7 Dekabr 17:21
2 974

16:55

Bakıda bacı-qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə qətldə təqsirləndirilən Azər Cəfərovun barəsində təyin edilən psixiatrik ekspertizanın rəyi məlum olub.

Rəydə göstərilib ki, Azər Cəfərov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqı tamamalnanıb və çıxış edən prokuror Azər Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin gənc olmasının nəzərə alınmasını xahiş edib. Son söz üçün çıxış etməli olan Azər Cəfərov heç bir sözünün olmadığını bildirib.

Məhkəmə müşavirəyə yollanıb, yaxın vaxtda hökm elan ediləcək.

***

Müşavirədən qayıdan hakimlər Azər Cəfərovun barəsində hökmü açıqlayıb. Hökmə əsasən, Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Azər Cəfərov ifadəsi zamanı əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu, daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib.

Amma həmin evə gələn zaman Azər Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb.

Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb. Azər Cəfərov bu zaman qətl hadisəsini törədib. O, Fəridəni qətlə yetirib, Lətifəni isə yaralayıb.

Azər Cəfərov hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Qeyd edək ki, qətlə yetirilənlər 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

Azər Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov