim pulumu Mövlan Şıxəliyev alıb. Həmin vaxt mən həbsdə idim. 18 yaşı tamam olmayan oğlum pulu gətirib, Vüsal Ələkbərov pulu götürərək Mövlan Şıxəliyevi otağına aparıb".

Hüseyn Səfərov deyib ki, həmin hadisələr cərəyan edən zaman Kapitalbank ASC-nin Tərəqqi fililının müdiri vəzifəsində olub. Qeyd edib ki, onun əsas işi Mövlan Şıxəliyevlə bağlıdır: "Mənim pulumu Mövlana verilib. Buna görə də ondan şikayətçiyəm".

Daha sonra çıxış edən zərərçəkmiş Müsənnif Salahov deyib ki, Texnikabank ASC-nin Sumqayət filialının müdiri işləyəndə MTN-ə çağırılıb və 600 min manatını alıblar. O, mülki ididiasının təmin olunmasını istəyib.
Zərərçəkmiş həmçinin apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını tələb edib. Hakim vəsatəti təmin etməyib.

Hər iki zərərçəkmiş çıxışlarında Vüsal Ələkbərovun apelyasiya şikayəti ilə bağlı hissədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə veriblər.

Növbəti proses noyabrın 30-da davam edəcək.

Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmdən belə görünür ki, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Məhkəmə belə nəticəyə gəlib ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər Akif Qurbanovdan hədə-qorxu yolu ilə pul alıblar.

Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Cinayət işində adı keçən zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.


Müəllif: Hacı Zeynalov